Logo

Uğurlu təhsil strategiyasının müəllifi

08.05.2022 17:35 510 baxış
IMG

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra təhsil islahatlarının memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin müdrik tövsiyələri əsasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük uğurlar əldə edilmişdir.

Ümummilli Liderin hakimiyyətə xilaskar missiyalı qayıdışı təhsil sahəsində tənəzzülün qarşısını almış və təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi zəmin yaranmışdır. 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi, iqtisadi sahədə sistem transformasiyası prosesinə başlaması bütün sahələrdə olduğu kimi, ali təhsildə də köklü islahatları zəruri etmiş və onun yeni cəmiyyətin tələblərinə uyğun yenidən qurulmasını qarşıya vəzifə kimi qoymuşdur. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülən ilk sistemli təşəbbüslər sayəsində ali təhsil müəssisələri yeni inkişaf pilləsinə yüksəlmişdir. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişləndirilmiş, dünya təcrübəsi öyrənilməklə Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına uğurlu inteqrasiyası üçün məqsədyönlü işlər görülmüşdür.

Ulu Öndərin iqtisadiyyatın müxtəlif sahələri üzrə milli kadrların hazırlanması istiqamətində hələ sovet dönəmindən başlayaraq apardığı məqsədyönlü islahatlar ölkənin inkişafına xidmət edəcək güclü milli kadr potensialını formalaşdırmışdır. Heydər Əliyevin ölkədə iqtisad elminin və təhsilinin inkişafı və milli iqtisadiyyatın müasir iqtisadçı kadrlarla təminatı istiqamətində atdığı addımlar bütün dövrlərdə öz prioritetliyi ilə seçilmişdir.

Dahi rəhbər 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında cəmiyyətin bünövrəsində iqtisadiyyatın dayandığını və buna görə də ən hörmətli ixtisasın iqtisadçı ixtisası olduğunu demişdir. Heydər Əliyevin çıxışı müasir Azərbaycanda iqtisad elminin və təhsilinin inkişafı, milli iqtisadçı kadrların formalaşdırılması prosesinin başlıca vəzifələrini özündə ehtiva edən proqram xarakterli tarixi sənəddir. Dahi rəhbərin İqtisad Universitetinin qarşısında qoyduğu vəzifələr universitetimizin 100 illik yubileyinə hədəflənmiş "UNEC-100" İnkişaf Strategiyasının əsasını təşkil etməklə, bu gün fəaliyyətimizin prioritet istiqamətlərini müəyyən edir.

Ölkəmizdə təhsilin, o cümlədən ali təhsilin inkişafı Ümummilli Lider Heydər Əliyev strategiyasının ən vacib tərkib hissəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti, həmçinin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", həmin strategiyanın həyata keçirilməsilə bağlı fəaliyyət planı, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqəti nəticəsində ölkəmizin ali təhsil sistemi təkmilləşmiş, beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyada, ali təhsilin beynəlmiləlləşməsində uğurlar qazanılmış, Boloniya sisteminə qoşulmuş, özəl ali təhsil sistemi bərqərar olmuşdur. Bu istiqamətdə Təhsil Nazirliyinin müsbət rolunu da qeyd etmək yerinə düşər.

Ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələri yerinə yetirmək, o cümlədən "yaxşı mütəxəssis tapa bilmirik" iradlarına son qoymaq üçün universitetlərə inam həlledici amillərdəndir. Universitet funksiyalarının cari iqtisadi və sosial məsələlərlə məhdudlaşdırılması yanlış görünür. Universitetlərin məzunlarının və eləcə də "qiymətləndiricilər"in özlərinin də qiymətləndirilməsi sisteminə ehtiyac olduğunu düşünürük.

Bu gün ali təhsildə əsas məsələ qərar vermək yox, seçim məsələsidir. Bütün ali təhsil subyektlərinin fəal mövqeyi olmadan doğru seçim mümkünsüz görünür. Digər vacib məsələ isə gələcək ali təhsil haqqında fərqli baxışların mövcudluğunun qəbul edilməsidir. Bir çox ölkədə ya yeni ali təhsil qurumları yaradılır və ya mövcud ali təhsil qurumlarının potensialı artırılır, ya da ali təhsil qurumları şəbəkəsinin optimallaşdırılması həyata keçirilir.

Ali təhsil təkcə maddi deyil, həm də mənəvi dəyər yaradan sərvətdir. Ali təhsil məzunu tənqidi düşüncə və komandada işləmək bacarığına malik, sosiallaşmış, başqa sözlə, "yumşaq bacarıqlara" sahiblənmiş dəyərdir. Ali təhsil nəzəri biliklərin vacibliyi və əhəmiyyətini inkar etməyən, lakin bu gün verilən nəzəri biliklərin orta ömrünün 5-7 il olduğunu daim diqqətdə saxlayan sistemdir. Ən əsası, ali təhsil vaxt keçdikcə erroziyaya uğramayan, ömür boyu üstünlük təmin edən dəyərlər və ya dəyərlər sistemi formalaşdıran "əbədi mühərrik"dir. Dəyər ali təhsilin əsas missiyasıdır! Milli dəyərlər şübhəsiz ki, milli ali təhsil sistemini həm də digər ali təhsil sistemlərindən fərqləndirən "dayaq nöqtəsi"dir.

Gələcək ali təhsil haqqında danışanda dəyərlərin dinamikasına baxmaq lazımdır. Ali təhsilin məqsədini və mənasını məhz dəyərlər formalaşdırır. Ona görə də ali təhsilin dəyər mahiyyətini anlamadan müasir ali təhsil sistemi mümkünsüzdür. Dəyərlər təhsilin əsas keyfiyyət göstəricisi kimi qiymətləndirilməlidir.

Bu gün ali təhsildə ən ciddi problemlədən biri ali təhsil paradiqmasının dəyişməsidir. Sovet dönəmində ixtisaslar sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada müəyyən edilir, hər bir universitet ancaq planla nəzərdə tutulmuş ixtisaslar üzrə mütəxəssis hazırlayırdı. Sovet planlarının ləğv edildiyinə və bu istiqamətdə hər şeyin köklü dəyişdiyinə baxmayaraq, ixtisaslar hələ də mərkəzləşdirilmiş qaydada müəyyən olunur. Nəticədə real sektorun tələbləri universitetlər tərəfindən qarşılana bilmir. Buna baxmayaraq, insanların ali təhsil haqqında düşüncələri və ali təhsildən gözləntiləri demək olar ki, dəyişməz qalmışdır. Reallıq odur ki, uzun illər boyu mövcud olan müəyyən ixtisaslar bir anda yox ola bilər. Hətta bakalavriaturada təhsil müddətində, yəni dörd il ərzində dünyada o qədər sürətli, güclü və ciddi dəyişikliklər baş verə bilər ki, bu gün tədris olunan ixtisas tələb olunmaya bilər. Bu, ali təhsildə ən ciddi problemlərdən biridir. Bu və buna oxşar problemləri vahid standartlarla həll etmək mümkünsüz görünür.

Müasir şəraitdə universitetlər peşəkar təhsil sahəsində öz monopoliyalarını itirmək problemi ilə də üzbəüz qalıblar. Belə ki, universitetlərin ən böyük üstünlüyü hesab edilən diplomlara tələb getdikcə azalır, bilik, vərdiş və bacarıq göstəricisi kimi diplomlar tədricən dəyərdən düşür. Yaxşı mütəxəssis göstəricisi olaraq diplom artıq hər zaman "sübut" deyil.

Digər çox ciddi problem isə rəqəmsallaşma dövründə nüfuzlu texnoloji şirkətlərin mövcud universitetlərin rəqabətqabiliyyətli rəqiblərinə çevrilməsidir. Ona görə də çox böyük sürətlə dəyişən və qeyri-müəyyənlik səviyyəsi durmadan artan dünyaya universitetlərin uyğunlaşması üçün vahid və dəyişməyən standartlara ehtiyac olmadığını düşünürük. Bu baxımdan hamı üçün vahid, eyni və məcburi olan standartlar əsasında ali təhsilin ciddi inkişafına ümid bəsləmək yanlışdır.

Ümummilli Lider Heydər Əliyev strategiyasının Azərbaycanda uğurla həyata keçirilməsi nəticəsində bazar iqtisadiyyatının formalaşmasına baxmayaraq, ali təhsil sisteminin və o cümlədən ali təhsil müəssisələrinin strukturunda hələ də sovet komanda sistemində formalaşmış iqtisadiyyatın sahəvi idarəetmə sisteminə xas olan mirası görmək mümkündür. Universitetlərin ali idarəemə orqanı Elmi Şura olaraq qalmaqdadır. Elmi Şura eyni vaxtda həm ali akademik idarəetmə, həm də ali inzibati idarəetmə orqanı kimi səlahiyyətlərə malikdir. Eyni fikir universitet rektorlarına da aiddir.

Apardığımız təhlillər göstərir ki, ali təhsil sisteminin bütövlükdə təkmilləşməsində uğurlarla yanaşı, bu sistemin ən vacib elementi olan universitetlərdə (idarə olunmasında, elmi fəaliyyətin və tədrisin təşkilində) hələ də bir sıra sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır. Universitetləri sovet mirasından xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür.

Ali təhsil müəssisələrinin idarəetmə sistemində hələ də inzibati nəzarət sistemi akademik özünüidarəetmə sistemi ilə müqayisədə üstünlük təşkil edir. Dövlət universitetləri hələ də tabeli təşkilatlar kimi qəbul edilərək əsasən inzibati yolla idarə olunur. Beləliklə, sovetlər dönəmində yaradılmış dövlət universitetlərinin idarəetmə mədəniyyəti dəyişməz olaraq qalmaqdadır. Belə ki, idarəetmə sistemi əsas məqsəd olaraq universitetlərin güclü tərəflərini müəyyən etməklə onları daha da inkişaf etdirmək əvəzinə mövcud olan zəif tərəflərin aradan qaldırılmasına köklənmişdir. Başqa sözlə, universitetlərin rəqabət üstünlüklərinin müəyyən edilməsi və həmin üstünlüklər hesabına irəliyə çıxmaq imkanları diqqətdən kənarda qalmışdır. Zəif məqamların aradan qaldırılmasının prioritet hesab edilməsi dünya səviyyəli universitetlər səviyyəsinə yüksəlməyi çox-çox çətin və hətta mümkünsüz etmişdir.

Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Ümummilli Lider Heydər Əliyevin islahat təşəbbüsləri Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir. Dünyəvi təhsilə inteqrasiya yolunda uğurla irəliləyən ölkəmizdə elm və təhsilin prioritet seçilməsi deməyə əsas verir ki, ölkədə həmin məsələ ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil etmiş, Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir.

Məlum olduğu kimi, Azərbaycanda "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" qəbul olunmuşdur. Dövlət proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Yeri gəlmişkən qeyd edək ki, UNEC bakalavriatura və magistratura üzrə Amerika, Avropa, Rusiya, Türkiyənin aparıcı universitetləri ilə 8 ikili və birgə diplom proqramı reallaşdırır. Eləcə də dünyanın 100-ə yaxın nüfuzlu ali təhsil müəssisəsi ilə müəllim-tələbə mübadiləsi həyata keçirilir.

Ali təhsildə beynəlmiləlləşmənin istiqamətlərindən biri də ingilis dilində təhsil proqramlarının geniş yayılmasıdır. Son 20 ildə bu dil ali təhsildə bir növ "linguafranca" statusu qazandığından Avropa qitəsi də daxil olmaqla dünyanın əksər yerlərində ingilis dilində universitet təhsil proqramlarının sayı sürətlə artır. Müasir ali təhsildə xarici dilin və xüsusilə də ingilis dilinin rolu böyükdür. Fakt ondan ibarətdir ki, xaricdə çap olunmuş bütün kitabları Azərbaycan dilinə tərcümə etmək mümkünsüzdür. Çox ehtimal ki, lazım da deyil. Bu baxımdan iki mümkün variant görünür: milli ali təhsil sistemini ingilisdilli ali təhsilə çevirmək və yaxud milli dildə təhsilalanların yetərli xarici dil biliklərini təmin etməkdir. İngilis dilində təhsili istisna etməməklə UNEC daha çox ikinci varianta üstünlük verir. Bu istiqamətdə artıq bir sıra ciddi və uğurlu addımlar atılmışdır.

Ali təhsildə beynəlmiləlləşmə, beynəlxalq reytinqlərdə istifadə edilən meyarlar universitetlərin araşdırma nəticələrinə əsaslandığından həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə prestij əldə etmək istəyən universitetlər araşdırma-nəşretmə missiyasına daha çox üstünlük verməyə məcbur edir. Əsasən araşdırma əsasında qazanılan qlobal prestij beynəlxalq tələbə bazarındakı rəqabətdə də universitetlərə böyük üstünlüklər yaradır. Bu baxımdan son illər Azərbaycan universitetlərinin qlobal reytinq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ölkədə ali təhsilin gələcəyi üçün atılan strateji addımlardan hesab edilə bilər. Bu əməkdaşlıq ölkənin ali təhsil sektorunda beynəlxalq standartların mənimsənilməsi və strateji planlaşdırmanın düzgün şəkildə həyata keçirilməsi işinə böyük təkan verir. Təkcə UNEC-in timsalında qeyd edə bilərik ki, bu əməkdaşlıq nəticəsində universitet öz fəaliyyətində zəruri təkmilləşdirmələri etməklə bir sıra beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

"UI GreenMetricWorld University Rankings" reytinq siyahısına görə, UNEC 2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci "yaşıl" universitet kimi tanınmışdır. 22 aprel 2020-ci ildə "THE İmpactRanking"in  açıqladığı reytinqdə UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerə yüksəlmişdir. U-Multirankın həmin ildə açıqladığı reytinqə əsasən isə, UNEC iqtisadiyyat fənni üzrə artıq dünyanın 250 ən yaxşı universitetlərindən biri olmuşdur.

QS Reytinq Agentliyinin 2022-ci il üçün "QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya" regionu üzrə reytinqində UNEC 221-230-cu yerlərdə qərarlaşmışdır. Reytinq sıralamasında UNEC-in əldə etdiyi ən yaxşı nəticə "İşəgötürənlər reputasiyası" (20 faiz çəkiyə malikdir) indikatoru üzrə olmuşdur. Belə ki, region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə, akademik reputasiya (30% çəkiyə malikdir) indikatoruna görə isə 14 pillə irəliləyərək region üzrə 122-ci yerdə qərarlaşmışdır.

Aparılan məqsədyönlü işlərin nəticəsidir ki, "Scimago" (Scimago Institutions Rankings) reytinq agentliyinin 2022-ci il üzrə dünya universitetlərinin reytinqində UNEC 708-ci, Azərbaycanda isə 1-ci yerdə qərarlaşmışdır. 4362 ali təhsil müəssisəsinin məlumatları əsasında hazırlanmış reytinqin hesablanması 3 kateqoriya üzrə aparılır: tədqiqat performansı (SCOPUS data bazası), innovasiyaya çıxış və cəmiyyətə təsir. UNEC tədqiqat performansı indiqatoru üzrə dünyada 399-cu yerdə, innovasiyaya çıxış üzrə 443-cü və cəmiyyətə təsir indiqatoru üzrə isə 249-cu sırada qərarlaşmışdır. UNEC bir sıra sahə reytinqləri (subject ranking) üzrə də yüksək nəticələr göstərmişdir. Sahə reytinqləri SCOPUS data bazasında elmi fəaliyyətin nəticələri əsasında hesablanmışdır. Sahələr üzrə reytinqə görə də UNEC ölkə universitetləri arasında liderdir. Digər ölkələr arasında isə "İqtisadiyyat, Ekonometriya və Maliyyə" sahəsi üzrə Şərqi Avropada 56 və dünyada 468, "Biznes, İdarəetmə və Mühasibatlıq" üzrə Şərqi Avropada 83, dünyada 696, "Ətraf mühitin elmləri" üzrə Şərqi Avropada 39, dünyada 339, "Enerji" üzrə Şərqi Avropada 74, dünyada 461, "Riyaziyyat" üzrə Şərqi Avropada 71, dünyada 473, "Sosial elmlər" üzrə Şərqi Avropada 140-cı, dünyada 759-cu yerdədir.

27 Mart - Elm Gününə həsr edilmiş elm festivalında 1-28 mart tarixinədək UNEC-də konfrans, kitab sərgisi, "dəyirmi masa"lar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, master klasslar, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırmalar, treninqlər olmaqla 33 tədbir keçirilmişdir. Elm festivalı çərçivəsində universitetin 2021-ci il üzrə elmi fəaliyyətinin yekunları  açıq müzakirə edilmişdir. Elm sahəsində UNEC-in uğurlarından qürurla danışmış, növbəti addımlara dair baxışları bölüşmüşük. Sevindiricidir ki, 1975-2022-ci illərdə UNEC-in Web of Scıence-də çap olunmuş ümumi məqalələrin 83 faizi, UNEC məqalələrinə ümumi istinadların 81, eləcə də 1997-2021-ci illərdə Scopusda çap olunmuş bütün məqalələrin 91, UNEC məqalələrinə ümumi istinadların 91 faizi son 7 ilin - 2015-2021-ci illərin payına düşür.

Elm festivalında UNEC tədqiqat mərkəzlərinin fəaliyyəti də müzakirə edilib. UNEC-in ciddi tədqiqatlar aparan və tədqiqatların nəticələrini beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında uğurlar əldə olunub.  UNEC-də ilk tədqiqat mərkəzi 2018-ci ildə fəaliyyətə başlamış və bu gün onların sayı 30-u keçmişdir. UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində tədqiqat mərkəzlərinin rolu artmaqdadır. Belə ki, 2018-2021-ci illərdə Web of Science bazasında indeksləşən məqalələrin 48.5 faizi, Scopusda isə 53 faizi məhz tədqiqat mərkəzləri tərəfindən təmin edilmişdir. 2018-2021-ci illərdə Web of Science-də UNEC məqalələrinə istinadların 75,5 faizi, Scopusda isə 71.5 faizi tədqiqat mərkəzlərinin payına düşür.

Bu yaxınlarda UNEC-də daha iki laboratoriyanın açılışını etdik. Türk dünyasının böyük alimi, Nobel mükafatçısı Aziz Sancar adına Qida Laboratoriyası və ölkəmizdə ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlayan Bloomberg Maliyyə Laboratoriyası. 12 Bloomberg terminalından ibarət olan laboratoriya UNEC-in bu sahədə dünyanın qabaqcıl universitetləri ilə eyni imkana malik olmasına və universitetdə keyfiyyətli araşdırma mühitinin yaradılmasına imkan verəcək. Bloomberg laboratoriyası ölkədə maliyyə bazarlarının inkişaf etdirilməsinə böyük töhfə verəcək və öz məzunlarının əmək bazarında işlə təmin olunmasında üstünlüyə malik olacaqdır.

Məzunlarının işə qəbul edilməsini stimullaşdırmaq məqsədilə UNEC işəgötürənlər qarşısında öhdəlik götürür. Belə ki, işə götürüldüyü tarixdən 3 il müddətində işəgötürən tərəfindən UNEC məzununun hər hansı zəif bilik və bacarıqları aşkarlanarsa, işəgötürənin sifarişi əsasında həmin zəif bilik və bacarıqların UNEC tərəfindən və UNEC hesabına aradan qaldırılması təmin edilir. Bunun üçün müsahibə keçirən işəgötürənin bu haqda məlumat verməsi yetərlidir.

Ümummilli Lider Heydər Əliyevin tövsiyələrinə əsaslanaraq hazırlanmış "UNEC-100" İnkişaf Strategiyasına əsasən, hədəfimiz UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə universiteti dünyanın 500 ən yaxşı ali məktəblərindən birinə çevirməkdir. UNEC reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəfə doğru özünün böyük tarixi keçmişi və mövcud potensialına arxalanaraq inamla irəliləyir. UNEC-in dünya səviyyəli, XXI əsrin universitetinə çevrilməsi üçün yetərincə maddi-texniki, elmi-pedaqoji potensialı vardır.

Ədalət MURADOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

Xəbər lenti