Logo

AzMİU tələbələri İstanbul Texniki Universitetində beynəlxalq müsabiqədə iştirak ediblər

24.12.2024 15:05 70 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri Türkiyənin İstanbul Texniki Universitetində (İTÜ) təşkil olunan “Design Together with BIM” adlı beynəlxalq yarışda iştirak ediblər.

AzMİU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, komandaya Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadə və TEC sədri Günel İmamquliyeva rəhbərlik ediblər.

Yarışda AzMİU-nun İnşaat fakültəsindən 6, Memarlıq fakültəsindən 5, Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsindən 5 tələbə olmaqla, ümumilikdə 16 tələbə iştirak edib. Komandalar 5 fərqli qrupla müsabiqəyə qatılıblar. Yarışda AzMİU ilə yanaşı, Rusiya, Albaniya və İranın universitetlərindən komandalar iştirak ediblər. Dörd gün davam edən yarışda tələbələr BIM (Building Information Modeling) sistemi üzrə nəzəri və praktiki biliklərə yiyələnib, dizayn tapşırıqları yerinə yetirib, texniki səfərlərdə iştirak ediblər. Təcrübəli təlimçilər tərəfindən Revit Architecture, Naviswork və Dynamo proqramları üzrə dərslər təşkil olunub. Yarışın nəticələrinə görə AzMİU tələbələri II yeri tutublar.

Növbəti mərhələdə tələbələrə layihələr təqdim edilib və həmin layihələrin qiymətləndirilməsi 2025-ci ilin mart ayında İTÜ-də keçiriləcək konvensiyada jürilər tərəfindən həyata keçiriləcək.

Bundan əlavə, səfər çərçivəsində AzMİU-nun nümayəndələri İTÜ-nün İnşaat və Memarlıq fakültələrinin laboratoriyaları ilə tanış olublar.

Səfər AzMİU tələbələrinin beynəlxalq səviyyədə təmsil olunması və BIM sistemləri üzrə biliklərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Xəbər lenti