Məlum olduğu kimi, Qarabağ Universiteti təsis olunandan bəri ali təhsil müəssisəsində ilk imtahan sessiyası təşkil olunur.
Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, Qarabağ Universitetində tədris prosesinin qiymətləndirilməsi məqsədilə keçirilən imtahanların daha şəffaf, adekvat və effektiv olması məqsədilə müvafiq qaydalar tətbiq edilməkdədir. Bu qaydalar tələbələrin bilik və bacarıqlarını müxtəlif qiymətləndirmə formaları vasitəsilə əhatəli şəkildə təyin etmək üçün nəzərdə tutulub.
Qaydalara əsasən, universitetdə yekun (semestr) imtahanları müxtəlif formalarda keçirilir. Belə ki, imtahanlarda yazılı, şifahi, test, təqdimat (layihə), praktiki və qarışıq qiymətləndirmə üsullarından istifadə edilir. Qiymətləndirmə metodları tələbələrin nəzəri bilikləri ilə yanaşı, analitik düşüncə, yaradıcılıq və praktiki bacarıqlarını da əhatə edir. Bu metodlar tələbələrin düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
İmtahan sualları “Bloom” taksonomiyasına uyğun hazırlanır ki, bu da tələbələrin həm yaddaş, həm də analitik bacarıqlarını qiymətləndirmək üçün şərait yaradır. Taksonomiya əsasında sualların müxtəlif səviyyələri müəyyənləşdirilir: yaddasaxlama, anlama, tətbiqetmə, təhliletmə, qiymətləndirmə və yaratma. Bu yanaşma imtahanların daha balanslı və adekvat keçirilməsini təmin edir.
“Universitetin tədris prosesində tətbiq etdiyi qaydalar tələbələrin daha yüksək səviyyədə təhsil almasına və onların həm nəzəri, həm də praktiki biliklərini ən yaxşı şəkildə nümayiş etdirməsinə yönəlib. Sözügedən qiymətləndirmə formaları və qaydalar təhsil sahəsində beynəlxalq standartlara uyğunluğu təmin etməklə yanaşı, tələbələrin fərdi inkişafını da dəstəkləyir. Hesab edirik ki, bu qaydalar tələbələrin təlim-tədris prosesinin keyfiyyətini artıraraq onların akademik uğurlarına müsbət təsir göstərəcək”, - deyə Qarabağ Universitetinin məlumatında qeyd olunub.