Dekabrın 24-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) “Keyfiyyətli Təhsil – Müasir Çağırışlar” mövzusunda forum keçirilib. Forumda Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, şöbənin baş mütəxəssisləri Nazpəri Abdurahmanova və Könül Abdullayeva və mütəxəssisi Qərənfil Məmmədzadə təmsil ediblər.
Forumun məqsədi təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, tələbəyönümlü yanaşmaların tətbiqi və məlumat əsaslı qərarvermə vasitəsilə keyfiyyət mədəniyyətinin inkişaf etdirilməsi olub.
Forumun açılışında çıxış edən BANM rektoru Elmar Qasımovun və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatların əhəmiyyəti vurğulayıb və forumun məqsədləri barədə iştirakçılara məlumat veriblər.
Sonra panel müzakirədə TKTA-nın idarə heyətinin sədri Tural Əhmədov, agentliyin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev və Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov ali təhsil keyfiyyət təminatı sahəsində yeni strategiyaları haqqında fikirlərini bölüşüb və tədbir iştirakçılarının suallarını cavablandırıb. Forumun davamında “Məlumat-əsaslı qərarvermə yolu ilə keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Tələbəyönümlü yanaşma və effektiv təlim nəticələri” adlı mövzular üzrə paralel sessiyalarda təqdimatlar keçirilib, həmçinin praktiki tapşırıqlar və qrup müzakirələri təşkil olunub.