Logo

Darülfünun ülum və fünun adamı

30.04.2022 20:37 482 baxış
IMG

Darülfünun minlərlə tələbə gözlərinin işıltısında bərq vuran alaqapısı, qalaqapısı var. Elə ki elm qalasına o iri qapıdan daxil oldun, istər-istəməz adamı qəribə bir sehr bürüyür. Bu, elm şəhərinin cazibəsidir. Hər dəfə elm şəhərinin tələbə sakinlərinin izdihamında azmamaq üçün, bir neçə addım kənara - sağa çəkilib Jurnalistika fakültəmizin yerləşdiyi 2 saylı korpusa tərəf ürəyimlə baxıb düşünürəm: "Fiziki kiçik fakültəmiz cəmiyyətimizə saysız-hesabsız mənəvi böyük insanlar yetirib. Əbəs yerə deyildi ki, dünyaşöhrətli alim Rafiq Əliyev, məhz BDU-nun Jurnalistika fakültəsinə olan sevgisini dəfələrlə dilə gətirib" - bu xoş təəssüratlarla irəliyə doğru addımlayıram.

Atdığım hər addımda Telman Mustafayevin ruhuna dualar oxuyuram...

Ana nənəm Elmira Əliyeva xatirələrində deyirdi ki, qardaşı mərhum Telman Mustafayev hələ məktəb vaxtlarından nəfəsli və simli musiqi alətlərində ifa etməyi mənimsəyib, klassik ədəbiyyat nümayəndələrinin portret və şəkillərini yüksək ustalıqla çəkib.

Bu yaradıcı tərəfi Telman müəllimi Jurnalistika ixtisası yoluna çıxarır. Müqəddəs yolu qələmi və fırçası ilə işıqlandıran Telman Mustafayevin dayanacaq nöqtəsi isə nəşriyyat olur. 

Beləki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika şöbəsini bitirdikdən sonra o, universitet nəşriyyatında əvvəlcə korrektor, 1960-cı ildən isə nəşriyyat redaktoru vəzifəsində çalışıb. Telman Mustafayev 1970-ci ildən nəşriyyata rəhbərlik etməyə başlayıb. Onun işgüzar və coşqun fəaliyyəti, özünə və yoldaşlarına qarşı səmimiyyəti, tələbkarlığı universitet kollektivi arasında T.Mustafayevə dərin rəğbət qazandırıb. 

O, nəşriyyata rəhbərlik etdiyi müddət ərzində müxtəlif seriyalarda çıxan "Elmi əsərlər"in, dərslik və dərs vəsaitlərinin, proqramların vaxtlı-vaxtında, yüksək poliqrafik keyfiyyətlə buraxılmasına böyük qüvvə sərf edib.

Telman Mustafayev müxtəlif vaxtlarda respublikamızın qəzet və jurnallarında maraqlı yazılarla da çıxış edib. 

Darülfünun nəşriyyatının fəaliyyətində mühüm rol oynayan direktorlardan biri olan Telman Mustafayev 1969-1973-cü illərdə Universitetin bir çox alimlərinin, professor və müəllim heyətinin əsərlərinin çapının həyata keçirilməsində müstəsna xidmətlər göstərib - Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Əli Fəhmi, Əlövsət Abdullayev və b. 

Təəssüf ki, ömrünü Azərbaycan Dövlət Universitetinə (BDU) və "Bakı Universiteti" nəşriyyatına bağlayan istedadlı jurnalist Telman Mustafayev arzularının çiçəkləndiyi vaxtda haqqın dərgahına qovuşur. 

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi.

Xəbər lenti