Martın 13-15-də Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndislik problemlərinin həllində idarəetmə və nəzarət” adlı beynəlxalq konfrans (International Conference on Management and Control in Solving Engineering Problems - MaCoSEP 2025) təşkil olunacaq.
Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib. BMU, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, IEEE, Türkiyənin Ege Universiteti, Ukraynanın Kibernetika İnstitutu və Macarıstanın Debrecen Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə elmi-tədqiqat müəssisələri, ali məktəblər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələr bir araya gələrək mühəndislik sahəsində mövcud elmi və praktiki problemləri müzakirə edəcəklər.
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları, Ukraynanın Kiyev Politexnik, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar institutlarının, həmçinin Türkiyənin Balıkesir, Özbəkistanın Qarşi, Yunanıstanın Thessaly universitetlərinin tərəfdaşlıq etdiyi tədbirdə dünyanın aparıcı alimlərinin iştirakı gözlənilir.
Konfransda iştirak üçün qeydiyyat, tezis və məqalələrin qəbulu yanvarın 20-də başlayacaq.