Logo

Yaponiyanın İrandakı səfirliyinin əməkdaşı Ədəbiyyat Muzeyinin qonağı olub

06.01.2025 11:45 113 baxış
IMG

Yaponiyanın İrandakı səfirliyinin əməkdaşı Jun Oya AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub. O, əslən Cənubi Azərbaycandan olan həyat yoldaşı ilə birlikdə muzeyi ziyarət edib.

Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, fəaliyyəti və maraq dairəsinə görə fars ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri ilə maraqlanan qonağı ekspozisiya ilə muzeyin kiçik elmi işçisi Humay Qasımzadə tanış edib. Jun Oya, həmçinin Azərbaycan əlifbasının dəyişiklikləri ilə bağlı suallarına cavab alıb.

Ekspozisiyada ziyarətçinin diqqətini Təbriz xalçaçılarına məxsus “Dörd fəsil” adlı süjetli xalça və “Kitabi-Dədə Qorqud” dastanı əsasında rəssam Stanislav Şatikov tərəfindən hazırlanmış xəritə cəlb edib. Jun Oya Nizami Gəncəvi yaradıcılığını araşdırdığını və dünya səviyyəsində tanınan şairin sevildiyini qeyd edib. O, Azərbaycanda şairin adını daşıyan, onun yaradıcılığını, həmçinin Nizami dühasının işığında Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən muzeylə tanışlıqdan məmnun olub.

Sonda Jun Oyaya Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun müəllifi olduğu “Şirvan şairləri” və “Nizami muzeyinin xalçaları” adlı kitablar hədiyyə olunub. 

Xəbər lenti