Təhsil tədqiqatçısı Qurban Talıbov, dərslərin sentyabrın 1-dən başlanmasının müsbət və mənfi tərəflərini tehsil.biz-ə şərh edərkən bir sıra mühüm məqamlara toxunub. Müsbət cəhətlərdən danışarkən o, qeyd edir ki, dərslərin daha erkən başlanması tədris prosesini mövsümə uyğunlaşdıraraq təhsil ilini daha məhsuldar edə bilər. İsti yay aylarında şagirdlərin daha uzun müddət məktəbdən uzaq qalması onların təhsil ritminin pozulmasına gətirib çıxara bilər. Sentyabrın əvvəlindən başlayan dərslər isə bu ritmi bərpa etməyə kömək edir, həmçinin havanın nisbətən mülayim olduğu vaxtda şagirdlərin öyrənmə qabiliyyəti də yüksək olur.
Talıbov dərs ilinin erkən başlanmasının daha uzun bir təhsil ilinə şərait yaratdığını və bu müddət ərzində dərs materiallarının daha rahat şəkildə mənimsənildiyini vurğulayır. Bu da həm şagirdlərin, həm də müəllimlərin üzərinə düşən yükü azaldır, tədris prosesində gərginliyin qarşısını alır. Erkən başlanğıc, xüsusilə buraxılış siniflərində imtahanlara hazırlığı daha sistemli etməyə imkan yaradır, şagirdlərin əlavə tədris materiallarını daha yaxşı mənimsəməsinə şərait yaradır.
Bununla yanaşı, Talıbov dərslərin sentyabrın 1-dən başlanmasının bəzi mənfi tərəflərinə də diqqət çəkir. O qeyd edir ki, ölkədə ənənəvi olaraq yay aylarında kənd təsərrüfatı mövsümü davam edir və bəzi bölgələrdə şagirdlər ailələrinə kömək etmək üçün işlərə qoşulurlar. Bu da təhsil prosesinə mənfi təsir göstərə bilər. Həmçinin, yay tətilinin qısaldılması şagirdlər və müəllimlər arasında yorğunluq yarada bilər, bu isə motivasiya səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.
Talıbovun fikrincə, bu məsələdə təhsil sisteminin, şagirdlərin və müəllimlərin ehtiyacları tarazlaşdırılmalı və mövcud sosial-iqtisadi şərtlər nəzərə alınaraq qərar verilməlidir. Onun təhlili göstərir ki, sentyabrın 1-də dərslərin başlanması həm müsbət nəticələr doğura bilər, həm də müəyyən sosial problemlər yaratmaq ehtimalına malikdir.