Logo

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025 12:16 50 baxış
IMG

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi

Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilib.

TƏHSİL.BİZ mövzu ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin  əslən Qərbi Azərbaycandan olan magistrantı Tacir İsmayılzadə ilə müsahibəni təqdim edir.

- Özünüzü bizə tanıda bilərsinizmi? Qərbi Azərbaycanla sizi nə bağlayır?

-Mən Qərbi Azərbaycanın bir parçasıyam. Qərbi Azərbaycanın Göyçə mahalından, doğma Basarkeçər rayonunun Kəsəmən kəndindənəm. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantıyam. Təhsil aldığım dövrdə ictimai işlərə böyük marağım olub. 2022-ci ildə tələbələrin səsverməsi ilə universitetimizin Tələbə Gənclər Təşkilatının sədri seçildim. Həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) koordinatoram. 2023-cü ilin may ayında Kəsəmən Kənd Gənclər Birliyinin sədri seçilərək ictimai məsuliyyətimi daha geniş çərçivəyə çıxardım. Bu, mənim üçün həm yeni, həm də qürurlu mərhələ oldu.

-Qərbi Azərbaycanla bağlı hansı layihələri reallaşdırmısınız?

-Qərbi Azərbaycan İcması yarandığı ilk vaxtlardan, 2022-ci ilin avqust ayından Gənclər Birliyinin üzvü oldum. O vaxtdan Qərbi Azərbaycanın hər rayonu və kəndi gənclərə özəl dərəcədə bir bağlıq hiss etdirdi. Ötən ilin aprelində “Qərbi Azərbaycanın iş imkanları və potensialı" adlı konfransın təşkilatçılarından biri oldum. Bu töhfəmiz Qərbi Azərbaycanı tanıtmaqda yeni addımları əhatə etdi. Həmçinin Batabat yaylağında keçirilən festival-konqres yaddaqalan oldu. Çadırlarda Qərbi Azərbaycanın mədəniyyətini, milli mətbəxini, tarixi abidələrini canlandırdıq. Festivalda bizim gənclər intellektual oyunların qalibləri olaraq mükafatlandırıldı. Çox fəxr edirik ki, bütün bu təşəbbüslərdə azad rəqabət var idi. Bu istiqamətdə fəaliyyətə başlayanda ilk addımım gəncləri bir yerə toplamaq oldu. Kəsəmənli gənclərdən ibarət 50-yə yaxın aktiv qrup yaradıldı. Xaricdə təhsil alan Kəsəmən gənclər ilə əlaqələrimizi möhkəmləndirdik. Bu da beynəlxalq əlaqələr baxımından vacib idi.

Qısa zamanda şəbəkələşə bildik. Bir layihəmizi də vurğulamaq istəyirəm. Qərbi Azərbaycandan olan gənclərimiz üçün karyera qrupu yaratmışıq. Sosial şəbəkə üzərindən yaradılan bu qrupun məqsədi gənclərimizin karyera pillələrində uğurla irəliləməsi üçün bir-birilərinə kömək olmalarını təmin etməkdir. Məsələn, bir gəncimiz öz CV-ni qrupa atır, başqası onu çalışdığı şirkətin rəhbərliyinə təqdim edir.

-Gələcək planlarınız hansılardır?

- Xüsusu qeyd edim ki, Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir. Rayonumuzun ziyalılarının gənclərlə ünsiyyətini qurmaq da hədəfimizdir. Yaxın vaxtlarda həftəsonu düşərgəsini gerçəkləşdirməyi planlaşdırırıq.

Bundan başqa, Qərbi Azərbaycan gəncləri arasında mədəniyyət və idman sahələrində təşəbbüslər irəli sürmək istəyirik. Düşünürəm ki, bu fəaliyyətlər Qərbi Azərbaycan gənclərinin birliyini daha da möhkəmləndirəcək, tarixi torpaqlarımıza qayıtmağımıza kömək olacaq.

Xəbər lenti