Logo

Universitetlərin regionlara köçürülməsi yenidən GÜNDƏMDƏ

24.02.2025 20:10 143 baxış
IMG

Prezident İlham Əliyev bir müddət “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Proqram çərçivəsində şəhərdəki nəqliyyat sıxlığının azaldılması və infrastrukturun təkmilləşdirilməsi üçün bir sıra addımlar nəzərdə tutulur. Xüsusilə, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin nəqliyyat yükünə təsiri qiymətləndiriləcək.

Ekspertlər hesab edirlər ki, ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi tıxac probleminin həllində mühüm rol oynaya bilər. Universitetlərə gündəlik axın edən minlərlə tələbə və işçi heyətinin hərəkəti paytaxt yollarında sıxlıq yaradan əsas amillərdən biridir.

Buna görə də, yeni proqram çərçivəsində universitetlərin şəhər mərkəzindən kənara köçürülməsi məsələsi gündəmdədir. Bu addım, həmçinin tələbələr üçün daha geniş və müasir kampusların yaradılmasına imkan verə bilər.

Bəzi mütəxəssislər bu dəyişikliklərin tələbələrin gündəlik gediş-gəlişinə təsir edəcəyini və yeni nəqliyyat marşrutlarının təşkilinin vacib olacağını bildirirlər. 

TƏHSİL.BİZ -ə danışan təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, universitetlərin köçürülməsi illərdir müzakirə edilən məsələdir, lakin konkret addımlar atılmayıb. O bildirir ki, şəhərin tıxac problemini həll etməklə yanaşı, bu addım regionların inkişafına da töhfə verə bilər. Eyni zamanda, regionlardan gələn tələbələr üçün yaşayış xərclərinin azalması və daha əlverişli təhsil şəraiti yaradılması da vacib məqamdır.

"Dünyanın ayrı-ayrı ölkələrində konkret təcrübələr var ki, universitetlərin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Zaman-zaman bu məsələlər qaldırılıb, müxtəlif ölkələrin təcrübəsindən nümunələr gətirilib. Bu gün dünya reytinqlərində Azərbaycan universitetlərinin aşağı səviyyədə olmasından gileylənirik. Amma unuduruq ki, dünya təcrübəsində ali məktəblərin yüksək reytinqə malik olmasının əsas səbəblərindən biri də o universitetlərdə yüksək təhsil alma şəraitinin yaradılmasıdır. Məsələn, Oksford, Kembriç Harvard kimi universitetlərə baxsaq, görərik ki, hamsı şəhərdən kənarda kampus şəraitində fəaliyyət göstərir. Yəni tıxacdan, şəhər mühitindən ayrı meşəlik ərazilərdə sakit bir guşədə yaradılır", - Nadir İsrafilov vurğulayıb.

Ekspertlər həmçinin qeyd edirlər ki, Bakının bəzi küçələrində bir neçə təhsil müəssisəsinin yerləşməsi sıxlığın əsas səbəblərindən biridir. Eyni zamanda, kampus şəraitində təhsil almaq dünya universitetlərinin uğur qazanmasının əsas amillərindən biridir. Azərbaycanda da universitetlərin yataqxana və geniş infrastruktur imkanları olan kampuslara köçürülməsi təhsilin keyfiyyətinə müsbət təsir edəcək.

Sabiq deputat E. Əliyev isə vurğulayır ki, dünyanın aparıcı universitetləri əsasən şəhərdən kənarda, kampus şəraitində fəaliyyət göstərir. Bu model tələbələrin sosiallaşması, idman, kitabxana və digər imkanlardan yararlanması üçün daha əlverişlidir. Onun fikrincə, Bakıda yerləşən böyük tələbə kontingenti olan universitetlərin – xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin köçürülməsi gündəmə gətirilməlidir:

"Sözügedən universitetlərin həddən artıq tələbə kontingenti var, ancaq hərəkət imkanı yoxdur. Biz yataqxanada yaşayaraq təhsil alanlarıq, onun dəyərini bilirik. Baxmayaraq ki, onlar primitiv idi, amma onun mərtəbələrində sosiallaşmaq üçün şərait var idi. Amma indi tələbələr təcrid olunmuş vəziyyətdə yaşayır. Sosiallaşmaq olduqca vacibdir, ona görə də böyük sahə lazımdır. Bu da yalnızca regionlarda mümkündür".

Ekspertlərin fikrincə, bu dəyişikliklərin icrası təkcə paytaxtın yükünü azaltmayacaq, həm də regionların inkişafına, yeni iş yerlərinin açılmasına və tələbələr üçün daha rahat təhsil mühitinin formalaşmasına xidmət edəcək.

Xəbər lenti