Logo

MÜƏLLİM cəmiyyətin etibar etdiyi şəxsdir

30.10.2022 13:37 387 baxış
IMG

Səltənət Qurbanova: “Ən əsas məqsədim öyrənmək və öyrətməkdir”

Səltənət Qurbanova Gəncə Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsində “Effektli öyrənmə”, 4-cü qrant müsabiqəsində isə “Rəqəmsal zəka” layihəsi ilə qalib olub. 2022-2023-cü tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsində uğurlu nəticə əldə edərək Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbə müəllim təyin olunub.

- Səltənət xanım, pedaqoji fəaliyyətinizdə müəllim  kimi məqsədiniz nədən ibarətdir?

- Ən öncül məqsədim öyrənmək və öyrətməkdir. Çünki yaşamaq istəyiriksə, yaratmalıyıq. Bir də cəmiyyəti irəli aparmaq, inkişaf etdirmək istəyiriksə, öyrənməli və öyrətməliyik. Bilirik ki, müəllim gənc nəslin mənəvi aləminin memarı və cəmiyyətin etibar etdiyi şəxsdir. Onun məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmətlə yanaşan, vətənpərvərlik hisslərinə sahib və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

- Sinifdə dərsin gedişini necə nizamlayırsınız?

- Müəllimlik şagird dərsi bilmədikdə və mənfi davranış göstərdikdə başlayır. Mən adətən həmin şagirdə məsuliyyət yükləyirəm. Məsələn, qrup işi zamanı həmin şagirdi qrup rəhbəri təyin edirəm və ya fərdi tapşırıq verirəmsə, həmin şagirdi lövhədə işləməyə dəvət edirəm. Sonra müxtəlif metodlardan istifadə edərək şagirdin diqqətini dərsə yönəltməyə çalışıram. Beləliklə, dərsin gedişatına mane olan həmin şagird tədris prosesinə cəlb olunur. Çox vaxt şagirdlərimə “dərsi necə keçsək sizin üçün maraqlı olar?” sualı ilə müraciət edərək yazılı cavablar alıram və deyilən təkliflərdən sonra dərs prosesini ona da uyğun qururam.

- Sizcə, yaxşı müəllim olmaq  çətindir, yoxsa  şagird?

- Hər ikisinin öz məsuliyyəti və çətinlikləri var. Müəllim olaraq öyrətməyin, şəxsiyyət yetişdirməyin çətinliklərini bilirik, çünki şagirdlərin hamsı eyni olmur. Öyrənmə bacarıqları aşağı olan şagirdlərimiz də  var. Onları doğru yönləndirmək, tədris prosesinə cəlb etmək daha çətin olur. Ona görə müəllimliyin yarısı da şagirdləri həvəsləndirməyin yollarını bilməkdən ibarətdir. Amma öyrənmə bacarıqları yüksək olan şagirdlə öyrətmə bacarıqları yüksək olan müəllim qarşılaşarsa, nə müəllim olmaq çətin olar, nə də şagird. Ona görə də hər kəs öz üzərinə düşən işin məsuliyyətini dərk edərək yoluna davam etməlidir.

- Müəllimlik peşəsində ən çox diqqət edilməli məqam nədir?

- İlk öncə ixtisasını mükəmməl bilməkdir, çünki ixtisasını mükəmməl bilməyən müəllim şagirdə yüksək təhsil verə bilməz. Daha sonra zamanın tələbləri ilə ayaqlaşmalıyıq. Digər diqqət edilməli məqam inkişafa və yeniliyə açıq olmaqdır. Müəllim şagirdə hazır bilikləri verməməli, onun beynində fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir. Son dövrlərdə qəbul imtahanlarında yüksək balla müəllimlik peşəsinə yiyələnmək istəyən gənclərin çox olduğunu görürük. Bu, müəllimlik peşəsinə sevginin artmasının, həmçinin müəllim olmaq üçün qoyulan tələblərin şəffaflığı ilə bağlıdır.

- Şagird və müəllim münasibəti...

- Şagirdlərimlə aramızda hörmət və sevgiyə dayanan səmimiyyət hər zaman olub, bu münasibətin belə davam etməsi üçün də əlimdən gələni etməyə çalışıram. Bütün şagirdlər istəyir ki, öz müəllimləri onlara şəxsiyyət kimi yanaşsın. Bu istəyi hər zaman nəzərə almışam. Bundan başqa, şagirdlərimin problemləri ilə fərdi şəkildə maraqlanıb, onların etibarını qazanmağa çalışmışam ki, çətinlik çəkdikləri məqamlarda çəkinmədən məndən kömək istəyə bilsinlər.

- Şagirdlərinizə həyatı dərindən anlamaları üçün hansı kitabı oxumağı tövsiyə  edərdiniz?

- Maraqlı sualdır. Belə vaxtda özümün həyatı anlamağıma kömək edən ən təsirli və faydalı hesab etdiyim Vidadi Babanlının “Vicdan susanda” əsərini tövsiyə edərdim. Çünki bu əsərdə yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur. Düşünürəm ki, bu əsər həyatı dərindən dərk etmək üçün şagirdlərimə ən təsirli vasitədir.

Raminə MƏMMƏDOVA,

Gəncə-Daşkəsən RTİ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Xəbər lenti