Logo

"Əziz valideynlər, müəllimlərə kömək edin!"

29.10.2022 21:42 2510 baxış
IMG

Biz müəllim olaraq şagirdlərimiz üçün səmərəli öyrənmə mühiti qururuq. Bəs bu səmərəli öyrənmə mühitindən şagirdlərimiz nə dərəcədə yararlanır?

Şagirdlərimiz bizim istədiyimiz kimi nəticələr əldə edirmi? Düşünürəm, yox! Problemin çox dərin və vacib olduğunun əslində hamımız fərqindəyik.

Biz kurikulumda təfəkkür mövzusunu keçərkən deyirik ki, məntiqi təfəkkürün əsasını valideynlər qoyur, yəni 2 yaşından başlayaraq uşaqlarda məntiqi təfəkkür inkişaf edir. Uşaq məktəbə gedən zaman isə məntiqi təfəkkür daha da inkişaf edir, müəllim şagirdin təfəkkürünü inkişaf etdirir.

Valideynlərin çoxu demək olar ki, bu işin öhdəsindən gəlməyi bacarmır. Yəni azyaşlı uşağın çox sual verməməsi, çox dağıdıb, qırıb-tökməməsi üçün telefonla susdurulur və günü-gündən uşaqlarda aqressiv hallar müşahidə edilir, telefondan, mobil oyunlardan, internetdən asılı vəziyyətdə qalırlar.

Təbii ki, belə olan halda uşaq məktəbə başlamamış uşaqla məktəb arasındakı bağ yaranmamış pozulacaq.

Məsələnin ikinci bir tərəfi də var. Ata-ana ilə övlad arasında güvənli bağın qurulmaması, sevgi ehtiyacının ödənilməməsi və s. Şagirdlərin bir-biri ilə düzgün əlaqə qura bilməməsi, bullinq hallarının çoxalması... Bunların hamısı həmin şagirdlərin sevgiyə, qayğıya, hörmətə ehtiyacı olmağının əlamətləridir. Uşaq evdə valideyninə hər hansı bir məsələ ilə bağlı göstərə bilmədiyi əks reaksiyanı ətrafında olan digər insanlara ötürəcək.

Valideyn iclaslarında valideynlərlə söhbət edərkən valideyn and içərək hətta nə qədər övladını döydüyünü, ancaq öhdəsindən gələ bilmədiyini bildirir. Elə problem bu deyilmi? Axı şiddət bir çarə deyil. Evdə şiddət görən uşaq o şiddəti məktəbdə sinif yoldaşlarına, gələcəkdə isə öz ailəsinə, övladlarına ötürəcək.

Əsas vəzifəmiz universitetə daxil olacaq bir şagird yetişdirmək olmamalıdır. Məqsədimiz mənəvi dəyərlərə malik, özünəinamlı şəxsiyyət yetişdirmək olmalıdır  Bunu biz tək müəllimlər bacarmayacağıq. Mən bütün valideynlərdən kömək istəyirəm!

Övladlarınızla düzgün münasibət qurun, onlara sevgi verin, onlara zaman ayırın, onlara dəyərli olduqlarını hiss elətdirin, çox çalışsalar, hər işin öhdəsindən gələ biləcəklərini başa salın, əsas hansısa universitetə daxil olmasının vacib olmadığını, əsas ən sevdiyi işi görməsi olduğunu, məqsədlərinin arxasınca getməli olduğunu onlara başa salın. Övladlarınızın telefonlarına nəzarət edin, oynadıqları oyunların, izlədikləri videoların onların şüuraltılarına təsir etdiklərini bilin, övladlarınızı sevin, sevdiyinizi göstərin, biz müəllimlərə kömək edin!

Kamalzadə Pünhanə
Fizika müəllimi

Xəbər lenti