Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin tələbələri ilə növbəti seminar məşğələsi keçirilib.
Muzeydən "Tehsil.biz"ə bildirilib ki, seminar məşğələsində Komparativistika və bədii tərcümə şöbəsinin elmi işçisi Zarema İbrahimovanın “Cəfər Cabbarli və milli istiqlal hərəkatı” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi çıxışında görkəmli dramaturq Cəfər Cabbarlının ömür yolundan söz açaraq, onun yaradıcılığında 1918-ci il Bakıda Mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı və digər milli istiqlal mövzularının xüsusi yer tutduğunu, ədibin “Trablis müharibəsi və yaxud Ulduz”, “Ədirnə fəthi” pyeslərində türkçülük ideyalarının, türk xalqının qəhrəmanlıq və şücaəti motivlərinin üstünlük təşkil etdiyini vurğulayıb.
Zarema İbrahimova qeyd edib ki, Cümhuriyyət dövründə Azərbaycan Parlamentinin stenoqrafisti olan Cəfər Cabbarlı milli istiqlal hərəkatının fəal üzvlərindən biri kimi sovet rejiminə qarşı qeyri-leqal mübarizə aparan “Gənc müsavatçılar” təşkilatında təbliğat işlərinə rəhbərlik edib, “Gizli istiqlal” qəzetinin təsisçilərindən biri olub.
O, Cəfər Cabbarlının 1934-cü ildə Moskvada Sovet yazıçılarının 1-ci qurultayında “Sifarişlə ədəbiyyat olmur” mövzusunda çıxış edərək mövcud ideologiyanın tələblərinə etiraz etdiyini, “Azərbaycan kinosu hara gedir?” məqaləsində Azərbaycan filmlərində baş rollarda rus və erməni aktyorların oynamasına qarşı çıxdığını bildirib. Məruzəçi yazıçının sovet dövründə çox təqiblərə məruz qaldığını, iki dəfə həbs olunduğunu, 35 yaşında ürək çatışmazlığından vəfat etdiyini deyib.
Məruzəçi nümayiş etdirdiyi videoçarx vasitəsilə iştirakçılara Qafqaz İslam Ordusunun generalı Nuru paşanın Bakıya gələrkən Cəfər Cabbarlıya bağışladığı və yazıçının ev-muzeyində qorunub saxlanılan hədiyyələr barəsində də məlumat verib.