Hazırda “Peşə təmayüllü siniflər” layihəsi 249 məktəb, 419 sinif, 838 ixtisas qrupu, 7000-dən çox şagird və 1087 müəllim heyətini əhatə edir.
Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, layihə çərçivəsində 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür-pedikür, ofisiant-barista, foto-videoqraf, telefon təmiri ustası, “help desk” mütəxəssisi, qrafik dizayner və kompüter operatoru ixtisasları tədris edilir.
Layihənin tətbiqinə 2019-2020-ci tədris ilindən başlanılıb. Məqsəd ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.