Məktəblər arasında respublika çempionatının atletika idman növü üzrə zona mərhələsi başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə keçirilən zona mərhələsində məktəblilər 100 metr məsafəyə qaçış, yerindən uzunluğa tullanma, top atma və 4x50 metrlik estafet qaçışı (2 qız, 2 oğlan) üzrə mübarizə aparıblar.
Təhsil İdarəsindən TƏHSİL.BİZ-ə bildirilib ki, zona mərhələsinin nəticələrinə əsasən, I yeri Yasamal rayonu üzrə 60, II yeri Suraxanı rayonu üzrə 280, III yeri isə Nizami rayonu üzrə 251 nömrəli tam orta ümumtəhsil məktəblərinin komandaları tutub.
Qalib komandalar məktəblər arasında respublika çempionatının final mərhələsində iştirak etmək hüququ əldə edib.
Sonda I, II və III yerləri tutan komandalar hədiyyə və diplomla təltif olunublar.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Respublika çempionatının keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, şagirdlər arasında sağlam və aktiv həyat tərzini təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisini, sinifdənxaric və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini daha da təkmilləşdirmək, idmançıların yarış təcrübəsini artırmaq, idman federasiyaları ilə əməkdaşlığı genişləndirmək, təhsil müəssisələrinin idman bazalarından səmərəli istifadəni təşkil etməkdən ibarətdir.