Logo

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

14.01.2025 14:45 53 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru Fərhad Quliyev, Yaponiyanın Sapporo Tibb Universitetinin Tibb Elmləri Məktəbinin professoru Hirofumi Matsumura, Türkiyənin Hacettepe Universitetinin Antropologiya bölümünün rəhbəri Yılmaz Selim Erdalla görüşüb.

Bu barədə TƏHSİL.BİZ-ə BDU-dan bildirilib. Görüşdə BDU ilə birgə müştərək laboratoriyanın, müvafiq struktur bölmənin yaradılması, onların arxeologiya sahəsi üzrə geniş tədqiqatlara imkan verən maddi-texniki cihaz və avadanlıqlarla təmin edilməsi, tələbələrin çöl ekspedisiyalarının genişləndirilməsi, Qarabağda arxeoloji tədqiqatlarda birgə iştirak kimi məsələlər müzakirə olunub.

Görüşdə qeyd olunub ki, BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizi istiqamətində işlərə başlanılması planlaşdırılır. Bu təşəbbüs qədim insanların genetik irsinin, miqrasiyalarının və həyat tərzinin öyrənilməsi ilə yanaşı, Azərbaycanın zəngin tarixi və mədəni irsinin daha dərindən araşdırılmasına töhfə verəcək.

BDU-da qurulacaq müasir laboratoriya və mövcud elmi potensial bu sahədə beynəlxalq standartlara uyğun tədqiqatların aparılmasına imkan yaradacaq. Xüsusi metodologiyalar əsasında sümük və diş nümunələrindən DNT çıxarılması, mitoxondrial DNT və tam genom analizləri həyata keçiriləcək. Bu tədqiqatlar qədim miqrasiyalar, genetik xəstəliklər və mədəni əlaqələr barədə yeni elmi məlumatlar əldə etməyə şərait yaradacaq. BDU bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməyi və tədqiqat nəticələrini qlobal elmi ictimaiyyətlə paylaşmağı hədəfləyir.

Xəbər lenti