Logo

"Ölkənin islahatçıları ölkənin özündə doğulmalıdır"

05.03.2023 21:09 361 baxış
IMG

Milləti anlamaq üçün, gərək o millətdən olasan. 

Hörmətli gənc oxucum! Bu gün sənə “Azərbaycanda XIX əsr qabaqcıl ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan professor Mirzə Məhəmməd Əli Kazım bəy” haqqında qısa da olsa, məlumat vermək arzusunda oldum. Əlbəttə, dünya şöhrətli bu şərqşünas alimin yaradıcılığı və əsərləri haqqında bəhs etmək üçün bir neçə qəzet nömrəsi kifayət etməz. Əslində mən heç bu fikirdə də deyiləm. Çünki akademik Heydər Hüseynov kimi bir alim Mirzə Kazım bəyin əsərləri, qeyri-adi istedadı haqqında o qədər qiymətli fikirlər söyləyib ki, ondan sonra nəsə deməyə heç ehtiyac duyulmur. Mən, sadəcə bu gün Mirzə Kazım bəyin bu böyük zirvəni elə sənin yaşında olanda necə, hansı çətinliklərlə fəth etdiyindən bəhs etmək istədim. Sən də bu zirvələrə layiqsən, gənc dostum!

19-cu yüzilliyn qabaqcıl ictimai fikrinin görkəmli nümayəndəsi, şərqşünas alim Mirzə Kazım bəy 1860-cı ildə yazırdı: “Qərb öz siyasəti ilə Asiyada maarifçiliyi bərpa edə bilməz... Ölkənin islahatçları ölkənin özündə doğulmalıdır”.

Qəribədir, bizi bu gün bəyənməyən, hər işimizə bir qulp qoyan Avropa hələ neçə əsr bundan əvvəl bir çox oğullarımızı fitri istedadına, qeyri-adi bacarığına görə “özünükü”ləşdirdilər. Bu “özününkü”ləşdirmə xaricən olsa da, daxilən, ruhən ola bilmədi... 

Məhəmməd Qasım Kazım bəy əslən dərbəndli olub. Atası uzun illər Dərbənddə Fətəli xanın sarayında maliyyə işlərinə rəhbərlik edib (o zaman bu torpaqlar Azərbaycanın Quba xanlığına tabe imiş). İllər sonra, 1842-ci ildə bu haqda Mirzə Kazım bəy xatirələrində yazırdı: “Gürcüstanı və ümumiyyətlə Zaqafqaziya diyarını Rusiyanın müzəffər silahının fəthinə qədər bütün Dağıstan və onunla qonşu əyalətlər gah İran, gah da Türkiyə ilə müttəfiq olan ayrı-ayrı ölkələrdən ibarət idi. Keçən yüzilliyin sonunda Quba və Dərbənd əyalətləri qələbələrinin gurultusu ilə müasir qonşularının bağrını yaran xüsusi xanlar tərəfindən idarə olunurdu. Yekaterinanın müasiri Fətəli xan bir müddət öz əzəməti və cürəti ilə şöhrətlənmişdi. Onun iqamətgahı Dərbənddə idi. Onun nazirləri arasında mənim babam da vardı və öz vəzifəsinə görə maliyyə naziri və yaxud xalq ərzağı popeçiteli demək olan Nazir rütbəsini daşıyırdı”. 

Bir gün Qasım Kazım bəy atasının istəyi ilə müsəlmanların müqəddəs yeri olan Məkkəni ziyarət etməli olur. O, ziyarətdən dönərkən İranın Rəşt (İndiki Gilan) şəhərində Bağır xanın qonağı olur. Burada xanın qızı Şərəfnisə xanıma vurulur və onunla evlənir. Bir ildən sonra 1802-ci ildə onların oğlu Mirzə Kazım bəy dünyaya gəlir. Bir neçə ildən sonra Qasım Kazım bəyi Dərbənddə qazi təyin edirlər və o ailəsi ilə birlikdə Rəştdən Dərbəndə köçür. 

Uğur gətirməyən köç 

Uzun illər çar hökumətinə sədaqətlə qulluq edən Qasım Kazım bəyi 1820-ci ildə hökumət Həştərxana sürgün edir. Amma bu sürgündə çar hökumətindən çox yenə də özümüzünkülərin “barmağı” olur. İllər sonra bunu Mirzə Kazım bəy belə xatırlayırdı: “Rusiyanın həmişəki xeyirxahı, amma rütbəsinə görə xalq hüququnun müdafiəçisi olan atamın Dərbəndin yerli bəylərindən birinin simasında güclü düşməni var idi, o, öz fitnə-fəsadları ilə hökumətin nəzərində atamın ləyaqətinə kölgə salmağa müvəffəq olmuşdu, bu səbəbdən yaranan çoxlu narazılıqlar fəsadçının cidd-cəhdilə, köməyi ilə gün-gündən artdı və bu, hökumətin hərbi məhkəmə təyin etməsi, onun atamı on dörd dostu ilə birlikdə malikanəsi alınaraq Həştərxana sürgünə məhkum etməsi ilə bitdi”. 

Baş verən bu hadisələr: atasının sürgün edilməsi, evlərinin müsadirəsi gənc Mirzə Kazım bəyi çıxılmaz vəziyyətə salır. Ailədə mükəmməl təhsil görsə də, Azərbaycan, fars, ərəb dillərini yaxşı öyrənsə də, Mirzə Kazım bəy bu zaman Dərbənddə iş tapa bilmir. Elə ona görə də 1821-ci ildə üz tutur Həştərxana, sürgündə olan atasının yanına. 

Ona Şərq dilləri üzrə müəllimlik etməyi təklif edirlər. Böyük sevinclə bu təklifi qəbul edən Mirzə Kazım bəy müəllimliklə yanaşı, ingilis, fransız, alman və yəhudi dillərini öyrənməyə başlayır. Gərgin zəhməti hesabına, o, 1824-cü ildə artıq altı dildə sərbəst yazmağa, oxumağa və danışmağa nail olur. 

Bir “tatar balası”nın bu istedadı burada da çoxlarının ürəyincə olmur. Bu dəfə atasını yox, onun özünü sürgün etmək fikrinə düşürlər. Qafqaz üzrə Baş komandan A.P.Yermolov qraf Nesselrodeyə 28 oktyabr 1824-cü il tarixli raportunda yazırdı ki, “Mirzə Kazım bəyin Həştərxanda qalması Rusiyanın ümumi siyasəti üçün təhlükəli və ziyanlıdır, onu sürgün etmək lazımdır”. 

Sürgündən qurtuluş
 
Bu sürgün daha uzaqlara soyuq Sibirə ünvanlanır. Amma “xoş” bir təsadüfdən Mirzə Kazım bəy Sibirə çatmır. Yolda ağır xəstələnən Mirzə Kazım bəyi müvəqqəti olaraq Kazanda saxlayırlar. Yüksək mədəniyyəti, istedadı və mehribanlığı ilə ətrafdakıların diqqətini çəkən Mirzə Kazım bəy burada tanınmış professor Fuksla rastlaşır. Bu tanışlıq Mirzə Kazım bəyi böyük bir fəlakətdən qurtarır. Tanrı onun üzünə gülür... 

Professor Fuksunin və bir neçə alimin köməkliyi ilə Maarif Nazirliyi 1826-cı ilin oktyabrında Mirzə Kazım bəyə Kazan Universitetində Şərq dilləri üzrə mühazirə oxumağa icazə verir. 

Kazana gəliş Mirzə Kazım bəyin taleyində uğura doğru bir yol açır. Uzun illər taleyini bu şəhərlə bağlayan Mirzə Kazım bəy burada istedadlı bir şərqşünas-alim kimi yetişir. 1835-ci ildə Kazan Universitetində yeni qəbul edimiş Nizamnaməyə əsasən “Universitet dörd şöbə əvəzinə üç fakültəyə; fəlsəfə, hüquq və tibb fakültələrinə bölünür. Fəlsəfə fakültəsinin tərkibində isə iki şöbə: dillər və fizika-riyaziyyat şöbələri. Dillər şöbəsində isə “ümumi dillər və Şərq dilləri üzrə mütəxəsislər hazırlanırdı. 1837-ci ilin 20 avqustunda popeçitel rektorun, prorektorun və tibb, fəlsəfə fakültəsinin 1-ci şöbəsinin dekanlarını təkrar səsə qoymağı təklif edərək, qalan seçkiləri təsdiq edir. Sentyabrın 7-də belə də edildi, onda məlum oldu ki, Semyonov rektor, Foqt prorektor və Protopopov və Kazım bəy yuxarıda adları çəkilən fakültələrin dekanları seçilib”. 

Maraqlıdır, bu gənc tələbələrinə nəyi və necə tədris edirdi? Diqqət yetirək yenə tədqiqat əsərlərinə. “1835-ci ildə Kazan Universitetində təsdiq edilən Nizamnaməyə əsasən Mirzə Kazım bəyin də tədqiqatının obyekti təyin edilir. O, məşğul olacaq: 1) Sədinin “Gülüstan”ının bəzi hissələrinin təhlili; 2) Sədinin və digər İran müəlliflərinin əsərlərindən seçmə yerləri fars dilindən rus dilinə tərcümə etməklə və bu zaman bəzi yazı üsullarını öyrədəcək; 3) ərəb dilinin tədrisi üzrə isə Quranın oxunması və düzgün tələffüzü, qrammatik qaydaların izahı”. 

Təkcə 20 ildən artıq işlədiyi Kazan Universitetində Mirzə Kazım bəy tələbələrinin sevimli müəllimi kimi uzun illər yaddaşlara həkk edilir. Şərqşünaslığa dair bir çox elmi əsərlərin müəllifi olan Mirzə Kazım bəy dünya şöhrətli şərqşünas alim İ.N.Berezini, İ.A.İvanovu, N.İ.İlminskini yetişdirir. 

Mirzə Kazım bəy haqqında yazılan tədqiqat əsərlərindən bəlli olur ki, Kazan Universiteti nəinki onun, hətta atasının da taleyində xoşbətliyə doğru böyük rol oynayır. Belə ki, 1837-ci ildə Mirzə Kazım bəyin atası Qasım Kazım bəy Kazan Universitetinin daimi müxbiri seçilir. “Lobaçevskinin təklifi ilə şura 1837-ci il noyabrın 6-da Dərbənddə yaşayan Hacı Kazım bəyə ildə 100 manat məvacib təyin etməklə universitetin müxbiri seçir, buna görə ki, o, universitetə Şərq dillərində əlyazmalar və “tarixə, ədəbiyyata, statistikaya və coğrafiyaya dair yalnız yerində toplanan məlumatlar çatdıra bilər”. 

Kazan Universitetindəki fəaliyyəti zamanı Mirzə Kazım bəyin adı təkcə Rusiyada yox, xaricdə də məşhurlaşmağa başladı. Brokqauz və Efronun ensiklopedik lüğətində yazılır: “Onun şərqşünaslıq sahəsində dərin erudisiyası Avropa təhsilinə yiyələnməsi səbəbinə (o, ingilis və fransız dillərində yazırdı), Kazım bəyi dərhal istər Qərbi Avropanın, istərsə də rusların ən yaxşı oriyentalistlərinin cərgəsinə keçirdi”. Müəllif “Dərbəndnamə” əsərini 1851-ci ildə ingilis dilində çap etdirdikdən sonra Britaniya kraliçasının qızıl medalına layiq görülür. 110-dan çox elmi əsərin müəllifi olan Mirzə Kazım bəyin “Ərəb dilinin müxtəsər qrammatikası” adlanan ilk elmi əsəri işıq üzü görəndə cəmi 17 yaşı var idi. 

Peterburqa dəvət 

Dərin erudisiyaya malik olan Mirzə Kazım bəy Peterburq Universitetinin dəvəti ilə Kazan Universitetini tərk etməli olur. Onun Peterburq Universitetindəki fəaliyyəti haqqında illər sonra V.V.Qriqoryev yazırdı: “Fars dili kafedrasında Mirzə Cəfərin varisi təkcə bizdə yox, bütün Asiyada və bütün Avropada hazırkı dövrün ən gözəl şəxsiyyətlərindən biri dərin müsəlman təhsilini Avropa elmi ilə əsaslı tanışlıqla birləşdirən, istər ərəb, fars, istərsə də ingilis, fransız, rus dillərini eyni dərəcədə yaxşı bilən və bu altı dilin hamısında yazan və dərc edilən asiyalı oldu”. 

Elmi mənbələrdən aydın olur ki, Mirzə Kazım bəy xristianlığı öz istəyi ilə 21 yaşında qəbul edib. Və 40 yaşında da Kazan quberniyasında bir zadəgan ailəsinin qızı ilə evlənib. Bu izdivacdan bir qızı, üç oğlu olub. Lakin 1854-cü ildə Mirzə Kazım bəyin həyatında böyük faciə baş verir. O, ömür-gün yoldaşını və iki övladını itirir. 

İlk “körpü” 

Tədqiqatçı alim Yaşar Qarayev Mirzə Kazım bəyi “Avropa ilə Azərbaycan arasında ilk körpüyə çevrilən-lərdən” adlandıraraq onun fəaliyyətinə yüksək qiymət verirdi. Bəziləri isə onu xristianlığı qəbul etdiyi üçün ittiham edir. Bilmirəm, bəlkə də haqlıdırlar. Amma unutmayaq ki, Mirzə Kazım bəyin atasının doğma elindən-obasından sürgün edilməsinə, özünün işsiz, evsiz qalıb uzaq ellərə “səfər” etməsinə səbəb öz dindaşları olmadımı? Bəlkə də elə bu haqsızlıq, bu küskünlük onu bu yola sövq etdi? 

Ədəbiyyatşünas alim Vilayət Quliyev yazır ki: “Mirzə Kazım bəy boynundan xaç asmasına baxmayaraq onun sinəsində döyünən ürəyi də, ruhu da türk idi. İslam dininin də bütün dinlərdən üstün olduğunu yaxşı bilirdi”. 

Mirzə Kazım bəy haqqında oxuduqlarım və onun ana dilimiz haqqında yazdığı (o, həm də “Azərbaycan dilinin elmi qrammatikasının hamı tərəfindən qəbul edilmiş banisidir”) əsərləri bir daha sübut edir ki, Mirzə Kazım bəy ruhən ömrünün sonuna kimi bir türk olaraq qalıb. 

Rusiya Elimlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəy 1870-ci ilin 27 noyabrında Peterburqda dünyasını dəyişir. Amma onun ana dilimiz, dinimiz, tariximiz haqqında söylədiyi dəyərli və qiymətli fikirləri isə heç vaxt dəyişməz olaraq qaldı.

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti