Ötən il fakültəmizin müəllimi Ağamusa Zeynalov uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşdu. Dəfələrlə Ağamusa müəllimlə görüşməyi qarşıma məqsəd qoydum. Fəqət, müəyyən səbəblərdən istək baş tutmadı.
Düşünürəm ki, Ağamusa Zeynalovla görüşüm gerçəkləşsəydi bu əbədi və silinməz xatirəyə dönərdi. Həm də vaxtsız həyatdan köçən, illərlə Ağamusa müəllimlə Azərbaycan Dövlət Universiteti (BDU) nəşriyyatında bərabər çalışan anamın dayısı Telman Mustafayevin də ruhunu şad etmiş olardım. Atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Beləcə, günlər saya, saylar aya döndü...
... Fələyin çarxı isə işləyirdi. Kaş işləməz olaydı.
27 iyun, 2021-ci il. Fakültəmizin digər müəllimi İlham Mazanlı da əbədiyyət ünvanına yol aldı.
7 iyun, 2022-ci il. İyun ayı fakültəmizə növbəti hüznünü yaşadır. Səhərimiz kədərlə açılır. Jurnalistika fakültəsinin ağsaqqal müəllimi, Azərbaycan elminin cəfakeş alimi Nəsir Əhməd işıqlı dünyayla sağollaşır - öz elm nurunu, ziyalı işığını qoruyaraq.
Nəsir Əhməd bizə "Jurnalistin nitq mədəniyyəti" fənnini tədris edirdi. İlk dəfə idi ki, Nəsir müəllimin kitabında "mündəricat" sözünün "içlik" kimi yazıldığını görürdüm. Nəsir müəllim ana dilimizin cəkakeşi idi. Fərhad kimi dilimizin inkişafı uğrunda yorulmaq bilmədən savaşır, külüng vururdu.
Nəsir müəllimin bizim qrupa keçdiyi dərslər pandemiya dövrünə təsadüf etdi. Hər dərsi səbrsizliklə gözləyirdim. Vaxtından qabaq onlayn dərsə qoşulurdum. Hər dəfə də Nəsir müəllimi onlayn dərs otağında görürdüm:
- Salam, Əsgər, tələbələr dərsə qoşulmayıb?
- Salam, Nəsir müəllim. Xeyr, dərsin başlamağına hələ xeyli vaxt var.
Nəsir Əhməd olduqca tələbkar, diqqətli və qayda-qanunu sevən müəllim idi. Bəzən hansısa ifadəni cümlədə doğru işlətməyəndə, sözü düz tələffüz etməyəndə müəllim anında səhvimizi düzəldir: "Çalışın belə səhvə yol verməyin" - deyirdi. İndi də Nəsir müəllimin "Əsgər, oxu", "Sözün mahiyyətini anla, vurğunu düz işlət" - sözləri öz səsiylə qulağımda eşidilir.
Dahilərdən biri deyirdi ki, klassika oxumaq istədiyimiz, ancaq oxumadıqlarımızdır. Nəsir Əhməd dünənlə - klassikaya, sabahla - müasirliyə bağlı müəllim idi.
Onlayn dərs zamanı Nəsir müəllimin kvadrat yazı masası üzərində qəzetlər, kitablar görünərdi. Gözündə eynək, əlində qələmi ilə dərs qeydlərini aparır, tez-tez masaüstü lampanın işığını yandırıb-söndürürdü. Klassik ədəbiyyat, jurnalistika nümunələrindən misal çəkir, arxaik və dilimizə yeni daxil olan ifadələrin zərgər dəqiqliyi ilə mənasını açıqlayırdı. Nəsir müəllim, həm də sazlı-sözlü, sözü Allah qatına qaldıran adam idi.
Nəsir Əhmədə istedadı boya-başa çatdığı Alakol vermişdi. Nəzmin, nəsrin ən gözəl nümunələrini, məhz Alakolda yaratdı, Nəsir müəllim. Doğma eldə-obada sazın sehirli simindən doğan aşıq mahnılarını dinlədi. Lentin yaddaşına köçən kadrları Feysbuk səhifəsində də dostları ilə bölüşdü. Çox sevinirdi. Bütün bunları müəllimin simasında yaranan qeyri-adi işıqdan da sezmək olardı. Alakol bizlərə Nəsir Əhməd bəxş etdi. Nəsir müəllim özü də Yaradanın payından razı, minnətdar idi. "Gedəmmərəm" şeirində bunu aydın şəkildə görmək olur:
Nəsir sevir sədaqəti,
Bu torpağı, bu milləti,
"Tovuz" adlı bir cənnəti,
Düzü, qoyub gedəmmərəm.
Biz də böyük elm adamını jurnalistikamıza yetirən kiçik bir kəndə - Alakola minnətdarıq...
Nəsir Əhməd 80 il ömür yaşadı. Bu ömrün şirəsini Alakoldan aldı. Bu ömrün şirəsini Bakı Dövlət Universitetində tələbələrinin yolunda intişar etdi.
Ötən ay fakültəmiz Nəsir müəllimin 80 illik yubileyinə cəm oldu. Qəlbə məhrəm sözüylə, cana məlhəm səsiylə halallaşdı, sağollaşdı bizlərlə... Öz ucalığına - Nəsir Əhməd zirvəsinə çəkilmək üçün...
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi