Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə yeni dekan seçilib.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
Qeyd olunub ki, Loğman Abdullayev 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə ali təhsil alıb və iqtisadçı-riyaziyyatçı ixtisasına yiyələnib. 2005-ci ildə “İstehlak bazarı və onun tənzimlənməsi problemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb, 2012-ci ildə isə dosent elmi adına layiq görülüb.
2018-2023-cü illərdə Sumqayıt Dövlət Universitetində elmlər doktoru proqramı üzrə dissertant olub və “Azərbaycanda insan kapitalından istifadənin səmərəliliyinin artırılması istiqamətləri” mövzusunda tədqiqat aparıb.
Loğman Abdullayev beynəlxalq təcrübə proqramlarında iştirak edib. O, 2018-ci ildə Vyana Tətbiqi Elmlər Universitetində (Avstriya) və Valensiya Politexnik Universitetində (İspaniya) təlimlərdə və beynəlxalq konfranslarda iştirak edib, 2019-cu ildə Sankt-Peterburq Dövlət İqtisad Universitetində ixtisasartırma kursunu uğurla başa vurub. 2024-cü ilin oktyabr ayında London Maliyyə Menecerləri İnstitutunun (İCFM) təlimlərini uğurla keçərək beynəlxalq diplom əldə edib.
O, 2 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki göstəriş, 16 fənn proqramı, 68 məqalə və tezisin müəllifidir. Loğman Abdullayev həmçinin beynəlxalq sertifikatlara malikdir və maliyyə uçotu sahəsində təlimlər aparır.