Logo

AzMİU-nun 3 tələbəsi “Maarifçi” proqramının qalibi oldu

17.01.2025 16:48 122 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistratura üzrə təhsil alan tələbələri Tacir İsmayılzadə və Valeriya Musayeva, eləcə də Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi Leyla Məmmədova Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən ikinci “Maarifçi" tələbə-məzun təcrübə proqramının qalibləri olublar.

Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan məlumat verilib.

Belə ki, yanvarın 16-da Elm və Təhsil Nazirliyində “Maarifçi” proqramı iştirakçılarının təltif olunması ilə bağlı görüş keçirilib. Görüşdə iştirakçılara proqram çərçivəsində gördükləri işlər və əldə etdikləri təcrübə ilə bağlı fikir mübadiləsi aparmaq imkanı yaradılıb.

Tədbir “Maarifçi” proqramına dair təqdimat videosu ilə başlayıb. Daha sonra iştirakçılar öz uğur hekayələrini paylaşaraq proqramın onların şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən bəhs ediblər.

Görüşdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev proqramın istedadlı gənclərin dövlət qulluğuna marağını artırdığını və onların karyera imkanlarını genişləndirdiyini bildirib. Nazir iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb və proqramın gənc kadrların təhsil sahəsində bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Görüş çərçivəsində mentorların rəhbərliyi altında proqram iştirakçılarının gördüyü işlər, əldə etdikləri nəticələr müzakirə edilib, gələcək layihələrə dair təkliflər dinlənilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 3 ay davam edən “Maarifçi” proqramı çərçivəsində 35 iştirakçı müvəffəqiyyətlə təcrübə dövrünü tamamlayıb. Layihə tələbə və məzunların sahəvi bilik və bacarıqlarını artırmaq, onların elm və təhsil sahəsində müasir yanaşmaları öyrənmələrinə şərait yaratmaq və təhsil islahatlarının həyata keçirilməsinə dəstək olmaq məqsədini daşıyır.

Xəbər lenti