Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayeva abituriyentlərlə bağlı mövcud vəziyyətə aydınlıq gətirib və abituriyentləri maraqlandıran suallara cavab verib.
Tehsil.biz müsahibəsini təqdim edir:
- Hal-hazırki dövrdə məktəbliləri intihara vadar edən məsələ nədir?
Zaman-zaman açıq müzakirə olunan, psixoloqlara tez-tez ünvanlanan suallardan biri intiharların səbəbləri ilə bağlıdır. Psixoloqlar elmi və sosial məsuliyyəti naminə, ən əsası, psixoloji təsirini nəzərə alaraq intiharların konkret səbəbləri barədə danışmaqdan çəkinməlidirlər. İntiharlara səbəb axtararaq fərqində olmadan növbəti intiharlara səbəb vermiş oluruq. İntiharın səbəbləri ilə müqayisədə Problemləri necə həll etməli? Problemlər və həlli yolları, Gəlin problemləri birlikdə həll edək, Problem varsa həll yolu mütləq var və s. başlıqlı məlumatlar problem yaşayan insanları öz problemlərini aktiv həll etməyə motivləşdirə bilər. Biz “niyə”lərin (səbəblərin) yox, “necə”lərin (həll yollarının) üzərində zehni qüvvələrimizi birləşdirərək problemlərdən birlikdə çıxış yolu tapa bilərik. Ən əsası insanları problemlərinin həllinin mümkünlüyünə inandıra bilərik.
Psixologiyada Verter effekti (kütləvi intiharlar) adlı bir fenomen var. Sosioloq Devid Filips intihar faktlarının artmasında yerli mətbuatın rolunu göstərən bir araşdırma aparmışdı. Həmin araşdırmada baş verən intihar hadisələri ilə yerli mətbuatda həmin hadisələr barədə təfsilatlı məlumatların dərc olunması arasında əlaqə olduğu müəyyənlədirilmişdir. Bu müddəa dövrümüz üçün də aktualdır. Günümüzdə əsas informasiya mənbəyi KİV, elektron informasiya sayıtları, xəbər portallarıdır, nəzərə alsaq ki, yeniyetmə və böyük məktəblilər aktiv sosial media istifadəçiləridir, bu qəbildən olan məlumatların tirajlanması problemləri ilə müqayisədə gücsüz olduğuna inanan məktəbli psixikasına sirayətedici təsir edir. Misal olaraq, bu yaxınlarda intihar etmiş məktəblinin cənazəsinin məktəbdən qaldırılması ilə bağlı məlumatların işıqlandırılması onlarda yaşantıları şəxsiləşdirmək və eyniləşdirməklə bağlı düşüncə xətası, özlərini intihar etmiş insanlara bənzətmək, avtoritet olmaq, problemi ilə mübarizədə passiv həll yolu seçmək cəhdi və s. formalaşdıra bilər.
- Abituriyentlərin buraxılış və qəbul imtahanlarında aşağı nəticə göstərməsində günahkar valideyindir ya müəllim?
İmtahan prosesinin gedişatına, dolayısı ilə nəticələrinə, bütövlükdə, istənilən işdə uğur əldə etməyə təsir edən çoxsaylı daxili və xarici amillər, obyektiv və subyektiv səbəblər var. Bu baxımdan abituriyentlərin zəif nəticə göstərməsinin səbəbini ayrılıqda müəllim və valideynlə, yaxud onların birgə rolu ilə əlaqələndirmək doğru olmaz. Burada abituriyentin öz fəaliyyətini iradi və emosioal cəhətdən tənzim etməsinin, daxildən uğur əldə etmək istəməsinin, bu məqsədlə lazımi qədər və doğru çalışmasının, sahib olduğu zehni imkanlarının, həmçinin, xaricdən valideyn və müəllimin onu həvəsləndirməsi, dəstək göstərməsi, hər cür gərginlikdən uzaq tutması, ona inanması və imkanlarına uyğun nəticə gözləməsi, peşə seçiminə müdaxilə etməkdən çəkinməsi və s.in rolu var. Bu yola yaxşı olar ki abituriyent öz istəyi, öz seçimi ilə çıxsın, belə olarsa bu yolda qarşılaşacağı çətinliklərin, əziyyətlərin öhdəsindən gələr, həm də xarici dəstək olarsa, o daha yaxşı motivləşə bilər. Bir qism abituriyentlərin uğursuzluq qazanmasının əsas səbəbi daxili motivlərinin yetərincə olmamasıdır. Çünki uğur qazanmaq başlıca olaraq özünəinamla, dərslərə vicdanla, maraqla, həvəslə, məqsədyönlü yanaşma ilə mümkündür. Bu baxımdan abituriyentin uğursuzluğunun səbəbini tək özü ilə, yaxud tək müəllimlə, tək valideynlə, yaxud birlikdə valideyn və müəllimlərlə əlaqələndirsək, abituriyent öz uğursuzluğuna görə təkcə özünü və yaxud təkcə başqasını günahlandırmış olar, bu prosesdə özünün və başqalarının, digər amillərin rolunu doğru anlamaz.
- Abituriyentlərin valideyinlərinə məsləhətiniz nədir?
Təcrübədə abituriyentlərlə söhbət zamanı imtahanqabağı valideynlərin öz övladlarına qarşı aşağı nəticə toplayacağı təqdirdə “Analıq haqqımı, südümü halal etməyəcəm!”, “Sənə çəkdiyimiz maddi əziyyətə qarşılıq bizə olan borcunu ali məktəbə qəbul olaraq qaytarmalısan!” və s. kimi ifadələr işlətməsi hallarına rast gəlirik. Olduqca səhv və imtahanqabağı aşırı gərginlik yaradan ifadələrdir. Övladları uğursuzluq yaşayan valideynlər bu vəziyyətdə övladlarının qarşısında yox, yanında olsunlar. Onları aşırı vicdan, borc, günahkarlıq hissi ilə yükləməsinlər. Bu baxımdan abituriyentlər kimi valideynlərinin də əvvəldən uğur və uğursuzluğa psixoloji hazırlığı zəruridir.
İmtahanqabağı abituriyentlərin bir qismi gərgin iş qrafiki ilə işləməyi seçir. Valideyn bu cür çalışmağın zərərlərini, dərslərinə çox çalışmağın yox, doğru plan əsasında çalışmağın faydasını izah etsin. Həmçinin, imtahana hazırlıq mərhələsində əksəriyyət valideyn gücləndirilmiş nəzarət rejiminə keçərək abituriyentin daha çox oxumasını tələb edir, əslində, niyyətləri övladına kömək etməkdir, ancaq fərqində olmadan onda aqressiya, aşırı yükləyərək zehni, hissi və fiziki gərginlik yaradırlar. Abituriyentlər valideynlərinin onu başa düşmədiyi qənaətinə gəlir, sinirləri həssas olduğu və gərildiyi üçün valideynlərinə qarşı aşırı reaksiyalar verə bilirlər. Onların hərəki fəallığının məhdudlaşdırılması fiziki gərginliyə yol açır. Bütün günü fasiləsiz oxumaq valideynlərin zənn etdiyi kimi daha uğurlu etmir. Valideyn tərəfindən aşırı tələbkarlıq, daha çox dərs çalış tələbi onlarda zehni fəaliyyətə bağlılıq, başqa sözlə, sarışan hallar nevrozu (OKP- obsessiv kompulsiv pozuntu) yaradır. Digər tərəfdən, hazırlığına ailəsinin sərf etdiyi maddiyyatla, ümumiyyətlə, imtahanla bağlı narahatlıq, təşviş yaradan, təkrarlanan fikirlər, qorxular: uğursuzluq qorxusu, tənqid olunma qorxusu, gözləntilərin doğrulmaması qorxusu, “ailəmə olan borcumu geri qaytara bilməyəcəyəm qorxusu” və s. yaranır.
Abituriyentlərin valideynləri üçün tövsiyələrimiz:
- Ailədə sakit və əlverişli şərait yaradın;
- Övladınızın qida, yuxu, istirahətinə fikir verin;
- Övladınıza vaxtı tənzimləməkdə kömək edin;
- Dərslərini fasilələrlə, dincələrək etməsini təmin edin;
- Övladınızı inandırın, cəsarətləndirin, məsuliyyət hissi aşılayın;
- Təşvişli davranaraq onların da təşvişini artırdığınızı unutmayın;
- İmtahanqabağı gərginlik, vicdan, borc, məcburiyyət, günahkarlıq hissi yaradan ifadələrdən çəkinin;
- Övladınızı digərləri ilə müqayisə etməyin, lazımsız rəqabətə təhrik etməyin;
- Bacardığından artığını gözləməyin və ondan tələb etməyin;
- Tapşırıqları yerinə yetirib-yetirmədiyinə nəzarət edin;
- Müəllimləri ilə əlaqə saxlayıb dərs göstəricilərindən xəbərdar olun;
- Özünüzün və övladınızın gözündə imtahan və nəticəsini böyütməyin, fəlakətləşdirməyin;
- “İnsanlar nə deyər” düşüncəsindən uzaq olun;
- İmtahan anını düşünərək həyəcan keçirməsinin qarşısını almaq üçün onu imtahandan sonrasını düşünməyə yönəldin;
- Həyəcanın qarşısını alan preparatların istifadəsi imtahan zamanı süstlük, psixi fəaliyyətdə durğunluq yarada bilər, həkim məsləhəti olmadan bu cür preparatlardan istifadə etməyin.
- Abituriyentlərin özünə inamsızlığı hardan qaynaqlanır?
Abituriyentlərdə özünə inamsızlıq yaradan çoxsaylı daxili və xarici səbəblər var. Bu səbəblər içərisində sırf abituriyentlərin özləri ilə, xüsusilə düşüncə xətaları ilə bağlı olan səbəblər üzərində dayanmaq istəyirəm. Belə bir atalar məsəli var: "Ağac bar verdikcə başını aşağı əyər". Təcrübədə görürük ki, çox çalışan abituriyentlər imtahanqabağı həyəcan, qorxu, gərginlik hissinin təsiri altında özünə inamsızlıq hissi içində olurlar. Onlar öz zehni qüvvəsinə həddindən artıq tənqidi yanaşaraq özünə inamsızlıq, özündən əminsizlik, öz bacarığıdan narazılıq duyğusu yaşayırlar. Əksəriyyəti imtahan nəticəsinin özünütəsdiq vasitəsi olduğunu düşünür. Belə olduqda imtahan nəticəsi ilə bağlı öncədən mühakimə yürütməkdən xilas ola bilmirlər. Həmin mühakimələr isə daha çox neqativ yönümlü olur. “Mən uğur qazanmayacağam!” tərzində düşünməyə nə qədər davam etsən, o qədər uğurdan uzaqlaşacaqsan. Özünə inamlı və nikbin olmaq lazımdır.
Gərginliyin böyük hissəsi abituriyentlərin düşüncəsində imtahanla bağlı yaranmış qeyri-müəyyənliklərlə- görəsən, suallar necə düşəcək, birdən yaxşı bilmədiyim hissədən düşər və s. bağlıdır. Bu qeyri-müəyyənlik imtahan sualları ilə qarşılaşanda bitəcək, beyin onu çoxdan məşğul edən suala cavab tapmış olacaq və suallara uyğunlaşma başlayacaq. Əslində narahat olmağa əsas yoxdur, axı suallar ümumi təhsil proqramı həcmində düşəcək və sən həmin proqram üzrə hazırlıq keçirsən. Digər tərəfdən, məntiqlə çalışırsan, imtahana hazırlaşırsan, əlləri cibində uğur nərdivanına çıxmaq istəyənlərdən deyilsən.
Necə hazırlaşırsan? sualına sıx verilən cavab: gündüz-gecə, yatmadan, dincəlmədən, əylənmədən tərzində olur. Deməli, özünü yorursan. Yanlışın burdadır: fiziki işlə müqayisədə zehni iş insanı daha çox yorur. Daha çox oxuyasan, 1-2 test artıq işləyəsən deyə zəruri ehtiyaclarını, dincəlməyini, yatmağını, qidalanmağını və s. ertələyirsən, yəqin çoxlu səhv buraxırsan, məsələn, testdə “daxil deyil” əvəzinə, “daxildir” götürürsən, çünki fikrin ehtiyaclarının yanında qalır, beləliklə, bu müddət sənin üçün ağrılı-acılı, işgəncəli müddətə çevrilir. Nəticə olaraq, gərgin dərs çalışmaq səni yorur, yorğunluq, gərginlik özünə inamı, əminliyi, iradəni zəiflədir, məntiq itir, diqqət, yaddaş və təfəkkür göstəriciləri, bir sözlə, zehni iş kefiyyəti pisləşir. Dərslərə çox yox, doğru çalışmaq uğur gətirir.
Sizə beynin bir sirrini açım: beynimiz xəyal və gerçəkliyi fərqləndirə bilmir, xəyalında bacardığını təsəvvür et, beyində görüntü yarananda beyin əmin olmağa başlayır. Bu günədək bacardıqlarını yadına sal və “Bunu bacara bilərəm” de, milyonlarla sinir hüceyrələri həmin işi bacarmaq üçün səfərbər olacaq. İndi isə beynin daha çox inanması üçün məntiqi faktlara ehtiyacı var: Lazımi qədər çalışırsan? Bütün qüvvəmlə çalışıram. Beləliklə, beynin daha çox inanacaq.
- İmtahan öncəsi abituriyentlərə məsləhətiniz nədir?
- İmtahanı və nəticəsini gözündə böyüdüb fəlakətləşdirmə. Səndən yaxşı vəziyyətdə olanlar olduğu kimi, səndən pis vəziyyətdə olanlar da var. Məntiqlə imtahanın sonunda 2 cür nəticə əldə etmək mümkündür: uğur və uğursuzluq. Deməli, hər iki vəziyyətə hazır olmaq lazımdır, çünki bunun ortası yoxdur. Deyək ki, uğursuzluq yaşadın, növbəti dəfə uğur qazana bilərsən;
- İmtahanqabağı və imtahan zamanı həyəcan duymaq normaldır, ancaq onu idarə edə bilməmək problemdir. Əmin olmağın üçün hiss və ağılın əlaqəsinə baxaq: hisslər, fərqi yoxdur müsbət (sevinc) yaxud neqativ hisslər (həyəcan, təşviş, qorxu və s.) aktivləşəndə ağılın, şüurun sahəsi daralır. Yəni həyəcanlandığın üçün şüurun tormozlanmağa başlayır və nə etdiyini aydın dərk edə bilmirsən. Belə vəziyyətdə diqqəti toplaya, lazım olan məlumatı yaddaşından geri çağıra, təhlil, qərar qəbul və s. edə bilmirsən. Başqa sözlə, zehni fəaliyyətin zəifləyir;
- Qorxular hədəfə çatmağı çətinləşdirir. Ancaq orta dərəcədə qorxunun sənin üçün faydası var, o səni arxayınlaşmağa qoymur, zəif nəticə əldə etmək təhlükəsindən qoruyur, başqa sözlə, imtahan qorxun səni daha çox çalışmağa motivasiya edir;
- Reallaşmasından qorxub həyəcan keçirdiyin düşüncələrin reallaşmaya da bilər, amma məlum olan bircə budur ki, neqativ duyğu yüklü bu cür düşüncələrin, vaxt itkisinə, məqsəddən uzaqlaşmağına səbəb olur. Onlar sadəcə bir fikirdir, keçib getməsinə izin ver;
- Beynin işləməsi üçün oksigen lazımdır, nəfəs alaraq beyni oksigenlə təmin edirik, nəfəs verərək orqanizimdən karbohidratları xaric edirik. Qorxu-həyəcan zamanı nəfəs alma sürətlənir, nəfəs vermə ləngiyir. Bu o deməkdir ki, karbohidratlar bədəndə qalıb toksik (zəhərli) vəziyyət yaradır, bu dəfə də neqativ hissi yaşantılarına bədənindəki narahatlıq əlavə olunur. Digər tərəfdən, bədəndə bədən reaksiyaları- titrəmə, nəfəs darlığı, ürəyin ritminin artması və s. baş verir. Qorxu-həyəcanı azaltmaq üçün nəfəs və relaksasiya məşqləri öyrənib tətbiq etməyində fayda var, bu məşqlər özünü və fəaliyyətini emosional və iradi tənzim etməyə kömək edəcək:
a) İlk öncə, nəfəsi qaydaya sal. Nəfəs almanı ləngitmək, nəfəs vermənin müddətini uzaltmaq lazımdır. Xüsusi nəfəsdən istifadə et: zehnində 4-ə qədər sayıb burnundan nəfəs al, zehnində 6-ya kimi sayıb nəfəsi saxla, zehnində 8-ə qədər sayıb ağzından uzun nəfəs ver.
b) Relaksasiya məşqlərini (bədənin gərginliyini azaldan, rahatladan hərəkətlər) googledən axtarıb tətbiq edə bilərsən.
c) Həmçinin, bədəninin rahat olması üçün yuxuna, qidana fikir ver, istirahətinə vaxt ayır, dərslərə çox yox, düzgün, planlı şəkildə çalış, sinirləri sakitləşdirən melodiyaları dinlə, fasilədə ən sevdiyin işlərlə məşğul ol, zehni istirahət məşqləri et.
ç) Daha sonra belə hiss etməyini tətikləyən səbəbləri axtar. Səni həyəcanlandıran, qorxudan düşüncələrininin fərqinə varıb onları məntiqi təhlil etsən, həmin duyğulardan azad ola bilərsən. Özünə belə sual ver: mən nədən qorxuram, niyə qorxuram, məni qorxudan düşüncələrimin məntiqi əsası varmı? Qorxularım həqiqi yoxsa yalançı qorxulardır? Qorxaraq mən nə qazanıram, nə itirirəm (qorxuma görə hansı fürsətləri qaçırıram)? Bu suallara cavab axararaq qorxunun sənə mane olduğunu anlayacaqsan.
d) 3-5 dəqiqə özünü qorxutmadan qala bilsən, qorxun keçəcəkdir. Çünki adrenalin maddəsi 3 dəqiqə ərzində qanda parçalanır;
- Valideyn və müəllimlərindən dəstək al;
- Həyəcanın öhdəsindən təkbaşına gələ bilmədiyin halda, psixoloqdan yardım al. Psixoloq imtahanla bağlı səndə təşviş yaradan, qorxudan düşüncələri müəyyənləşdirib, onları məntiqi dəyərləndirməyinə kömək edəcəkdir;
- Aşırı məsuliyyət, günah, borc hissindən qurtul;
- Beyin məcburiyyət hiss etdikdə işdən yayınmaq üçün çoxlu bəhanələr istehsal etməyə başlayır. Düşüncədə məcburiyyət yaradan -malı, məli sonluqlu ifadələr işlətmə. Məsələn, “Yüksək bal toplamalıyam!” əvəzinə, “Yüksək bal toplayıb istədiyim ixtisasa qəbul ola bilərəm!” tərzində düşüncə beynini məcburiyyətdən xilas edəcək;
- Məlumatları vasitəli (başqa bir şeylə əlaqələndirərək) yadda saxla;
- Səssiz və şüurlu oxunu özündə inkişaf etdir, çünki imtahan zamanı sualları ucadan oxumaq, ucadan düşünmək imkanın yoxdur. Eşitsəl və qarışıq (görsəl və eşitsəl) dərketməyə sahib olan abituriyentlər ən çox bu sahədə problem yaşayırlar;
- Ən yaxşı bildiyin fəndən başla. Tapşırıqları uğurla həll etdikcə özünəinamın artacaq;
- Bilmədiyin sual üzərində vaxt itirmə, çünki başqa tapşırığa keçməyinə baxmayaraq, beyin bütün qüvvələrini (diqqət, yaddaş, təfəkkür) həmin məchulun axtarışı üçün səfərbər edir, bir növ ilişib qalır, başqa tapşırıq üzərində mərkəzləşə bilmir və cari tapşırıqla bağlı təfəkkürün tələsik qərara gəlir.
- İmtahanda uğursuzluq yaşayan abituriyentlərə məsləhətiniz nədir?
- Həyatının tək mənası qəbul imtahanında uğur qazanmaq deyil. İmtahanda uğur qazansaydın, bütövlükdə həyatında yox, “Təhsil həyatın”da müsbət dəyişikliklər olacaqdı. Həyatın tək ali məktəbə qəbul olmaq məqsədi ilə bağlı deyil, bugünədək bacardıqlarını, bacarmaq istədiklərini, digər məqsədlərini, qarşına qoyacağın yeni məqsədləri, səni xoşbəxt edən maraqlarını, hobbilərini, sevimli məşğuliyyətlərini xatırla;
- Uğursuzluq yaşadığın təqdirdə təcrübə qazandığını unutma. Üstün və zəif tərəflərini görmüş oldun. Bu da sənə imkan verir ki zəif cəhətlərin üzərində çalışasan;
- Problemə qarşı neqativ yox, pozitiv duyğular (ümid, sevinc, inam) kömək edir, həll yolları tapmaq asanlaşır, odur ki, nikbin ol;
- Sən problemindən daha böyüksən, problemin isə həll olunacaq kiçik bir misaldır və sən onu həll edə bilərsən, xatırla, çətinliyə düşəndə kimdən kömək alırdın? Deməli, çətin vəziyyətlərdə sən kömək almaq haqqında fikirləşirdin;
- Yaxud yadına sal, yeriməyi, gülməyi, uğur qazanmağı, əylənməyi, bütövlükdə həyatı, necə, kimlərdən öyrənmişdin? Böyüklərdən, yaşıdlarından, təkbaşına öyrəndiyini şeylər də olmuşdu;
- Uğursuzluq sənə çıxılmaz vəziyyət kimi görünə bilər, ancaq sən özün və ya başqalarının köməyi ilə bu vəziyyətdən çıxa bilərsən. Hal-hazırda yaşadığın uğursuzluq nəticəsində aşırı gərginliyin (stressin) təsiri ilə hissi davranırsan, probleminə hissi yanaşdığın üçün məntiqi düşünə və təklikdə çıxış yolu tapa bilmirsən, ancaq bir az sakitləşib təklikdə, yaxud başqalarının köməyi ilə bu vəziyyətdən tez çıxa bilərsən;
- Özünü hər halınla qəbul et, ilk öncə, sənin özün tərəfindən başa düşülməyə ehtiyacın var, gərginliyini atmaq üçün duyğularını basdırma, yaşa;
- Rahatlıq tapmaq üçün düşüncələrini yaza bilərsən;
- Çətin məqamlarda ən yaxın dostuna məsləhət verirmiş kimi özünə məsləhət ver;
- İlk uğurlu addımını yadına sal, sala bilmirsən, çünki 3 yaşadək yaddaşında olan informasiyalar silinmişdir, ona görə yıxılmaqların, ilk uğursuzluqların yadında deyil, o vaxt bunun bir də alınmayacağı ilə bağlı düşüncən yox idi, zamanla özünü başqaları ilə müqayisə etməyə, başqaları haqqımda nə fikirləşər deyə düşünməyə başladın. Özünü başqaları ilə yox, özünlə- dünənki sənlə bugünkü səni müqayisə et, səni narahat edən “ətrafın fikirləri”nin böyük hissəsini inan ki, sən öz düşüncəndə yaradırsan və başqalarının düşüncəsini oxumaqla bağlı düşüncə xətasına yol verirsən. Həmin insanlardan sənin barədə nə fikirləşdiklərini soruşsan, düşüncələrinin doğru olmadığını görəcəksən;
- Təkbaşına həll edə bilməməyin sənin gücsüz olduğunu göstərməz, sadəcə, çox güman ki, daha əvvəllər belə bir yaşantın olmadığından, təcrübəsizsən, əmin ol ki, böyüklərin belə təcrübələri, uğursuzluq hekayələri çoxdur, indi o vaxt bunu özlərinə necə böyük dərd etdiklərini xatırlayıb gülürlər. Onlar belə vəziyyətlərdən necə çıxmaq lazım olduğunu sənə deyəcəklər. Psixologiyada “Tolstoyun velosipedi” anlayışı var, Tolstoy 67 yaşında velosiped sürməyi öyrənib və belə nümunələrin sayı minlərlədir;
- Problem qarşısında tək deyilsən, güvəndiyin şəxslərlə (valideynlərinlə, bacı-qardaşınla, müəlliminlə, dostunla, sinif yoldaşınla və s.) və psixoloqla danışa bilərsən. Öz düşüncə və duyğularını bölüşəndə probleminə kənardan baxmaq imkanın yaranacaq, həm də onları bölüşərək rahatlıq və çıxış yolu tapacaqsan.