Noyabrın 21-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin və Fondun əməkdaşı Ağca Məmmədovanın tələbələrlə görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və iki qurum arasında əməkdaşlıq məsələlərinin istiqamətlərinin müzakirəsi edilməsi olub.
AƏSMA-nın rektoru professor Hüseyn Qaraşov tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, görüşün əhəmiyyətindən danışıb, dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib. Rektor ökəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticələrindən danışaraq qeyd edib ki, bu gün ölkədə gənclərə, o cümlədən ali təhsil müəssisələrində təhsil alan tələbələrə xüsusi diqqət göstərilir.
Eyni zamanda insan kapitalının inkişafı ilə bağlı reallaşdırılan bir sıra dövlət proqramlarından söz açan rektor Azərbaycanın daxili siyasətinin mərkəzində insan amilinin dayandığını bildirib və daha çox həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin verilməsi məqsədinə xidmət edən Təhsil Tələbə Krediti Fondunun önəmini vurğulayaraq diqqətə çatdırıb ki, akademiyada Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr arasında geniş maarifləndirmə işləri aparılmışdır. Bugünkü görüş də həmin maarifləndirmə işinin davamıdır.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib.
Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı, təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayaraq qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hər kəs üçün, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxsləri üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Görüşdə mövzuya dair suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilərək qeydə alınıb.