Logo

Qüzeyli-Güneyli Azərbaycanın layiqi-şəhriyarları

07.03.2023 20:08 600 baxış
IMG

Sən, layiqi-şəhriyar oldun. Dosta, ailəyə, Vətənə yar oldun. 

Sən, Vətən üçün şah damar oldun, qəlb oldun, ayaq oldun, göz oldun. 

Haqq savaşımızda – 44 gündə ev-eşik səndən xəbərsiz oldu, sanki qeybə çəkilib yox oldun. 

Sən, Vətənə keşik oldun.

Sən, "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə", "Vətən müharibəsi iştirakçısı" medalı oldun. O azadlıq medallarını Vətənə bənzətdiyin qəlbinin üzərində şərəflə daşıdın: çiynində daşıdığın səkkizguşəli ulduzlar kimi.

Sən, Vətənin sərhədi, şərəf xətti, düşmənə nəzarət-keçid məntəqəsi oldun. 

Demək ki, Vətənin Şəhriyarları eyniymiş. 

Məmmədhüseyn Şəhriyarın qələminin, Əlibəyli Şəhriyarın silahının leytmotivi kimi – doğma Azərbaycanı azad görmək.

Məmmədhüseyn Şəhriyar dərdilə alışıb-yandığı Quzey Azərbaycanı görə bilmədi. Ey mənim layiqi-şəhriyarım, fəqət sən həsrətində olduğumuz Qarabağın azadlığını yaşadın, bizə – xalqa da yaşatdın(ız). 

Məmmədhüseyn Şəhriyarın uşaq ruhunu azadlıq ideyalarında formalaşdıran "Sərdari–milliyyə" hərəkatı oldu. Ey mənim layiqi-şəhriyarım, səni də Vətənə sevgi ruhunda yetişdirən, böyüdən Valideynlərin, Vətənin – Vəndamın, keçdiyin hərbi məktəblər oldu.

Məmmədhüseyn Şəhriyarın qələmi "Türk övladı, qeyrət vaxtıdır! / Türklərin qeyrəti Türkiyədə, Qafqazda gərək" yazdı. Ey mənim layiqi-şəhriyarım, sən də öz süngünlə, silahınla qeyrəti yavanlıq eliyənlərin, biqeyrətlərin önünə keçdin, Vətənin namusunu, heysiyyətini, qürurunu qorudun.

Hər iki Şəhriyar "Bütöv Azərbaycan" arzulu idi. Hər iki Şəhriyar Qarabağı da, Qaradağı da Azərbaycan bilirdi. Hər iki Şəhriyar zirvə qarı idi. Biri Təbrizin, biri Şuşanın... 

Məmmədhüseyn Şəhriyar da, Əlibəyli Şəhriyar da "Vətən eşqi məktəbində can verməyi öyrən"dilər. Vətən sağ olsun deyə, canlarından keçdilər: biri Azərbaycanın müqəddəs zirvədə qarı, dağ olmuş zirvəkar babası, biri də balası kimi.

Baba Şəhriyar "...Tehranın qeyrəti yox..." – yazırdı...

Bala Şəhriyar da "... Erməninin qeyrəti yox..." deyirdi.

Baba Şəhriyarın Güney Azərbaycanı özü dediyi kimi, farsın caynağında "Qırx ildi ki, dustağ" oldu.

Bala Şəhriyarın Qarabağı da otuz il erməninin caynağında dustaq oldu.

Zaman gələr Azərbaycana düşmən olanların, xain kəslərin, qara qüvvələrin kökü birdəfəlik kəsilər.

Baba Şəhriyar Təbrizi, Bala Şəhriyar da Qarabağı özünə – Şəhrizadı bildi. 

Layiqi-şəhriyarım! Ailənin yeganə övladı. Özünə həyat yoldaşı seçmədin. Birbaşa Vətəni özünə yar bildin.

Layiqi-şəhriyarım! Qarabağı özünə şərabanu seçdin.

Baba Şəhriyar yazdığı sətirlər, sanki hər iki Şəhriyarın alın yazısı imiş:

Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var...

Fəqət, Məmmədhüseyn Şəhriyarın və Əlibəyli Şəhriyarın itkinliyində, ayrılığında, ölümündə müqəddəs və mübarək ucalıq var – ŞƏHİDLİK. 

Baba Şəhriyarın sözünü, bala Şəhriyarın silahını qəlbimizə sıxır və deyirik: Şəhid isminiz, Şəhriyar adınız əbədidir...

Əsgər İsmayılov

Xəbər lenti