Yanvarın 13-də Azərbaycan Dillər Universitetində Türk Şurası Türk Universitetlər Birliyinə üzv olan universitetlər arasında həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində iştirak edən tələbələrlə görüş keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdulla proqram iştirakçılarını salamlayıb, layihənin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Orhun mübadilə proqramı tələbələrin və müəllim heyətinin təcrübə mübadiləsi aparmasına əlverişli imkanlar yaratmaqla, onların bilik və bacarıqlarının artırılmasına müsəbət təsir göstərir.
Orhun mübadilə proqramları, tələbələrin öz ixtisaslarında daha geniş biliklər əldə etmələrinə və beynəlxalq təcrübə qazanmasına kömək edir, həmçinin müxtəlif ölkələrdən gələn tələbələrlə akademik və mədəni mübadilənin aparılmasında vacib rol oynayır.
Mübadilə proqramı çərşivəsində ADU-nun Tərcümə fakültəsinin İngilis (ingilis-rus, rus-ingilis) ixtisasında Qazaxıstanın Atrau Universitetindən Ulsuier Yrgabay, Tərcümə fakültəsinin İngilis (ingilis-rus, rus-ingilis) ixtisasında L.N.Gumilyov adına Avrasiya Dövlət Universitetindən Ainur Kuanyshpayeva, ADU Filologiya fakültəsinin İngilis filologiyası ixtisasında isə Qırğızıstan-Türkiyə Manas Universitetindən Şirin Rasulkızı iştirak ediblər.
Həmçinin Azərbaycan Dillər Universiteti ilə Pakistanın Milli Müasir Dillər Universiteti arasında 17.03.2023-cü il tarixində imzalanmış Anlaşma Memerandumu çərçivəsində ADU-nun Tərcümə fakültəsində Hira Niaz və Maliha Zahid 2024-2025-ci tədris ilinin payız semestrində təhsil alıblar.
Proqram çərçivəsində ADU-nun Təhsil fakültəsinin korreksiyaedici təlim ixtisasının tələbələri Fidan Əhmədova və Aysu Əzizli Türkiyənin Ege Universitetində mübadilə proqramında iştirak ediblər.
Tələbələr Azərbaycan Dillər Universitetinin rəhbərliyi və müəllimləri haqqında müsbət təəssüratlarını bölüşüb və yaradılan şəraitə görə təşəkkür ediblər.