Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları Ankara Universitetində keçirilən III Beynəlxalq Antropoloji Elmlər Konqresində iştirak ediblər.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, professor Əliağa Məmmədli “Azərbaycanda yaşayan etnik qruplar arasında əlaqələr sisteminə ümumi baxış”, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev “Azərbaycanda məhkəmə arxeologiyası üzrə ilk tədqiqatlar”, Arif Quliyev “İkinci Qarabağ müharibəsindən sonra aparılan məhkəmə arxeologiyası və məhkəmə antropologiyası üzrə tədqiqatlar” mövzularında məruzə ediblər.
Beynəlxalq tədbirdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, İtaliya, Çin, ABŞ, İran və Kanadadan olan alimlər iştirak ediblər. Əcnəbi antropoloqlar Azərbaycandakı polietnik rəngarəngliyin tədqiqatında, skelet qalıqları üzrə əsir və itkin düşmüş azərbaycanlıların identifikasiyasında, qədim tarixin öyrənilməsində azərbaycanlı arxeoloqların və antropoloqların əldə etdikləri mühüm elmi nəticələr barədə məruzələri böyük maraqla qarşılayıblar.