Logo

"Təəccüb doğuracaq tövsiyələr və yaxud yazmazdan əvvəl düşünmək lazımdır"

03.03.2023 18:29 439 baxış
IMG

Dahi Üzeyir Hacıbəyli yazırdı ki, “hər nəsil öz məqsədləri, ictimai meylləri üçün keçmiş irsdə bir dəlil, bir dayanacaq axtarır”. Təəssüf ki, bəzən o keçmişdə üz tutası, əl qoyası bir yer qoymuruq... 

1920-ci illərin ortalarından başlayaraq Rusiya ədəbi mühitində baş verən hadisələr Azərbaycanda öz təsirini o qədər güclü (əslində çox amansız) göstərdi ki, onun acıları hələ uzun illər unudulmayacaq. Bu “ədəbi mühiti” qəbul etməyib, milli mövqedən çıxış edən, müstəqil düşünən, haqqı söyləyən yazarlar (bu əqidədə olan bütün insanlar) əksinqilabçı, “xalq düşməni” adı ilə həbs edilir, güllələnir və ən yaxşı halda Sibirə sürgün edilirdi. 

Xoşbəxtlikdən milli istiqlaliyyəti hər şeydən üstün tutanlarımızı nə həbslər, nə Sibir çölləri qorxuda bilmədi. Onlar vətəni, milləti, onun azadlığı, istiqlaliyyəti uğrunda canlarını belə əsirgəmədilər... 

Amma neyləyək ki, elə onları daha çox tənqid, təhqir edənlər də dini, dili bir olan soydaşları, qələm yoldaşları oldu. Ədəbiyyatı, mətbuatı, bir sözlə ədəbi mühiti bolşevikləşdirmək uğrunda “amansız, şiddətli, rəhmsiz mübarizə və mücadiləyə” qoşulan Əliheydər Qarayev, Dadaş Bünyatzadə, Hənəfi Zeynallı, Mustafa Quliyev, Əli Nazim, Ruhulla Axundov, Ayna Sultanova, Hökümə Sultanova, Süleyman Rüstəm, Məmməd Səid Ordubadi, Mikayıl Rəfili, Məmməd Cəfər, Əkrəm Cəfər, Mirzə Kazım Ələkbərli, Əli Vəliyev (Məsud), Hüseyn Arif, Mehdi Hüseyn, Marks, Engels, Lenin, Stalin babalarının “ideyalarının təbliği uğrunda” öz millətinə qarşı qoyuldular.

Doğrudur, onların arasında Ruhulla Axundov, Mustafa Quliyev, Əli Nazim, Hənəfi Zeynallı kimi yanlış yolda olduğunu dərk edib 37-nin qurbanı olanlar da oldu. Amma bilə-bilə bu yanlış yolu gedərək yüksək vəzifələrə, fəxri adlara sahib çıxanlar da. 

Belə müəlliflərdən biri də Sovet dövrünün tanınmış dramaturqu, ədəbiyyatşünas alimi, tənqidçisi, ictimai xadimi, qələm yoldaşlarının təbirincə desək: “1920-30-cu illər ədəbi hərəkatının ən görkəmli yaradıcılarından”, “Azərbaycan ədəbiyyatının Sovet mərhələsinin əsasını qoyanlardan” biri Mehdi Hüseyndir. 

Əziz oxucum! Mən heç də Mehdi Hüseynin istedadlı bir yazar olduğuna şübhə etmirəm və bunu danmaq fikrində də deyiləm. Bunu təsdiq edəcək onlarla dissertasiyalar, elmi kitablar, əsərlər, məqalələr yazılıb, “möhürü” də vurulub. Amma doğrudan da Mehdi Hüseyn həm bir yazar, həm də bir ictimai xadim kimi əsl Sovet adamı olub. Bəli, məhz dövrünün. Ona görə də əsərləri başdan-ayağa Sovet ideologiyasına “bürünüb”. Təbii, Sovetlərə belə can-başla qulluq etməsəydi nə “Xalq yazıçısı” kimi fəxri ada, orden-medallara sahib olardı, nə də yüksək vəzifələrə ucala bilərdi... 

...Mehdi Hüseyn özü də bilirdi ki, yazdıqlarının çoxu, xüsusən də 1920-30-cu illərdəki ədəbi-tənqidi məqalələri obyektivlikdən çox uzaqdır. Bunu müəllif özü 1960-cı illərin ortalarında belə etraf edirdi ki: “...biz Sovet ədəbiyyatı uğrunda mübarizədə yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxdıq”. 

Amma təəssüflər ki, Mehdi müəllim bu etirafı edəndə çox gec idi. Onun dəfələrlə amansızcasına tənqid, hətta təhqir etdiyi M.Müşfiq, S.Hüseyn, Ə.Cavad, H.Cavid artıq 37-nin qurbanı olmuşdular. 

Mehdi Hüseynin 1920-ci illərin sonlarından 1950-ci illərin sonlarına kimi yazdığı ədəbi-tənqidi məqalələri ilə tanış olarkən Əhməd Cavada, Mikayıl Müşfiqə, xüsusən də Hüseyn Cavidə qarşı daha çox amansızlığının şahidi oluruq. Bilirəm, bu gün bunu çoxları qəbul etməyəcək. Amma bu bir faktdır və arxivlərimizdə bu faktı təsdiq edəcək məqalələr, çıxışlar, sənədlər saysız-hesabsızdır. Bu məqalə və çıxışlar “Hücum”, “İnqilab və mədəniyyət”, “Maarif və mədəniyyət”, “Kommunist”, “Ədəbiyyat” kimi istiqlaliyyətə düşmən kəsilən, bolşevik ideyalarının təbliğatçısı olan qəzet və jurnalların səhifələrində yüzlərlədir. 

“Yenidən qurulma məsələsinə soyuq baxan və bu uğurda əhəmiyyətsiz addımlar atan Hüseyn Caviddir” söyləyən M.K.Ələkbərli, “Hüseyn Cavid qabaqlar da havada gəzərək yerə enmək istəmirdisə də, indi aşağılara yaxınlaşır” deyən Ə.H.Qarayev, “H.Cavid və Ə.Cavad bugünki Azərbaycan burjuaziyasının tipik müəssisləridir. Burjua məfkurə və zehniyyətlərini davam etdirirlər...” yazan Ə.Nazim belə ədibin yalnız yaradıcılığını tənqid ediblər. 

Dövrün digər tənqidçilərindən fərqli olaraq Mehdi Hüseyn isə Hüseyn Cavidin təkcə yaradıcılığını deyil, özünü də “son dərəcə mürəkkəb və ziddiyyətli bir şəxs” adlandıraraq tənqid etmişdir. 

Hansı ki, Mehdi Hüseyn filosof şairi “mürəkkəb və ziddiyyətli şəxs” adlandırdığı zaman yazı-pozu aləminə yenicə ayaq açmışdır. Hüseyn Cavid isə o zaman Mehdi Hüseynin yaşından çox artıq ədəbi aləmdə qələm çalmışdır. “...20-ci illərin ortalarından 30-cu illərin əvvəllərinə qədər Azərbaycanın dahi şairi və dramaturqu H.Cavid yaradıcılığının çiçəklənmə, zirvəyə yaxınlaşma dövrü” olduğunu əksər cavidşünaslar iddia edir və bu baxımdan onlar çox haqlıdırlar. 

Dövrü mətbuatda çap olunan məqalələrlə tanış olarkən bəlli olur ki, zaman uzun illər azadlıq şairi H.Cavidə qarşı amansız olmuşdur. Ədəbiyyatşünas alim Yaşar Qarayevin söylədiyi kimi: “Cavid-zaman münasibətlərinin bəlkə də ən mürəkkəbi, təzadlısı və ibrətlisidir. Bu mürəkkəblik Cavidin yaşayıb-yaratdığı tarixi epoxanın öz narahatlığı ilə, öz fırtına və inqilabları ilə aşılanmışdır və dolayı inikasını (vulqar və bayağı ifratları ilə bərabər) bəzən Caviddən də çox cavidşünaslığın axtarışlarında tapılmışdır”. 

Hər kəsə bəllidir ki, sovet dövründə H.Cavid yaradıcılığı, şəxsiyyəti siyasi ideologiyanın qurbanı olmuşdur. Danılmaz bir həqiqət var ki, “siyasi tələblər böyük əsərlərdə özünə bir dayanacaq tapmadıqda belə o əsərləri qiymətdən sala bilmir, belə əsərlər insan ruhunun, insan psixologiyasının daha dərin qatlarına təsir etdiyi üçün siyasi tələblərin hökmünə tabe deyildi”. 

Bax elə ona görə heç bir qadağa, təzyiq H.Cavidi oxucularının qəlbindən silib ata bilmədi. Əliağa Vahid demiş, “Cavid əbədidir, qalacaq namı cahanda”. 

Doğrusunu deyim ki, M.Hüseynin 20-30-cu illərdə yazdığı məqalələrin böyük əksəriyyəti yalnız ilk duyğuların təsiri altında yazılmış məqalələr olduğu üçün onlardan “dərin elmi təhlil gözləmək” heç düzgün də deyil. Ədibi “çox ziddiyyətli və mürəkkəb” adlandıran Mehdi müəllim H.Cavid yaradıcılığına “siyasi ideyalar və ideallar mövqeyindən” yanaşmasından irəli gəlirdi. 

H.Cavid yaradıcılığı ilə tanış olarkən aydın olur ki, ədib ədəbi tənqidə, sözə məsuliyyətlə yanaşıb və sağlam tənqidə qarşı çox məsuliyyətli olub. “Bir tənqid ki, məhəbbət və səmimiyyətdə xüdfüruşluq və xüdkamlıq nəticəsi olaraq yürüdülərsə, o yürüməz, daha doğrusu yürüyəməz, yürüsə belə, əmin olmalı ki, səbatsız olur” – söyləyən Hüseyn Cavid ədəbi tənqiddə sağlam əqidəli olmağı, qərəzsizliyə yol verməməyi təklif edirdi. 

Elə Mehdi Hüseyn də illər sonra onu tənqid edənlərə üzünü tutaraq deyirdi: “Haqqımda yazılan tənqidlər məni yalnız öz nəzəri səviyyəsinin ibtidailiyi cəhətindən kifayətləndirmir. Lakin prinsipli, tələbkar, dostcasına yazılmış yüksək tənqidi mən də o biri yazıçlarımız kimi səbirsizliklə gözləyirəm”. 

Mehdi Hüseyn bu sağlam, qərəzsiz ədəbi tənqidi 60-cı illərdə yazırdısa, H.Cavid isə Mehdi müəllim onu amansızcasına tənqid atəşinə tutduğu vaxtdan da əvvəl deyirdi: “Hər söz sahibinin sözü ilk öncə ruhilə və vicdanilə uzlaşmalı, müvafiqət etməli, sonra müxatibə söylənməlidir. Demək ki, sözün təsirbəxş olması için, söz söyləyənin iyi bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olması icab ediyor”. 

İnsanlığına və istedadına çox böyük hörmət etdiyim, bütün həyatı boyu haqqın yolunda heç nədən çəkinmədən sözünü deyən, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim, şəxsiyyətinə çox hörmət etdiyim mərhum müəllimim Qulu Xəlilov Mehdi Hüseyni Azərbaycan “ədəbi tənqidinin cəngavəri” adlandıraraq yazırdı ki, “Mehdi Hüseyn sözün həqiqi mənasında cəngavər idi. O, prinsipiallığın, cəsarətin zirvəsində dayanırdı”. Ruhu şad olsun əziz müəllimimin. Onu çox yaxşı tanıdığım üçün sözlərindəki səmimiyyətə inanıram. Bəs bu prinsipiallıqdan, cəsarətdən Müşfiqlərə, Cavadlara, Cavidlərə niyə pay düşmədi..?”. 

“Mənim tanrım gözəllikdir, sevgidir” deyə bütün bəşəriyyəti sülhə, sevgiyə səsləyən H.Cavid “tarixin və taleyin acı “məzhəkələrinin” tufanına qurban oldu... 

H.Cavidin yaxın dostu və ilk tənqidçisi olan Əziz Şərif yazırdı: “Hüseyn Cavid tənqiddən qaçan, qorxan, inciyən şair deyildi. Mən onu bir dost kimi tənqid edirdim, o da bir dost kimi tənqidimi dinləyir, ağlına batanı qəbul, batmayanları isə rədd edirdi. Buna görə də aramızda inciklik olmurdu”. 

H.Cavidin öz yaradıcılığına qarşı çox tələbkar olduğunu söyləyən Qulam Məmmədlinin xatirələrindən bəlli olur ki: “Cavid özünə inanırdı. Ədəbi mübahisələrdə, mühakimələrdə onu tənqid edərkən əsasına dirsəklənib sakit-sakit danışanlara qulaq asardı. Yerindən dillənsin, danışsın, cavab versin, çıxış etsin, belə şeylər ona yad idi. Bütün bunlara çox sakit, soyuqqanlılıqla qulaq asardı. Çünki, o, özünə qarşı çox tələbkar sənətkar idi. Cavid daim axtarırdı, həmişə özü-özü ilə mücadilə və mübarizədə idi. Cavid öz yaradıcılığında yenilik sevən, mütərəqqi sənətkar idi. O, nəinki hər əsərini, hətta məqalələrini, şeirlərini də dönə-dönə məhək daşından keçirdikdən sonra üzə çıxarardı. Bir dəfə onun əsərlərinin bir neçəsinin “Kommunist” qəzetinin redaksiyasında ədəbi mühakiməsi keçirilirdi. Sədr Əliheydər Qarayev idi. Cavidə qarşı tənqidlər başladı nə başladı. Əliheydər Qarayev, Mehdi Hüseyn, Əkrəm Cəfər, Əli Vəliyev daha amansız danışdılar. Cavid bütün danışılanları diqqətlə dinlədi və heç kəsə bir söz demədən otağı tərk elədi”. 

Əslində H.Cavid ona görə susmuşdu ki, onu tənqidq edənlərin nə biliyi, nə də ədəb-ərkanı ondan yuxarı səviyyədə deyildi. Axı Hüseyn Cavid İsanbulda universitet təhsili görmüş, dünyanın tanınmış filosoflarından, tarixçilərindən, ədəbiyyatşünas alimlərindən, xüsusən də türk filosofu Rza Tofiqdən ədəbiyyat və fəlsəfə dərsi almışdır. Təbii, bu təhsil onun bilik səviyyəsinə, dünyagörüşünə çox yüksək təsir etmişdi. Ərəb, fars, rus dillərini mükəmməl bildiyi üçün dünya klassiklərinin yaradıcılığına bələd idi (onun 1915-ci ildə “Açıq söz” qəzetində çap olunan “Müharibə və ədəbiyyat” adlı məqaləsini oxuduqda bəlli olur ki, Cavid əfəndi Şərq, Qərb klassiklərini, filosoflarını necə gözəl bilib). 

Yeri gəlmişkən bir faktı da qeyd etmək istərdim ki, bir zaman H.Cavidə “Marksın, Engelsin, Leninin əsərlərini oxumağı” tövsiyə edənlərin bu gün ədəbi aləmdəki yeri və ümumtürk dünyasında “ortaq bir sənətkar və zamanın fövqündə duran dahi bir şəxsiyyət kimi qəbul edilən H.Cavidin” yeri. Şərhə heç ehtiyac yoxdur. 

Burada bir faktı da qeyd edək ki, o illər H.Cavidi tənqid edənlər arasında həm ədəbi biliyi, həm də istedadı baxımından Cəfər Cabbarlıya və Əziz Şərifə o qədər də irad tutmaq düz olmazdı. Amma ədəbiyyatın, ədəbi tənqidin, ədəbi mühitin nə olduğunu heç anlamayan, sadəcə hakim partiyaya xoş gəlmək üçün onun metodoloji və ideoloji prinsiplərinin kor-koranə təbliğatçısına çevrilən “ədəbi tənqidçilər”imizin fəaliyyəti isə yalnız və yalnız təəssüf doğurur. 

Təəssüf doğuran bir də odur ki, bu “leninizim bütün dünyada qələbə çalacaqdır” şüarını manşet edən proletar beynəlmiləlçiliyinin keşiyində çox sədaqətlə, bəlkə də ondan da artıq duranların necə böyük yanlışlığa yol verdiklərini elə o Lenin hökuməti sübut etdi. 

1930-cu ildə “İnqilab və mədəniyyət” jurnalında Əkrəm Cəfərin “Hüseyn Cavidə açıq məktub” adlı bir şeiri çap olunub. Burada Ə.Cəfəri qətiyyətsizlikdə günahlandıran Mehdi Hüseyn həmin jurnalın 1931-ci il, 7-8-ci saylarında “Bədii dəyər uğrunda” adlı məqaləsində “bütün cəbhə boyu hücuma keçdiyimiz bir dövrdə öz burjua “ustadlarından” ayrılmağın zərurətini” tənqidçi yoldaşına çox kəskin bildirirdi: “Əkrəm əzmək yolu ilə getməyir, o proletar yazıçısı olmadığından barışdırıcı, uyğunlaşma yol ilə hərəkət edir. Özünün dediyinə inansak, Əkrəm Caviddən ayrılır. Lakin nədənsə Əkrəm inqilaba yakınlaşdığı zaman öz əski cəbhəsinin bütün çürük ünsürlərini də özilə birlikdə ədəbiyyatımıza gətirməyə çalışır. Və bu kibi yoldaşlarilə birlikdə; köhnə süpürgəni qoltuğuna vurarak cəbhəyə gedən şair heç də nəticəli bir fəaliyyət göstərə bilməz. Cavid proletar hakimiyyəti dövründə öz mürtəce sinfi məqsədini ifadə etməyə çalışırdı”. 

Bu kimi faktları açıqlamaqda məqsədim heç də o dövr yazarlarını, xüsusən də Mehdi Hüseyni ittiham etmək deyil. Amma H.Cavid kimi dahi bir yazarı, ədibi “çürük ünsür” adlandırmaq və ya “süpürgəyə” bənzətməklə M.Hüseynə haqq qazandırmaq heç də düz deyil. Cavidşünas alim Gülbəniz Babaxanlı demiş: “...qoy cavidşünaslıqda görünməyən tərəflər qalmasın”. 

Nəyin ki cavidşünaslıqda, ədəbiyyatşünaslığımızla, mətbuatşünaslığımızla bağlı heç bir sahədə görünməyən, açılmayan gizlilər qalmasın. Qala da bilməz. Çünki bunu elə özləri inkar edərək açıqlayacaqlar. Necə ki, H.Cavid ədəbi irsi vətəndaşlıq hüququ əldə etdikdən bəraət aldıqdan sonra tənqidçi M.Hüseyn yazdığı məqalələrində özü-özünü inkar etməyə başlayır. 1930-40-cı illərdə H.Cavidi “millətçilikdə” günahlandıran M.Hüseyn 1960-cı illərdən sonra israrla: “bu qiymətli və zəngin irsin taleyini təsadüfi, savadsız “tənqidçilərə” tapşırılmamasını” tövsiyə edirdi. Və daha sonra yazırdı: “Cavid yaradıcılığının izah və təhlilini bayağı, səthi və təsadüfi adamların öhdəsinə buraxmaq onu düşmənə vermək fikirindən az qorxulu deyildi. Çünki bu cür adamlar ən böyük ədəbi məsələlərin müzakirəsini obivatel baxışları səviyyəsinə endirməkdən başqa bir iş görməyə qadir deyillər”. Və yaxud “Hüseyn Cavid kimi nadir bir ədibin irsinə ehtiyat və qayğı ilə yanaşmalıyıq” söyləyən tənqidçinin təəccüb doğuracaq bu tipli tövsiyə və məqalələri onlarladır... 

Belə təəccüb doğuracaq tövsiyələr verməmək və yazdıqlarını inkar etməmək üçün yazmazdan əvvəl yaxşı-yaxşı fikirləşmək, zamana, məkana, kimsəyə yox, haqqa söykənmək, düşünmək və sonra yazmaq lazımdır! 

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

Xəbər lenti