Logo

“Gənclərin sağlam həyat tarzinin formalaşmasında bədən tərbiyəsi və idmanın rolu”

01.05.2022 19:16 1740 baxış
IMG

Yetişməkdə olan gənc nəslin sağlam böyüməsi fikri tərbiyənin başlıca vəzifələrindən biridir. Məlumdur ki, bədən tərbiyəsi və idman məşğələləri insan orqanizminin fiziki və psixoloji cəhətcə formalaşması üçün böyük əhəmiyyətə malikdir. Şəxsiyyətin hərtərəfli və harmonik inkişafının tərkib hissəsi olan fiziki tərbiyə yetişməkdə olan gənc nəslin sağlam həyat tərzinin formalaşması üçün böyük təsir qüvvəsinə malikdir. Bunun üçün ilk növbədə gündəlik həyat fəaliyyəti zamanı əmələ gəlmiş bir sıra zərərli vərdişlərdən uzaqlaşmaq lazımdır. Müasir dövrdə bu vərdişlərdən ən geniş yayılanları siqaret, spirtli içkilər və narkomaniyaya olan audəçilikdir. Onlar orqanizmdə gedən maddələr mübadiləsinə mənfi təsir göstərməklə orqanizmin normal inkişafına mane olur. Bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərǝli vasitə yeniyetmələri fiziki tərbiyə məşğələlərinə cəlb etməkdir. Bu vəzifələrin həyata keçirilməsi ilk növbədə bədən tərbiyəsi müəllimlərinin öhdəsinə düşür.

Məktəblərdə sağlam həyat tərzinin təşəkkülü əxlaq tərbiyəsi və şüurlu intizamın formalaşması ila bağlıdır. Təcrübəlar göstərir ki, davranış qaydalarını pozan uşaqların böyük əksəriyyəti fiziki cəhətcə zəif olurlar. Bədən tərbiyəsinin intizam və davranış qaydalarının formalaşmasında əvəzsiz rolu vardır. Məktəblilərin fiziki tərbiyə prosesində əxlaq tərbiyəsinin və şüurlu intizamının formalaşması cəmiyyətdə mövcud olan qanunlar əsasında tənzimlənir.

Bədən tərbiyəsi dərslərində sağlam heyat tərzinin formalaşması şüurlu intizamın əsas rolu, zədələnmə hallarına yol verməmək, fiziki tərbiyənin sağlamlaşdırıcı funksiyasından səmərəli istifadə etməkdən ibarətdir. Bunun üçün şagirdlər fiziki tarbiyənin digər funksiyalarını da bilməlidirlər.
Ölkəmizin inkişafının indiki mərhələsində strateji məqsədi  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasına uyğun olaraq fiziki tərbiyə və idman sisteminin ölkədə tam və davamlı inkişafına nail olunması, onun köməyi ilə uşaqların, yeniyetmə və gənclərin sağlamlığının yaxşılaşdırılması, bununla bağlı cəmiyyətdə aktual olan sosial və iqtisadi problemlərin həll edilməsi və müasir dövrün tələblərinə uyğun fəaliyyətin təşkilidir. Bu sahədə əsas istiqamətlər,  fiziki tərbiyə və idman fəaliyyətinin məktəblilərin və tələbələrin şüurunda sağlam həyat tərzi kimi formalaşması, onların fiziki inkişafında və fiziki kamilliyə çatmasında zəruri olan qabiliyyətlərin təkmilləşdirilməsi yolu ilə yüksək fiziki təhsil səviyyəsinə nail olmaq, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

Fiziki tərbiyə və idman sahəsi üzrə aparılan elmi-tədqiqat işlərinin məqsədi yaşından, etnik mənşəyindən, sağlamlıq vəziyyətindən asılı olmayaraq, hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, idman və gənclər təşkilatlarının, klubların, cəmiyyətlərin, həmcinin məşqçi və könüllülərin dinamik şəbəkəsini yaratmaq, idmanla kütləvi şəkildə məşğul olmaq üçün insanların problemlərinin həll yollarını tapmaqdır. Fiziki tərbiyə və idmanın kütləviliyini təmin etmək günümüzün vacib məsələlərindəndir. İdmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir.

Ümummilli liderimiz Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu haqda belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.

Müasir dövrdə fiziki tərbiyə və idman öz aktuallığını qoruyub saxlayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərəncam, xalqımızın gələcəyə istiqamətlənmiş siyasətinin vacib hissələrindən biridir. Bu sərəncamda, Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013-2023-cü illəri əhatə edən İnkişaf Strategiyası və 2016-2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və Dövlət Proqramı hazırlanaraq həyata keçirilməkdədir.

Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da  öz çiçəklənmə dövrünü yaşayır. Yüksək  səviyyəli idman infrastrukturunun yaradılması və 50-yə yaxın olimpiya idman kompleksinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi bu inkişafın bütün ölkəyə yayılmasını və idmanın kütləviləşməsini istəyir. Paytaxtda və bölgələrdə güclü idman bazaları yaradılır ki, gənclərimiz bu bazalarda idmanla məşğul olaraq sağlam böyüsünlər.

Statistik məlumatlara görə, müasir dövrdə məktəblərdə təhsil alan uşaq və yeniyetmələr zehni iş ilə həddən artıq yüklənmişlər. Gigiyena alimləri sübuta yetirir ki, məktəblilərin gün rejiminin 82-85%-i məktəbdə və evdə dərs öyrənməyə, tapşırıqları həll etməyə, bir sözlə, oturaq həyat tərzinə sərf olunur. Hətta kiçikyaşlı məktəblilərin fiziki hərəkətlərə və aktiv fəaliyyətə olan tələbat isə cəmi 15-19% ödənilir.

Hər bir yeniyetmənin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması vacibdir. Təəssüflə qeyd etməliyik ki, məktəblilərin çox az bir hissəsi idman dərnəklərinə və bölmələrinə, ümumi fiziki hazırlıq qruplarına cəlb olunmuşlar. Bunun nəticəsidir ki, uşaqlar və yeniyetmələr arasında hipodinamiya təhlükəsi getdikcə artır, bu da ürək, qan-damar, əsəb və maddələr mübadiləsinin pozulması kimi bir sıra xəstəliklərin geniş yayılmasına gətirib çıxarır.

Sübut olunmuşdur ki, insanların sağlamlığı yalnız 8-10% səhiyyə müəssisələrinin fəaliyyətindən, 18-22% genetik faktorlardan, 17-20%  ətraf mühitin vəziyyətindən və 49-53% həyat tərzindən və şəraitindən asılıdır.

Fiziki hərəkətlər insanın konkret vəzifəsinin həlli ilə bağlı məqsədyönlü hərəki fəaliyyətidir. Hər bir hərəki fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. İnsanın fiziki inkişafı və təkmilləşməsi üçün tətbiq olunan hərəkətlər fiziki hərəkət adlanır. Fiziki hərəkətlər fiziki tərbiyə qanunauyğunluqlarına uyğun təşkil olunmuş fəaliyyətdir. Məktəbdə əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər hərəki bacarıq və vərdişləri formalaşdırır, hərəkət aparatını inkişaf etdirir. Qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır, insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə vərdişləri təkmilləşdirir.

Hazırda dünyada bədən tərbiyəsi və idmanın insanlığın vacib həyat norması olduğu fikrini qəbul edənlərin sayı günü-gündən artmaqdadır. Bu da öz növbəsində, cəmiyyətin hamılıqla və şəxsi formada qəbul etdiyi yeni ictimai və fərdi yanaşmaların yaranmasına səbəb olur.

Ümumiyyətlə isə, cəmiyyətin inkişaf səviyyəsi insanların fərdi bacarıqlarının və keyfiyyətlərinin üzə çıxarılması, inkişaf etdirilməsi və istifadə olunması dərəcəsi ilə ölçülür. Bu zaman əhalinin müxtəlif yaş dövrlərində, əsasən də həyatlarının ilk yarısında mədəni dəyərlər sisteminin əsas komponentlərindən biri olan sağlamlığını və fiziki hazırlıq səviyyəsini xüsusilə qeyd etmək lazımdır. Çünki qalan digər mədəni dəyərlərin inkişafı və formalaşması çox zaman bu kriteriyalardan asılı olur.

Bədən tərbiyəsi və idman insanda müsbət əxlaqi keyfiyyətlər, vətənə məhəbbət, ailəyə bağlılıq, özünəinam, səbr, mətanət, dözüm və s. Formalaşdırır. Bundan başqa,  bədən tərbiyəsi və idmanın köməyi ilə digər tərbiyə növləri - əmək tərbiyəsi, şəxsi gigiyena tərbiyəsi, iqtisadi tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi daha da inkişaf edir.  Bununla yanaşı, unutmaq olmaz ki, yuxarıda qeyd olunanlar, ölkəmizin indiki vəziyyətində, işğala məruz qaldığı bir vaxtda, onun müdafiə qüdrətinin güclənməsi ilə də birbaşa bağlıdır. Sağlam və güclü gənc nəsil gələcəyin etibarlı təminatıdır.

Rizvan Mahmudov,
ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi -nin III kurs tələbəsi
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tələbə Gənclər Təşkilatı sədrinin köməkçisi

Xəbər lenti