Universitetinizin dünyanın nüfuzlu reytinq sıralamasında yer almasını istərdinizmi? Belə bir şansı Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış reytinq agentliyi olan Times Higher Education (THE) şirkəti təqdim edir.
TƏHSİL.BİZ xəbər verir ki, THE dünyanın nüfuzlu ali təhsil müəssisələrinin qlobal reytinqində - World University Rankings və universitetlərin fənlərarası elmə töhfəsini ölçən Fənlərarası Elm Reytinqində (ISR) təmsil olunmaq üçün ali təhsil müəssisələrini qurumun yaratdığı məlumat portalında qeydiyyatdan keçməyə və öz məlumatlarını göndərməyə dəvət edir.
Hər iki reytinq 2025-ci ilin payızında dərc olunacaq. Portal iki aydan çox müddətə açıq olacaq və martın 30-da bağlanacaq. İştirak etmək üçün heç bir ödəniş yoxdur, lakin yalnız portal vasitəsilə məlumat təqdim edən qurumlar cədvəllərə daxil ediləcək.
Növbəti ildə Fənlərarası Elm Reytinqində iştirak etmək istəyən qurumlar, keçən il olduğu kimi, eyni portaldan istifadə edərək, Dünya Universitetləri Reytinqləri üçün məlumatları, habelə fənlərarası elmlər haqqında əlavə məlumatları təqdim etməlidirlər. Bu il bir və ya bir neçə elm sahəsini ictimai elmlərlə əlaqəli şəkildə özündə birləşdirən istənilən tədqiqat layihəsini əhatə etmək üçün fənlərarası əhatəlilik genişləndirilib.
Məlumatların təqdim edilməsi hər iki reytinq üçün bütün universitetlərdən ötrü açıqdır, lakin qurumlar yalnız müəyyən meyarlara cavab verdikdə sıralamada yer alacaq. Reytinq tələblərinə cavab verməyən qurumlar hələ də məlumat təqdim etməyə təşviq olunurlar, çünki onlar THE “DataPoints” vasitəsilə müqayisə alətlərinə daxil ola biləcəklər. Onlar bu statusdan imtina etmədikcə, müvafiq reytinq cədvəllərində “reportyor” qurumlar kimi qeyd olunacaqlar.
İnstitusional məlumatların necə təqdim edilməsi ilə bağlı məsləhətlər və təlimatlar portalda bir neçə dildə mövcuddur. Portal martın sonunda bağlandıqdan sonra məlumatlarını yoxlamaq üçün universitetlərlə əlaqə saxlanıla bilər.
Keçən il THE-nin məlumat qrupu qlobal ali təhsil sektoru ilə əməkdaşlıq edərək 2025-ci il Dünya Universitetləri Reytinqini tərtib etmək üçün 127 ərazi üzrə 2860 universitetdən məlumat toplayıb. THE-nin bibliometrik məlumat tədarükçüsü “Elsevier” reytinq cədvəlləri üçün 18 milyon tədqiqat nəşrini və elmi məqalələrdən 157 milyon sitatı təhlil edib.
Portal vasitəsilə bu il Dünya Universitetləri Reytinqləri üçün toplanan məlumatlar təkcə 2026-cı il qlobal reytinq və mövzu cədvəllərini deyil, həm də THE-nin digər regional reytinqlərini də əhatə edəcək.
Sonda qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələri də 2026-cı ilin Dünya Universitetləri Reytinqində iştirak etmək üçün THE-nin yaratdığı xüsusi məlumat portalında - [email protected] qeydiyyatdan keçməklə öz məlumatlarını təqdim edə bilərlər.
2026-cı ilin Fənlərarası Elm Reytinqində iştirak etmək istəyən universitetlərimiz [email protected] ünvanına öz məlumatlarını göndərə bilərlər.
https://www.timeshighereducation.com/world-university-rankings/wur-and-isr-2026-time-submit-your-data