Logo

“İşğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişaf” - elmi konfrans

30.10.2025 11:26 70 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu tərəfindən “İşğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, əvvəlcə konfrans iştirakçıları Dendrologiya İnstitutunun fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Beynəlxalq konfransda Qarabağda qazanılmış tarixi Zəfəri əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri Dendrologiya İnstitutunun baş direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova açaraq “Konstitusiya və Suverenlik İli”nə və Zəfərimizin 5-ci ildönümünə həsr olunan konfransın elmi əhəmiyyətini qeyd edib. O, tədbirin məqsədinin Qarabağda biomüxtəlifliyin mövcud vəziyyətinin kompleks tədqiqi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, antropogen təsirlərin azaldılması yollarının elmi əsaslarla öyrənilməsi, eləcə də regionda dayanıqlı ekoloji inkişafı təmin edən müasir yanaşmaların müzakirəsi olduğunu söyləyib.

Son üç il ərzində Dendrologiya İnstitutunun işğaldan azad olunmuş ərazilərə dair 7 konfrans təşkil etdiyini deyən Minarə Həsənova Qarabağda ekoloji bərpa və biomüxtəliflik istiqamətində aparılmış tədqiqatların milli elmi prioritetlərdən biri olduğunu qeyd edib. Baş direktor bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilmiş elmi araşdırmalar həmin ərazilərin təbii biomüxtəlifliyinin bərpası baxımından olduqca önəmlidir. O, Dendrologiya İnstitutunun bu istiqamətdə həyata keçirdiyi tədqiqat layihələri, meşə ekosistemlərinin reintroduksiya proqramları və nadir növlərin mühafizəsi üzrə əldə edilmiş nəticələr barədə məlumat verib.

“Dendrologiya İnstitutu Azərbaycanın bütün bölgələri ilə toxum mübadiləsi həyata keçirir”, - deyən Minarə Həsənova hazırda təcrübə sahəsində toxumçuluq vasitəsilə çoxaldılmış 100 mindən çox bitkinin olduğunu bildirib. Qeyd edib ki, Elm və Təhsil Nazirliyinin məktəbyanı ərazilərinin yaşıllaşdırılmasında bu bitkilərdən istifadə edilməsi institut direktorlarına tövsiyə olunub. Həmçinin Dendrologiya İnstitutu tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində təcrübə sahəsində çoxaldılmış bitkilərin işğaldan azad olunmuş ərazilərdə əkilməsi prosesi həyata keçirilib.

Minarə Həsənova beynəlxalq konfransın biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişaf məsələlərinin ətraflı müzakirəsi baxımından əhəmiyyətli platforma rolunu oynadığını söyləyib. O, tədbirin səmərəli elmi əməkdaşlıq əlaqələrinin qurulmasına, ortaq layihələrin və yeni ideyaların meydana çıxmasına təkan verəcəyinə əminliyini bildirib.

Daha sonra Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin Biologiya kafedrasının müdiri təbiət elmləri doktoru Yelena Qalaktinova, Qazaxıstan Respublikası Botanika və Fitointroduksiya İnstitutunun Dendrologiya laboratoriyasının müdiri Aynur Yesjanova və aparıcı elmi işçi dosent Velta Masalova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavini dosent Ələmdar Məmmədov və başqaları çıxış ediblər. Bildirilib ki, beynəlxalq konfransda müzakirə olunan mövzular gələcək tədqiqatlar üçün geniş imkanlar yaradacaq, yeni elmi istiqamətlərin formalaşmasına təkan verəcək. Tədbir təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də faydalı nəticələrlə yadda qalacaq.

Konfransda 92 yerli, 20-dən çox xarici məruzə təqdim olunub, geniş fikir mübadiləsi aparılıb.

Məruzələrdə Qarabağ və Şimali Qazaxıstan təbiət zonalarının ekoloji xüsusiyyətləri müqayisəli təhlil edilib, həmçinin Qarabağda aparılmış ekoloji bərpa tədbirləri çərçivəsində bitki və heyvanat aləminin ilkin inventarizasiyası, torpaq və su ekosistemlərinin monitorinqi, nadir növlərin təbii mühitə qaytarılması və biomüxtəliflik xəritələşdirməsi istiqamətində əldə olunmuş mühüm nəticələr təqdim edilib.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur bölgələrində biomüxtəlifliyin qorunması üzrə regional elmi proqramların hazırlanması, ekoloji bərpa proseslərinə beynəlxalq ekspertlərin və elmi təşkilatların cəlb olunması, dendrologiya və molekulyar biologiya sahələrində birgə laborator tədqiqatların genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Xəbər lenti