Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Sessiya təsdiq olunmuş imtahan cədvəlinə əsasən bakalavriat səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada, magistratura səviyyəsində yazılı, test və şifahi formada keçirilir.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, sessiya müddətində bakalavriat səviyyəsində 404 fənn üzrə 9249 tələbə, magistratura səviyyəsində isə 263 fənn üzrə 1618 tələbə imtahan verəcək. Bakalavriat səviyyəsində keçirilən imtahanların 163-ü yazılı, 206-sı test, 35-i isə qabiliyyət tələb edən, magistratura səviyyəsində isə keçirilən imtahanlardan 60-ı test, 203-ü yazılı imtahanlardır.
İmtahanlarda tələbələrin davranışını izləmək və onların qaydalara riayət etməsini təmin etmək məqsədilə 25 zal nəzarətçisi prosesə cəlb olunub. Sessiyanın daha səmərəli keçirilməsi üçün ümumilikdə 10 auditoriyada imtahanlar təşkil edilib. Test üsulu ilə imtahan verən tələbələrə ümumilikdə 235 kompüterdən ibarət olmaqla 5 kompüter zalı, yazılı imtahanlara isə 5 xüsusi zal ayrılıb.
Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması işləri üzrə universitetin müəllim və əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə edilməsi üçün gənc müəllimlər və tədris-köməkçi heyətdən ibarət nəzarət qrupu yaradılıb. Bir sözlə, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb.
Üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şansı da yaradılıb. Onlar üzrlü səbəb haqqında əsaslandırılmış arayışlarını gətirməklə növbəti semestrin başlanğıcına qədər həmin fənn üzrə imtahan verə biləcəklər.
İmtahan prosesində yaranacaq narazılıqların araşdırılması və həlli məqsədilə Apellyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” də fəaliyyət göstərir. Həmçinin universitetin tədris binalarında müraciət və təklif qutuları yerləşdirilib. Hər sessiyada olduğu kimi, bu dəfə də imtahan prosesi universitet rəhbərliyi tərəfindən izlənilir və zəruri tapşırıqlar verilir.
Bundan əlavə, sessiya ərzində imtahanlarda şəffaflığı təmin etmək istiqamətində ictimaiyyətin iştirakını nəzərdə tutan “Açıq qapı” günləri də təşkil olunacaq. Bu günlərdə valideynlərin, deputatların, ictimaiyyət və media nümayəndələrinin imtahan sessiyasını müşahidə etməsinə şərait yaradılacaq.