Logo

Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd qazanıb

09.01.2025 08:56 87 baxış
IMG

Beynəlxalq Kimya Olimpiadası üzrə qızıl medalçısı Ramil Babazadə Böyük Britaniyanın nüfuzlu Qlazqo Universitetində rəqəmsal kimya ixtisası üzrə doktorantura təhsili alacaq.

TƏHSİL.BİZ  xəbər verir ki, AzEdu.az-ın məlumatına əsasən illik 100 min manat dəyərində 4 il müddətində tam təqaüd qazanan gəncin təhsil haqqı xərcləri də bura daxildir.

Ramil Babazadənin təqdiqatı laboratoriyaların avtomatlaşdırılması çərçivəsində süni intellektin kimyaya tətbiqi istiqamətindədir. Məqsəd qabaqcıl avadanlıqlarla təchiz olunan və süni intellekt alqoritmləri tərəfindən idarə olunan eksperimental platform quraraq, verilmiş hədəfə nail olmaq üçün lazımi prosesləri insan müdaxiləsi olmadan icra etməkdir.Avtomat laboratoriyaların əsas təsiri tədqiqatın sürətləndirilməsidir ki, bu da yeni birləşmələrin və materialların hazırlanma yollarını ənənəvi metodlarla müqayisədə 10-1,000 dəfə daha sürətli tapmağa imkan verir. Bu sürətlənmə həm akademiyada, həm də sənayedə tədqiqat üçün tələb olunan vaxtın, xərclərin, resursların və tullantıların  əhəmiyyətli dərəcədə azalması deməkdir.

Ramil Babazadənin professoru Lee Cronin dünyanın ən böyük çoxsahəli kimya tədqiqat qruplarından birinə rəhbərlik edir. O, tədqiqatları üçün 35 milyon dollardan çox qrant cəlb edib, 350-dən çox elmi məqalə dərc etdirib. Onun son işləri Nature, Science və PNAS kimi nüfuzlu jurnallarda yer alıb. 2013-cü ildən "Kimya üzrə Regius Professoru" titulunu daşıyır. “Regius Professor" termini Böyük Britaniyada Kral tərəfindən təsis edilən xüsusi akademik titul deməkdir.. Bu, çox prestijli bir titul olub yalnız çox tanınmış və yüksək nailiyyətləri olan elm adamlarına verilir. Professor Cronin həmçinin Chemify şirkətinin təsisçisi və icraçı direktorudur. Professor Cronin və komandası süni həyat formaları yaratmağa, kimyanı rəqəmsallaşdırmağa, kimyəvi kompüterlər qurmağa çalışır.

Qeyd edək ki, Ramil Babazadə Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitunda bakalavr təhsili (2018-2022), kimya və komputer elmləri üzrə, yüksək qiymətlərlə və “cum laude” fərqlənməsi ilə bitirib.  Süni intellekt kimyası üzrə təqdiqat aparıb, nüfuzlu “Nature” jurnalında iki məqalə dərc etdirib.

Xatırladaq ki, Ramil Babazadə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb, bir neçə dəfə yerli və beynəlxalq olimpiadalarda medallar qazanıb.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20January%202025/2259703b-7ccc-437e-938f-49dc9259d5de_1000364539.jpg


 

Xəbər lenti