Logo

Universitetlərdə imtahanlar individual yanaşma əsasında keçirilməlidir

09.01.2025 15:32 60 baxış
IMG

“Ali məktəblərdə hər bir fənn üzrə individual yanaşma əsasında imtahan sistemi qurulmalıdır. Ölkəmizdə universitetlərdə imtahan prosesi müxtəlif formalarda yazılı, şifahi və hibrid şəklində keçirilir. Düşünürəm ki, bir çox imtahanlar həm şifahi, həm yazılı hissəyə bölünə, aralıq imtahanlar formasında təşkil oluna bilər. Beynəlxalq təcrübədə belədir ki, tələbə bütün semestr boyu keçdiyi fənlər üzrə sessiyanın sonunda imtahan vermir. Onlar üçün müəyyən vaxt aralıqlarında da imtahanlar keçirilir”.

Bunu TƏHSİL.BİZ -ə Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH mərkəzinin akademik məsləhətçisi, təhsil üzrə ekspert Əlmusa Atamaliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda çox az sayda universitetdə imtahan prosesi aralıq imtahan formasında təşkil olunur. Əksər universitetlərdə isə bunlar hər ay sonunda kollokvium formasında aparılır: “Qeyd edim ki, imtahan prosesinin təşkili qaydaları hər bir universitetin nizamnaməsi əsasında müəyyən edilir. Məlum olduğu kimi, hazırda qış imtahanı sesssiyasıdır və bütün universitetlərdə imtahanlara yanvarın 6-dan start verilib və bu, fevralın 2-ə kimi davam edəcək. İmtahanlar yazılı, şifahi, hibrid formalarında təşkil olunur. Buna nəzərən imtahan qərargah mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə imtahan işlərinin kodlaşdırılması prosesi aparılır. Belə ki, hər bir fənn üzrə imtahan günləri müəyyən edilir və tələbələrə bu barədə əvvəlcədən məlumat verilir. Tələbələr də həmin vaxtda imtahanda olurlar. Bütün universitetlərdə bu prosedur belə təşkil olunur. İmtahan prosesində koordinator, imtahan nəzarətçisi imtahanın gedişatına, qaydalara nəzarət edir. İmtahan bitdikdən sonra həmin işlər yoxlamaq üçün müəllimlərə kodlanmış şəkildə verilir”.

Ə.Atamaliyevin fikrincə, universitetlərdə keçirilən imtahanların şəffaflığı yüksək səviyyədədir: “Müəllim hansı tələbənin imtahan işini yoxlamasından məlumatsız olur. Belə ki, çarpaz yoxlama sistemi təşkil olunur və bir imtahan işini bir neçə müəllim yoxlayır. Həmin müəllimlərin yazdığı qiymətlərin ədədi ortası götürülür. Əgər tələbələr imtahanın nəticəsindən narazıdırsa, universitetlərdə apellyasiya qərargahları yaradılır. Universitetlərin saytında qərargahların linki olur. Tələbənin hansı fənn ilə bağlı şikayəti varsa, saytdan həmin linkə daxil olaraq müraciət formasını doldurur və sonra universitetdə həmin tələbə üçün apellyasiya təşkil olunur”. 

Xəbər lenti