Son illərdə dünyada sürətlə inkişaf edən və həyatımızın hər sahəsinə təsir göstərən ən mühüm texnoloji sahələrdən biri süni intellektdir. İnsan həyatını asanlaşdırmaq, iş dünyasında və gündəlik həyatda optimallaşdırmalar etmək, elmi tədqiqatlarda yeni perspektivlər açmaq kimi geniş imkanlar təqdim edən bu texnologiya təhsil sahəsində də əhəmiyyətli dəyişikliklərə səbəb olub, böyük inqilabi dəyişikliklərə yol açıb.
Bu prosesin inkişafının təhsil sahəsindəki əhəmiyyəti xüsusilə universitetlərdə özünü göstərir. Müasir dövrdə universitetlər gələcəyin liderlərini və mütəxəssislərini yetişdirmək üçün süni intellektin əsaslarını tədris etməyə başlayıblar. Universitetlərdə bu sahədə tədrisin keyfiyyəti tələbələrin gələcəkdə bu texnologiyanın inkişafında və tətbiqində necə rol alacaqlarını müəyyən edir.
TƏHSİL.BİZ -in ali təhsil müəssisələrimizdə süni intellekt fənlərinin tədrisi ilə bağlı yeni layihəsinin növbəti yazısında Azərbaycan Texniki Universitetinin bu qlobal trendə və çağırışlara necə cavab verdiyini öyrənməyə çalışdıq.
Universitetin Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müəllimi, Biotibbi Mühəndislik İnstitutunun tədqiqatçısı Cavid Abbaslı hazırda magistratura səviyyəsində “Kompüter elmləri” ixtisasının süni intellekt ixtisaslaşmasının tədris edildiyini bildirib. O, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisaslaşması üzrə doktorantura səviyyəsində təhsilalanların elmi işlərində ən müasir texnoloji əsaslı tədqiqat üsulları kimi süni intellekt üsullarının mühüm və aktual yer tutduğunu bildirib. Növbəti tədris ilindən etibarən bakalavr səviyyəsində “Data analitika” və “Proqram təminatı mühəndisliyi” ixtisasları üzrə qəbul həyata keçiriləcək. Bu da öz növbəsində süni intellekt texnologiyalarının elmi-tədqiqat və sənaye-praktiki əsaslı tədris dinamikasında yeni bir dövr açır.
Tədris müddətində tələbələrin süni intellekt sahəsində tədqiqat aparmaq imkanı haqqında danışan C.Abbaslı bildirir ki: “Bu və ya bu qəbildən olan tədqiqat işlərini həyata keçirmək üçün universitetimizdə uyğun şərait mövcuddur. Mühəndis riyaziyyatı və süni intellekt kafedrasında yeni istifadəyə verilmiş “AI Lab” adlı süni intellekt əsaslı eksperimentlərin aparıldığı laboratoriya buna misal ola bilər. Bu laboratoriyada müxtəlif texnoloji istiqamətli elm sahələrində qarşıya çıxmış problemlərin riyazi və kompüter modelləşməsi, onların həlli alqoritmlərinin proqram təminatı vasitəsi ilə realizəsi, proqram testlərinin aparılması, qurulan süni intellekt modellərinin optimallaşdırılması kimi məsələlərə baxılır. Daha sonra təmin olunan modellər TİKA tərəfindən qurulan "CEZERİ Lab" laboratoriyasında professional əməkdaşların dəstəyi və yüksəkkeyfiyyətli avadanlıqlarla bir sıra layihələrdə prototip hazırlayaraq yarışlarda sərgiləmək imkanı verir. Qeyd edim ki, “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında iştirak edən AzTU komandalarının layihələrinin prototiplərinin hazırlanması prosesində tələbələr laboratoriyadan aktiv şəkildə istifadə ediblər”.
AzTU-nun süni intellekt sahəsində tədris aparan müəllimlərin təkmilləşməsi və peşəkar inkişafı üçün universitetin hansı imkanlarının mövcud olduğu haqqında danışan müsahibimiz qeyd edib ki: “Mühəndis riyaziyyatı və süni intellekt kafedrasından “Süni intellekt üsulları”, ““Microsoft Azure”da süni intellekt”, “Süni neyron şəbəkələr” fənlərini tədris edən müəllimlər yalnız pedaqoji, elmi-tədqiqat fəaliyyətləri ilə yox, həm də paralel olaraq yerli və xarici sənaye obyektlərində, kommersiya sistemlərində çalışırlar. Professor-müəllim heyəti arasında “Google Cloud”, “AWS”, “Tensorflow” və “MIT QSL” kimi sertifikatları əldə etmiş əməkdaşlarımız var.
AzTU-nun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları arasında imzalanan memorandum əsasında professor-müəllim heyəti, gənc tədqiqatçı və doktorantlar arasında birgə görülmüş və cari görülən tədqiqat işlərini misal göstərə bilərik. Həmçinin məlumdur ki, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru Ramiz Alıquliyev 2020-2024-ci illərdə Stenford Universiteti tərəfindən hazırlanmış süni intellekt sahəsində dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına seçiliblər. Belə ki, bu memorandum əsasında süni intellekt sahəsində gənc kadrların hazırlanması əsas hədəflərdəndir. Həmçinin süni intellekt yönümlü elmi tədqiqat işləri beynəlxalq əməkdaşlıq çərçivəsində də davam etməkdədir. Beynəlxalq tədqiqat mərkəzləri olan “Belfast Queen University”, “Proges Engineering” və “GFO Kliniken” klinikası hazırda süni intellekt yönümlü aktiv elmi-tədqiqat əsaslı əməkdaşlıq etdiyimiz müəssisələrdəndir. Məsələn, AzTU-nun Biotibbi Mühəndislik İnstitutunda süni intellekt üsulları əsasında tibbi diaqnozların qoyulması, müalicə və xəstəlik proqnozlarının təyin edilməsi mövzuları ilə bağlı apardığımız sonuncu tədqiqat işlərində Almaniya və Türkiyədən olan həkim və tibb işçiləri ilə birgə əməkdaşlığımız olmuşdur. Hazırda növbəti tədqiqat mövzuları ilə bağlı danışıqlar aparılır”.
Məlumdur ki, universitetlərin məqsədlərindən biri təhsilalanları gələcəkdə əmək bazarında layiqli yer tuta bilmələri üçün hazırlamaq və yeri gəldikdə onların işlə təmin olunmasına şərait yaratmaqdır. AzTU bu istiqamətdə də müvafiq addımlar ataraq müdafiə prosesində seçilən magistrantları aktual elmi problemlərin həlli üçün işə cəlb edir. Hətta karyerasını xarici ölkələrdə quran ötən illərin məzunları arasından “Maşın öyrənməsi mühəndisliyi”, “Proqram təminatı mühəndisliyi”, “Data analitika” ixtisasında qazandığı təcrübələri universitetlə mütəmadi bölüşənlər də var.
Cavid Abbaslı süni intellektlə bağlı tədris olunan fənlərin məzmununun aktuallığı ilə bağlı danışarkən bildirib ki: “Süni intellekt elə bir sahədir ki, bu sahənin inkişaf sürətinə demək olar ki, çatmaq olmur. Lakin texnologiyanın inkişafı onun nəzəri əsaslarında köklü dəyişikliklərin olmasına dəlalət vermir. Tətbiqi riyaziyyat, proqramlaşdırma dilləri, paralel və paylanan hesablamalar, o cümlədən dəyərli alim Lütfizadədən bizə miras qalan qeyri-səlis nəzəriyyə bu sahənin özülünü təşkil edir. Lakin bəzən texnoloji yeniliklər həm elmi əsaslı, həm də sənaye əhəmiyyətli dəyişiklərin olunmasına zərurət yaradır. Bu isə öz növbəsində həm də həmin ənənəvi nəzəriyyələrin tədrisi prosesinə yeni pedaqoji yanaşmalar gətirir. Bu əsasdan tədris proqramlarındakı mövzulara hər yeni tədris ili üçün mövcud, aktual texnoloji yenilikləri nəzərə almaq öncəliyimizdir.
Yeni texnologiyaların inkişafı özü ilə birgə cəmiyyət və elm üçün müsbət və mənfi amilləri də doğurur. Xüsusilə də süni intellekt kimi sürətlə inkişaf edən bu texnologiyanın müsbət təsirləri mənfi təsirlərini gözardı edir. Düşünürəm ki, elm dünyası bu mənfi təsirlərin aşkar olunması, aradan qaldırılması, cəmiyyətin bu təsirlərdən xəbərdar edilməsi mövzuları üzrə addımlar atmalıdır. Bu minvalla süni intellektin etik məsələlərinin tədris proqramlarında daha çox yer verilməsini düşünürük. Həmçinin tədris proqramlarında süni intellektin riyazi və proqramlaşdırma əsaslarının hibrid öyrənilməsi, klassik və metaevristik alqoritmlərin müqayisəli təhlili kimi mövzuların metodiki yanaşmaları üzərində işləyirik”.