Logo

“Turin prosesi - 2022-2024” üzrə işçi qrupunun görüşü keçirilib

03.05.2023 13:43 392 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyində “Turin prosesi - 2022-2024” üzrə işçi qrupunun görüşü keçirilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, dəyirmi masa formatında keçirilən görüşdə Turin prosesinin milli koordinatoru, İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir əvəzi, müdir müavini Nigar İsmayılzadə insan kapitalı sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi üçün ölkənin növbəti Turin prosesində iştirakı barədə məlumat verib. O, Turin prosesinin səmərəli şəkildə aparılması üçün bütün tərəfdaşların iştirakı ilə dialoqun qurulmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə qeyd edilib ki, 2022-2024-cü illər üzrə Turin prosesinin əsas istiqaməti qlobal dəyişiklik və tendensiyalara uyğun olaraq ömürboyu öyrənmə və səmərəlilikdir. Turin prosesində data təhlili və siyasət təkliflərinin formalaşması mexanizmi ilə Avropa Təlim Fondunun (ATF) Azərbaycan üzrə nümayəndəsi Marqareta Nikolovskaya tərəfindən təqdimat edilib və iştirakçılarla müzakirə aparılıb. Yekunda növbəti addımlar müəyyən edilib və Turin prosesindən iştirakçı tərəfdaşların yararlanması ilə bağlı müxtəlif təkliflər verilib.

Qeyd edək ki, Turin prosesinin əsas məqsədi insan kapitalı, habelə peşə təhsili və təlimi sahəsində son üç ildə həyata keçirilən islahat nəticəsində əldə edilən nəticələrin ölkələr üzrə müqayisəsini apararaq nailiyyətləri və çatışmazlıqları müəyyənləşdirmək, həll yollarını təklif etmək və ümumi inkişaf strategiyasının formalaşmasına yardım göstərməkdir. Avropa İttifaqının peşə təhsili islahatı üzrə həyata keçirilən Kopenhagen prosesindən qaynaqlanan Turin prosesi ümumilikdə tərəfdaş ölkələrdə insan kapitalı sistemində müqayisəli şəkildə aparılan islahatların hərtərəfli təhlil çərçivəsini əhatə edir.

Xəbər lenti