Logo

Xarici dil fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələlərinə dair MƏLUMAT

02.06.2023 15:58 361 baxış
IMG

"Bu gün ölkənin hərtərəfli inkişafını təmin etmək üçün güclü təhsil sisteminin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə innovativ və qabaqcıl, səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib".

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu tədbirlər arasında Dövlət İmtahan Mərkəzinin, xüsusilə də xarici dillərin qiymətləndirilməsi sahəsində tətbiq etdiyi yeni model və mexanizmləri, beynəlxalq tərəfdaşlar ilə aparılmış tədqiqatyönümlü silsilə layihələri, xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində gördüyü işlər böyük əhəmiyyət kəsb edir:

"Yuxarıda da qeyd edildiyi kimi, xarici dillərin tədrisinə qoyulan müasir tələbləri və yeni qiymətləndirmə modelini nəzərə alaraq, DİM-də xarici dillər üzrə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında tətbiq olunan yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları 2017-ci ildən fəaliyyət göstərir. Bu günə qədər 11 hazırlıq kursu təşkil olunub və bu kursları müvəffəqiyyətlə keçən 351 müdavim sertifikat alıb. Kursu bitirən 274 nəfər Bakı şəhəri üzrə, regionlardan isə 77 nəfər yazı işlərinin yoxlanılması prosesinə marker kimi əməkdaşlığa cəlb olunub.

Bundan başqa, DİM-in təşəbbüsü ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Səfirliyin “English Language Specialist (ELS)” proqramının bir hissəsi kimi “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” adlı üç mərhələli (2019-2020-ci illər) layihə həyata keçirilib. DİM-in ingilis dilinin qiymətləndirilməsi istiqamətində apardığı fəaliyyətə dəstək göstərmək məqsədilə paytaxtda, eyni zamanda Gəncə və Şəki ətrafı rayonlarda Mərkəz ilə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün keçirilən intensiv təlimlərdə qrammatika, söz ehtiyatı, oxu, dinləmə, eləcə də yazı və danışıq bacarıqlarının hər birinin qiymətləndirliməsi üçün nümunə suallar tərtib olunub, qiymətləndirilmənin CEFR-ə (Common European Framework of Reference-Dillər üzrə ümum-Avropa çərçivə sənədi) uyğunlaşdırılması ilə bağlı məsələlər, həmçinin sualların ekspertizasının aparılması yolları barədə müzakirələr aparılıb.

Mərkəz, həmçinin, ABŞ-nin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birlikdə xarici dil fənni üzrə kurikulumun CEFR-in standartlarına uyğunlaşdırılması üçün təkliflərin hazırlanması və Elm və Təhsil Nazirliyi ilə birgə icrası, dərslik və qiymətləndirmə vəsaitlərinin müvafiq istiqamətdə təkmilləşdirilməsi məqsədilə “Xarici dil (ingilis dili) fənn kurikulumu, dərsliklər və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsinə dəstək” adlı 4 mərhələdən ibarət layihə də həyata keçirib. Layihənin yerli xarici dil fənn kurikulumu, dərslik, qiymətləndirmə vəsaitlərinin təhlili və təkmilləşdirilməsi istiqaməti ilə bağlı təkliflərin hazırlanması mövzusunda keçirilən I mərhələsi 2020-ci il 24 avqust – 6 oktyabr, CEFR səviyyələri əsasında yeni dərslik layihələrinin hazırlanması mövzusunda olan 32 təlim və konsultasiya sessiyasından ibarət II mərhələsi 2021-ci il 11 yanvar – 18 mart, xarici dil müəllimlərinin peşəkar inkişafı üçün təlim materiallarının hazırlanması mövzusundakı III mərhələsi 2021‑ci il 31 may – 6 iyun, DİM tərəfindən nəşr olunan siniflər (1-11) üzrə ingilis dili qiymətləndirmə kitabçalarının CEFR-ə əsasən ekspertizası mövzusundakı IV mərhələsi isə 2022-ci il 24 yanvar – 10 fevral tarixlərində həyata keçirilib.

DİM-in xarici dil müəllimlərinin davamlı peşəkar inkişafı və xarici dillər üzrə bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində gördüyü işlərə, aparılmış statistik təhlillərə və ümumilikdə ölkədə təhsilin inkişafına verdiyi töhfəyə əsaslanaraq, bu gün orta məktəb şagirdlərinin yekun attestasiya nəticələrinin ildən-ilə müsbət istiqamətdə dəyişməsi, şagirdlər tərəfindən açıq sualların cavablandırılması üzrə faiz göstəricilərinin artması faktlarını da qeyd etmək olar.

Qeyd olunduğu kimi, son illər ərzində abituriyentlərin ingilis dili üzrə cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəricilərində müsbət dinamika müşahidə olunur. Belə ki, 2022-ci ilin birinci istiqaməti üzrə 5 və 6 mart tarixlərində A variantı üzrə imtahan vermiş abituriyentlərin cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəriciləri müvafiq olaraq 13.4% və 11.4% olduğu halda, 2023-cü il buraxılış imtahanlarının birinci istiqaməti üzrə 5 mart tarixində imtahan vermiş abituriyentlərin göstəriciləri 19.43% olmuşdur. Anoloji olaraq, 2022-ci ilin ikinci istiqaməti üzrə 12 və 13 mart tarixlərində A variantı üzrə imtahan vermiş abituriyentlərin cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəriciləri müvafiq olaraq 16.34% və 15.11% olduğu halda, 2023-cü il buraxılış imtahanlarının ikinci istiqaməti üzrə 12 mart tarixində imtahan vermiş abituriyentlərin göstəriciləri 22% olmuşdur. Qeyd olunan artım hər iki il üçün digər variantlarda da müşahidə olunur.

Yuxarıda qeyd olunanlarla yanaşı, ümumilikdə son üç ilin statistikasına nəzər salsaq görərik ki, 2021-ci ildə (n=82434) tam (11 illik) orta təhsil üzrə buraxılış imtahanlarında iştirak edən məzunların xarici dillər üzrə orta balı 40.37, 2022-ci ildə (n=89745) 36.59, 2023-cü ildə isə (n=100590) 39.29 olub. Ümumi mənzərədə 2021-ci illə müqayisədə 2022-ci ildə şagirdlərin orta bal göstəricilərində nisbətən azalma, 2023-cü ildə isə 2022-ci ilə nisbətən artım müşahidə olunmuşdur. Qeyd olunan dinamika bu illər ərzində yazılı şəkildə cavablandırılması tələb olunan açıq sualların sayının artması ilə əlaqədardır. Belə ki, 2021-ci ildə bu tip tapşırıqların sayı 4, 2022 və 2023-cü illərdə isə 7 olub.

Qeyd olunan illər üzrə 0-100 bal intervalı üzrə nəticələrə nəzər salsaq görərik ki, 2021 və 2022-ci ildə ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin buraxılış imtahanlarında xarici dil üzrə nisbi bal göstəricilərinə əsasən onu qeyd etmək olar ki, nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayı 2021-ci ildə 27230, 2022-ci ildə isə 26086-dır. 2023-cü ildə abituriyentlərin buraxılış imtahanlarında xarici dil üzrə nisbi bal göstəricilərinə əsasən isə onu qeyd etmək olar ki, nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayı 33617-dir və bu da ümumi abituriyent sayının (n=100590) 33.42%-ni təşkil edir. Diqqət yetirsək, qeyd olunan illərdə xarici dil üzrə nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayında artım olduğunu müşahidə etmək olar.

Tam (11 illik) orta təhsil səviyyəsində xarici dillər üzrə yoxlama-ölçmə materiallarının CEFR-ın müvafiq B1 səviyyəsinə uyğunluğunu və testologiyanın qaydalarını nəzərə alaraq, qeyd etmək olar ki, 2023-cü il üzrə imtahanda iştirak edən ümumi şagird kontingentinin 33.42%-i CEFR-ın B1 səviyyəsinə uyğun dil bacarığı nümayiş etdirir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu abituriyentlərin xarici dil biliyi danışıq bacarığı istisna olmaqla digər bacarıqlar ­– dinləmə, oxu, yazı və dil qaydaları üzrə qiymətləndirilir.

Nəticələrə əsasən onu da qeyd etmək olar ki, ümumi və tam orta təhsil səviyyəsində yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində xarici dil blokunun CEFR-ın müvafiq səviyyələrinə uyğunlaşdırılması (orta (9 illik) təhsil səviyyəsində A2, tam (11 illik) orta təhsil səviyyəsində isə B1) müsbət hal kimi qiymətləndirilə bilər.

Yuxarıda qeyd olunanlarla yanaşı, Mərkəzin təhsilin yuxarı pillələri üzrə yoxlama-ölçmə materiallarının hazırlanmasındakı təcrübəsinə istinad edərək, tədricən şagirdlərin bilik və bacarıqlarının standart imtahan modelinə əsasən 4 bacarıq üzrə qiymətləndirilməsini təşkil etməyi də məqsədəuyğun hesab etmək olar.

Eyni zamanda, onu da qeyd etmək istərdik ki, ölkəmizdə beynəlxalq imtahanlara artan tələbi nəzərə alaraq, DİM Nizamnaməsinə uyğun olaraq bir sıra beynəlxalq imtahanları keçirən təşkilatlarla əməkdaşlıq edir və həmin imtahanların Azərbaycan Respublikasında keçirilməsini təmin edir. Yerli təhsil mühitinin daha da beynəlmiləlləşməsi məqsədilə bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edən DİM-in keçirdiyi xarici dil biliyini yoxlayan imtahanlar arasında TOEFL iBT, Beynəlxalq rus dili imtahanları (ТРКИ) və Pearson VUE (PTE) imtahanlarını görmək olar.

Qeyd olunan beynəlxalq imtahanlar arasında “Cambridge Assessment English”in İngilis dili üzrə kvalifikasiyalarının da adını çəkmək olar. DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu ilə 2020-ci ildən əməkdaşlıq edir və rəsmi test mərkəzi olaraq bir sıra Kembric imtahanları təşkil edir. Belə ki, “Cambridge University Press & Assessment” qurumu ingilis dilini öyrənənlər üçün imtahanlar təqdim edir. Hər bir imtahan danışıq, yazı, oxu və dinləmə bacarıqlarını CEFR səviyyələrinə uyğun şəkildə ölçür.

DİM Kembricin rəsmi test mərkəzlərindən biri olaraq, Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) və LinguaSkill imtahanlarını təklif edir. Mərkəz tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test) də təşkil edir.

Bu kvalifikasiyalar hər yaşda (azyaşlılar, məktəblilər, ümumi və ali təhsil və iş üçün) və istənilən səviyyədə ingilis dili bacarıqlarına sahib insanları bu dili öyrənməyə həvəsləndirir və gündəlik həyatda lazım olan praktiki bacarıqları inkişaf etdirməyə kömək edir. Odur ki, orta məktəb şagirdləri buraxılış imtahanlarında daha yaxşı nəticə göstərmək və ingilis dili üzrə bacarıqlarını tam orta təhsil səviyyəsinin tələb olunan səviyyəsi (B1) üzrə inkişaf etdirmək üçün bu imtahanlarda iştirak edə bilərlər. Məlumat üçün bildiririk ki, son bir ildə, yəni 2022-2023-cü illər ərzində 173 şagird (Starters–55; Movers– 77; Flyers– 41) Kembric imtahanlarında iştirak edib.

Vacib bir məqamı da vurğulamaq istərdik ki, növbəti illərdə abituriyentlərin xarici dil biliyinin bütün bacarıqlar üzrə qiymətləndirilməsini təşkil etmək üçün DİM-in yaxın zamanda istifadəyə veriləcək yeni imtahan binasında standart imtahanların təşkili üçün müvafiq işlər görülür. Artıq şagirdlərin xarici dil üzrə bilik və bacarıqlarının dörd məzmun xətti üzrə qiymətləndirilməsi təşkil olunacaq. Qeyd edək ki, sözügedən standart imtahan könüllü xarakter daşıyacaq və şagirdlər öz istəklərinə əsasən bu imtahanda iştirak edə biləcəklər.

Əminliklə qeyd etmək olar ki, standart imtahan modeli şagirdlərin bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə əsaslı inam formalaşdıracaqdır".

Xəbər lenti