Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində metodistlər üçün silsilə vebinarlara başlanılıb. Belə ki, 15 yanvar tarixində keçirilən vebinar “Metodik görüşlər necə keçirilməlidir?” mövzusuna həsr olunub. Vebinarın əsas məqsədi metodik görüşlərin təşkilində effektiv yanaşmalar, innovativ metodlar barədə məlumat vermək, metodistlərin fəaliyyətinə dəstək olmaq və təhsil mühitində peşəkar əməkdaşlığın gücləndirilməsi yollarını təşviq etməkdir.
Bakı Şəhər Təhsil İdarəsinin və Rayon Təhsil İdarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin iştirak etdiyi vebinarda metodik görüşlərin təşkili və effektiv idarə edilməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı metodik görüşlərin məqsəd və əhəmiyyəti, görüşlərin strukturunun müəyyənləşdirilməsi və planlaşdırılması, tədris prosesində aktual problemlərin həllinə yönəlmiş müzakirə mövzularının seçilməsi, interaktiv metodlardan istifadə edərək görüşlərin səmərəliliyinin artırılması, müəllimlər arasında peşəkar əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqi istiqamətləri üzrə mövzular müzakirə edilib.
Tədbirin spikeri tərəfindən metodik görüşlərin tədris prosesinin təkmilləşdirilməsində rolu, müəllimlərin peşəkar inkişafına təsiri, tədris keyfiyyətinin inkişafına xidmət edən yanaşmalar, eləcə də metodik görüşlərin planlaşdırılması və məqsədlərinin müəyyənləşdirilməsi, görüşlərdə fəal iştirakın təmin edilməsi üçün innovativ yanaşmalar, müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə müzakirə mövzularının seçilməsi, tədris prosesində metodik görüşlərin şagird nailiyyətlərinə təsiri barədə təqdimat edilib. Vebinar interaktiv müzakirə şəklində davam edib, metodistlərin qarşılaşdıqları problemlər və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrin nəticəsi olaraq metodik görüşlərin keçirilməsi üçün strateji tövsiyələr irəli sürülüb.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində keçirilən bu kimi fəaliyyətlər, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin peşəkar bacarıqlarını inkişaf etdirərək təhsil prosesinin keyfiyyətinə müsbət təsir göstərmək məqsədi daşıyır. Layihə metodistlərin təcrübə mübadiləsini genişləndirərək tədris prosesində yeniliklərin tətbiqinə dəstək olmağa davam edəcək.