Logo

Ruhən varlığına inanıram – Elegiya əvəzi...

03.06.2023 21:28 538 baxış
IMG

Bəşəriyyət canlı və cansız olaraq iki hissəyə ayrılır. Birinci məfhumda düşünmək, dərk və bəzən də dərd etmək vardır. Əlbəttə, bəşər övladı düşündüyü üçün insan sayılır, dəyər-qiymət qazanır. Artıq günlərdir ki, babamın yoxluğunun qəmi, qüssəsi düşüncəmə hakim kəsilib. Dünənki varlığını bugünkü yoxluğu əvəzləyib. 

Onun yoxluğu ilə barışmaq çox ağırdır. Mövlanə başımıza gələn kədəri, bəlanı, ağrı-acını insan üçün nemət bilib. Deyərdim ki, babam da mənim üçün nemət idi. Öyüd-nəsihəti, şirin söhbəti, xoş rəftarı, yanımda olması səadət idi. Bu yuxudan o zaman ayıldım ki, "Babam öldü" dedilər... 

Yazılışı doqquz hərflik, deyilişi iki sözlük, üzüntüsü bir ömürlük cümləni kaş eşitməz olardım. Hər insanın babası, nənəsi onun körpəliyi, uşaqlığı, yeniyetməliyidir. Bunu heç vaxt indiki qədər anlamamışdım. Həmişə sənin üçün bir əlində meyvə, bir əlində çiyninə salmağa jaket, dilində xoş sözlər, ürəyində dualar olan bu adamların önəmini sağlığında dərindən anlamaq olmur. 

Ölməsələr, yaşamalarının verdiyi xoşbəxtliyi ən ali varlıq olan insanın da şüuru dərk etmir. Babam çiyələk yetişəndə dərməzdi, nübar etmək üçün nəvələrini gözləyərdi. O, lazım olanda dost kimi şən-şadman, lazım olanda zəhmliydi. Hər kəsin qəminə kədərlənir, xoşbəxtliyinə sevinir, uğuruna fəxr edir, uğursuzluğuna üzülürdü.

Biz sevməyi də, qayğıkeşliyi də, əliaçıqlığı da, qonaqpərvərliyi də və digər müsbət insani keyfiyyətləri də babadan, nənədən öyrəndik. Onlar bir-birlərini sevməklə bizlərə də nümunə oldular. Qayğıkeşliyi qayğı göstərməklə, başqalarına səxavətli olmaqla əliaçıqlığı, son tikəsini qonağın önünə qoymaqla qonaqpərvərliyi öyrətdilər.

Mənə görə körpəliyin, uşaqlığın, yeniyetməliyin şaqraq dövrünün bitməsidir, baba yoxluğu... Bir az təklənmək, bir az ürkəklikdir. Üşüyəndə geyinməyə bir jaketin yoxluğudur, üzüləndə qısılmağa bir qucağın. 

Babanın yoxluğu adi bir insan yoxluğu deyilmiş.
Elə zənn etməyin ki, mən sizə ailə-məişət qayğılarını pafosla təbliğ-tərənnüm edirəm. Siz bütün dəyərləri çeynəsəniz, ürəyiniz istəyən qədər nihilist olsanız, bütün azadlıqların fövqündə dayansanız, lap Turgenevin "Atalar və oğullar"ındakı Bazarov olsanız da, bəzi itkiləri yaşadıqca hər qaydada istisnanın olduğuna inanacaqsınız. Heç şübhəsiz, babanın ölümü bu istisnaların ən üstünüdür. İnsanın buna üzülməməsi, yanmaması, çox adi qarşılaması üçün yəqin ki, mənən insan olmaması gərəkdir.

Babalar, nənələr öz bütün adət-ənənələri ilə üstümüzə gəlib bizi töhmət-tənə etsələr də, onları nəvaziş kimi qəbul etmək lazımdır. Onsuz da kim necə istəsə elə yaşayacaq. Axınla üzən qayıq da, axına qarşı üzən qayıq da öz istədiyi mənzilə çatmaq üçün kürək çəkir. 

Bir mətləbə də toxunum, adını mistika qoymayın. Biz tərəflərdə biri öləndə yağış yağsa, deyirlər ki, göylər ona ağlayır. Günəş çıxsa, deyirlər ki, sevdiklərinə əzab vermədi. Babamı dəfn etdiyimiz gün sentyabr  ayının on beşi idi, amma Qəbələnin dağlarında yaz günəşi görünürdü. Hava bir qədər çiskinli idi. İşləyənlər islanmadı, xəstələnmədi, dəfn edənlər palçığa batmadı. 

Həyatı da elə beləcə yaşamışdı. Heç kəsi incitmədən.Əgər babanız, nənəniz sağdırsa, gedib sinələrinə qısılın. Sonra sizə uzatdığı bir dilim meyvə üçün, çiyninizə saldığı bir jaket üçün darıxacaqsız. İndi mənim darıxdığım kimi…

Zümrüd Abidqızı, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti