“Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə söylədiyi fikirlər sülhə və ədalətə dair bir yol xəritəsi kimi qiymətləndirilməlidir. Basarkeçər rayonundan olan bir ziyalı kimi bu bəyanatın dünya ictimaiyyətini dərindən düşünməyə vadar edəcək mühüm bir çağırış olduğuna inamla baxıram”.
Bu fikirləri TƏHSİL.BİZ-ə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan ziyalı Aqşin Kərimov deyib. O bildirib ki, Prezident İlham Əliyevin şəxsi liderliyi altında Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qaydada doğma torpaqlarına qayıtmasına dəstək göstərilməsi ədalət prinsiplərinin ön plana çıxarılması baxımından misilsizdir. Bu yanaşma tarixi ədalətsizliklərin bərpası üçün zəmin yaratmaqla yanaşı, həm də dünya üçün humanizm və insan haqlarına dair örnəkdir.
Onun sözlərinə görə, Ermənistanın Qərbi azərbaycanlılara qarşı törətdiyi deportasiya və kütləvi zülmlər, tarixin qaranlıq səhifələrində qala bilməz. Bu hadisələrin inkar edilməsi, sülh və dialoq üzərindən gələcək qurmaq üçün təməl prinsiplərə ziddir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın üzr istəməsi, tarixi ədalətsizlikləri tanıması və Qərbi azərbaycanlıların evlərinə qayıtmasına şərait yaratması vacibdir.
“Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması təkcə bir xalqın deyil, bütün bəşəriyyətin tarixə olan borcudur. Bu prosesin uğurla həyata keçirilməsi, Azərbaycan Prezidentinin möhkəm liderliyi, beynəlxalq ictimaiyyətin dəstəyi və sülhə olan ülvi inancımızın sayəsində mümkün olacaq. Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu yolda yeni tarix yazmaq üzrəyik.
Qeyd etmək istərdim ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır. Prezident İlham Əliyevin liderliyi altında bu dönüm nöqtəsinin gerçəkləşəcəyini böyük inamla gözləyirik”, - deyə alim fikrini yekunlaşdırıb.