Logo

Ağıllı həyatın sirri: Eynşteynin düşüncə tərzi

07.01.2025 15:26 66 baxış
IMG

"Eynşteyn effekti" adlı kitabın müəllifi Benyamin Kohen dahi alim Albert Eynşteynin peşəkar həyatını, düşüncə tərzini və bunların müasir dünyaya təsirlərini aydınlaşdırmaq üçün onun məktublarını və sitatlarını araşdırır.

TƏHSİL.BİZ  xəbər verir ki, B.Kohen kitabında Albert Eynşteynin müdrikliyindən yola çıxaraq  "daha yaxşı bir yaşam üçün 10 əsas qayda"dan bəhs edib. Daha sonra "tapmaca prinsipi" ("puzzle principle") adlandırdığı bir qaydanın insanların özlərini daha ağıllı etmək üçün bir yol olduğunu düşünüb. Onun bu düşüncəsi amerikalı professor psixoloq Adam Qrant və digər müasir psixoloqlar tərəfindən də dəstəklənib.

Eynşteyn son dərəcə ağıllı bir insan idi. Bu səbəbdən onun özü və zəkası haqqında yüksək fikirdə olduğunu düşünmək mümkündür. Lakin araşdırmaçı Kohen qeyd edir ki, Eynşteyn inanılmaz dərəcədə təvazökar insan idi. Alim problemlərlə dərindən məşğul olmağa çalışır və hər zaman yanılma ehtimalı olduğunu nəzərdən qaçırmırdı.

Müəllif bu fikrini isbat etmək üçün Eynşteynin məşhur, lakin bəzən yanlış anlaşılan bir fikrini diqqətə çatdırır: "Təxəyyül bilikdən daha güclüdür". Burada alimin məqsədi yaradıcılığın təcrübədən üstün olduğunu söyləmək olmayıb. 

Problemləri düşünərkən əyləncəli, açıq və xəyal gücü yüksək olmaq onları həll etməyin açarıdır. Əvvəllər də Corc Fitzgerald, Ceyms Maksvell, Hendrik Lorens, Anri Puankare kimi dahi alimlər "işıq sürətinə yaxın hərəkət edən cisimlər" məsələsinə diqqət yetirsələr də, yalnız Eynşteynin unikal perspektivi onu xüsusi nisbilik nəzəriyyəsinə aparan bu problemi həll etdi. Digər alimlər bildiklərini düşündükləri nəzəriyyələr haqqında yanılma ehtimalları olacağını qəbul etmirdilər və nəticədə ilişib qalırdılar. Eynşteynin isə onlardan fərqli olaraq, belə düşüncələri yox idi. B. Kohen qeyd edir ki: " Eynşteyn həm həyat, həm də fiziki reallıq haqqında güclü inanclara sahib idi, lakin onun düşüncələrinin heç biri, hətta ən çox əmin olduqları da onun üçün bir hipotezdən daha müqəddəs deyildi".

"Tapmaca" prinsipi Eynşteynə fizikada inqilab etməyə kömək etdi. Bəs bu bizə gündəlik həyatımızda daha ağıllı olmağımıza kömək edə bilərmi? Bununla bağlı çoxlu sübutlar var.

Adam Qrant insanlara alim kimi düşünməyi və "tapmaca" prinsipindən tez-tez istifadə etməyi tövsiyə edir. "Təvazökarlığı qürurdan, marağı inamdan üstün tutun. Haqlı olmağınız üçün səbəbləri deyil, yanlış ola biləcəyinizə dair səbəbləri axtarın", - deyə məsləhət görür.

Müasir tədqiqatlar sübut edir ki, bu cür düşüncə tərzi insanı daha ağıllı və uğurlu edir. Son dövrlərdə Avropada aparılan araşdırmalar biznes qurmağa Eynşteynin metodu ilə hipotez yaratmaq və onu sınaq keçirmək kimi yanaşan sahibkarların digər şirkətlərdən xeyli yüksək gəlir əldə etdiyini göstərib.

Digər tədqiqatlar da göstərir ki, mürəkkəb problemlərə təvazökarlıqla yanaşmaq insanları daha çox motivasiya edir və onlara problemləri daha yaxşı başa düşməyə kömək edir.

Nəticə olaraq, problemləri sizin zəkanızı yoxlayan bir test kimi qəbul etmək yerinə, onları üzərində çalışılmalı tapmacalar kimi qəbul etmək zəkanızı daha yaxşı səviyyəyə gətirə bilər. Eynşteyn düz bir əsr əvvəl bunu kəşf etmişdi, bu gün də müasir psixologiya onun haqlı olduğunu sübut edib. 

Xəbər lenti