Logo

UNEC Elmin inkişafı ilə bağlı təşəbbüslər irəli sürüb

21.02.2025 10:19 98 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) reallaşdırdığı “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri çərçivəsində növbəti görüşlər Gəncə şəhərində olub.

TƏHSİL.BİZ xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov, akademik Nizami Cəfərov, elm və innovasiyalar üzrə prorektor, professor Rövnəq Rzayev, “İqtisadiyyat” kafedrasının dosenti Azər Mehtiyev Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), eləcə də Gəncə şəhərindəki 27 nömrəli Fizika, riyaziyyat və informatika təmayüllü liseydə və 11 nömrəli tam orta məktəbdə görüşlər keçiriblər.

İlk görüş orta məktəblərdə olub. Görüşdə rektor Ədalət Muradov layihənin məqsədinin uşaqlarda erkən yaşlarından elmə maraq oyatmaq, elmin gözəlliyi, əhəmiyyəti barədə onları məlumatlandırmaq olduğunu bildirib. O, təşəbbüsün şagirdləri elmə həvəsləndirməklə yanaşı, onlara elmin müxtəlif sahələri ilə tanış olmaq və həmin sahələr üzrə karyera imkanları haqqında geniş məlumat əldə etmək üçün böyük fürsət yaratdığını vurğulayıb.

Sonra Misir Mərdanov və Nizami Cəfərov elmin cəmiyyətdəki rolunu şagirdlərə maraqlı formatda təqdim ediblər. Alimlər elmin inkişafı və təhsilin gücləndirilməsi istiqamətindəki ideyalarını şagirdlərə açıqlayaraq, onları daha çox bilik öyrənməyə və gələcəkdə elm sahələrində uğurlu karyeralar qurmağa təşviq ediblər.

Görüşdə Misir Mərdanov bir neçə təşəbbüslə çıxış edib. O, şagirdlərin elmi istedadlarını erkən yaşlardan aşkarlayıb, onların həmin sahədə potensiallarını inkişaf etdirmək məqsədilə elmi institutların dəstək göstərməsini təklif edib. M.Mərdanov bu yanaşmanın gələcəkdə elmi və texnoloji sahələrdə ölkədə güclü mütəxəssislərin yetişməsinə zəmin yaradacağını vurğulayıb.

Bundan əlavə, Misir Mərdanov ali təhsil müəssisələri tərəfindən şagirdlər üçün müxtəlif fənlər üzrə olimpiadaların təşkilinin vacibliyini də vurğulayıb. O, olimpiadada qalib gəlmiş şagirdlərin həmin ali təhsil müəssisəsinə qəbul olduqda müvafiq fənn imtahanından azad olunmasını təklif edib.

Rektor Ədalət Muradov Elm Günü münasibətilə UNEC-də hər il ənənəvi olaraq keçirilən “Elm festivalı”nda istedadlı şagirdlərin startaplarının, yaradıcı məhsullarının nümayiş olunması təşəbbüsünü irəli sürüb. Bu təşəbbüsün universitet-məktəb arasında əlaqələri daha da genişləndirəcəyini diqqətə çatdırıb. Eyni zamanda istedadlı şagirdlərin alimlərlə birlikdə nümunəvi təcrübələr apara bilmələri üçün UNEC-də “Açıq laboratoriya günləri”nin keçirilməsini təklif edib.

Gəncəyə səfər çərçivəsində “Elmin populyarlaşdırılması” təşəbbüsü ilə ali təhsil müəssisələrində görüşlər keçirilib.

Nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində Virtual Öyrənmə və Simulyasiya Laboratoriyanın açılışında iştirak edib. UNEC-in koordinatorluğu, Avropa İttifaqının dəstəyi və ATU-nun tərəfdaşlığı ilə "REFRESH" layihəsi çərçivəsində yaradılan laboratoriyada “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi və ekoloji monitorinqlərin aparılması nəzərdə tutulub.

Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universitet və Azərbaycan Texnologiya Universitetində keçirilən görüşlərdə Ədalət Muradov elmin təşviq edilməsi məqsədilə UNEC-də görülmüş işlərdən danışıb və əldə olunan nəticələr barədə məlumat verib.

Görüşlər zamanı ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının artırılması ilə bağlı geniş müzakirələr aparılıb. Regionlardakı ali təhsil müəssisələrinin elmi tədqiqat mərkəzlərinin maddi-texniki bazası və kadr potensialının dəyərləndirilməsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi və elmi məqalələrin hazırlanması barədə razılıqlar əldə olunub.

Eyni zamanda, universitetlərdə doktorantura təhsilinin yenidən qurulması, tədqiqat potensialı yüksək olan müəllimlərə fərqli yanaşmaların tətbiqi və tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində məktəblərə və universitetlərə 100-dən çox elmi kitab hədiyyə olunub.

Xəbər lenti