Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbərləri və əməkdaşları, eləcə də VISA və “Kapital Bank”ın nümayəndələri ilə görüş keçirilib.
UNEC-dən Tehsil.biz-ə bildirilib ki, görüşün məqsədi universitetdə “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinin reallaşdırılması olub.
Rektor Ədalət Muradov “UNEC” brendinin yaradılması, tələbə məmnuniyyətinin təmin olunması, eləcə də müəllim və tələbələrin ingilis dili bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətlərində görülmüş işlərdən danışıb. O, 2015-ci ildən təsdiqlənmiş “UNEC” brendinin dünyanın bir çox ölkələrində tanındığını diqqətə çatdırıb, bu istiqamətdə qarşıda duran hədəflərdən bəhs edib. Həmçinin UNEC-də APTİS imtahanlarında bütün bacarıqlar üzrə “C” və IELTS nəticəsi 8 olan ingilis dili müəllimlərinin əməkhaqlarının 15 faiz, 8.5 olanların isə 30 faiz artırıldığını bildirib. Professor Ədalət Muradov IELTS nəticəsi 7 və daha yuxarı olan tələbələrin isə xarici (ingilis, alman, fransız, rus) dildə işgüzar və akademik kommunikasiya fənlərindən azad olaraq 100 balla qiymətləndirildiklərini diqqətə çatdırıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov UNEC-də həyata keçirilən yeniliklərin təhsil ictimaiyyətini sevindirdiyini bildirib, Fondun təhsilin inkişafına yönəlmiş proqramlarından, o cümlədən “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinin önəmindən bəhs edib. O, “TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində olan muzey və teatrlarda, eləcə də alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə edə biləcəyini və gələcəkdə bu siyahının daha da genişləndiriləcəyini qeyd edib.
“IELTS imtahanına təşviq” layihəsindən söz açan sədr bildirib ki, layihə elmi-pedaqoji heyətin və təhsilalanların ingilis dili biliklərinin artırılmasını təşviq etmək məqsədilə reallaşdırlılır. UNEC-in müəllim və tələbələri 6.5 və daha yüksək IELTS nəticəsi əldə etdikləri halda, onların ödənişlərinin geri qaytarılması Fond tərəfindən təmin ediləcək.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “IELTS imtahanına təşviq” layihəsinin əhəmiyyətindən söz açıb. Tələbələrin xarici dil biliklərinin olmasının onların beynəlxalq akademik mühitdə daha rahat fəaliyyət göstərmələrinə imkan yaratdığını, eləcə də IELTS sertifikatı qazanmış gənclərin yerli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli kadrlar ola biləcəyini diqqətə çatdırıb.
Sonra “Tələbə Plus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində ikitərəfli və üçtərəfli birgə əməkdaşlıq müqavilələri imzalanıb.
Müqavilədə universitetə aid əmtəə nişanından ali təhsil ocağının müəyyən etdiyi şərtlər əsasında Təhsilin İnkişafı Fondu tərəfindən istifadənin tənzimlənməsi də yer alıb.