Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayonun ümumtəhsil məktəblərində "Aİ texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" layihəsi çərçivəsində müəllimlər üçün əyani təlimlər keçirilib.
Layihə rəhbəri, Nəcəfqulubəyli kənd tam orta məktəbin direktoru Vüsalə Əliyeva TƏHSİL.BİZ -ə bildirib ki, əsas məqsəd süni intellektin tədrisə inteqrasiyası ilə bağlı müəllimlərin biliklərini artırmaq, ChatGPT texnologiyasının tədrisdə istifadəsinə dair praktiki təlimlər təşkil etmək, onlara etik və məsuliyyətli istifadə qaydalarını öyrətməkdir.
V. Əliyeva həmçinin təlimlərin sonunda iştirakçılara onlayn sertifikatların təqdim olunacağını qeyd edib.
Layihə çərçivəsində müəllimlərin ehtiyaclarının qiymətləndirilməsi aparılıb və əldə edilən məlumatlar əsasında xüsusi təlim proqramı hazırlanıb.
Təlimlər “Süni İntellektə giriş. SU Platformaları”, “Prompt mühəndisliyi. Əsas Texnikalar”, “Prompt mühəndisliyi davamı. Chatbot yaradılması” mövzuları üzrə təşkil edilib.
Məlumat üçün bildirək ki, layihə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olub.