Məktəblərdə tədqiqata əsaslanan öyrənmə mühitinin və gender yönümlü həssas yanaşmanın tətbiqi təlim nəticələrini daha da yüksəltməyə kömək edir. Məqalədə tədqiqat əsaslı öyrənmənin və gender yönümlü yanaşmanın təlim nəticələrini yüksəltmək üçün təsirləri araşdırılır.
Orta məktəb dövründən genderlə bağlı məsələlərə diqqət yetirilməsi təlim baxımından bir sıra problemlərin aradan qalxmasına müsbət təsir göstərə bilər. Tədqiqat yolu ilə öyrəndikdə isə şagirdlər akademik səviyyələrini yüksəldir və yaradıcılıq bacarıqlarını inkişaf etdirir, biliklərini müstəqil şəkildə əldə edirlər. Tədqiqat əsaslı öyrənmə mühiti təlim prosesində fəal iştirak vasitəsilə yaradıcı öyrənməyi vurğulayan təhsil mühitidir. Bu zaman şagirdlər birbaşa araşdırma prosesi ilə məşğul olurlar. Tədqiqat əsaslı öyrənmə şagirdlərdə qavrama, dərketmə, tənqidi düşünmə, problem həlletmə və ünsiyyət bacarıqlarını inkişaf etdirir, təkmilləşdirir [Qablan, A və b., 2024]. Tədqiqata əsaslanan öyrənmə mühiti və gender yönümlü yanaşma vəhdət şəklində daha vahid, dinamik və inklüziv təhsil təcrübəsi yarada bilər.
Müasir təhsildə gender yanaşması amerikalı alim S.Bemin 30 il əvvəl yaratdığı gender identikliyi haqqında nəzəriyyəyə əsaslanır [Kamenskaya, A., 2006]. Genderlə bağlı aparılan bir çox tədqiqatlar aşkara çıxarır ki, təhsil prosesində təhsilalanların həm intellektual və sosial statusları, həm də cinsi mənsubiyyəti nəzərə alınmalıdır. Müxtəlif amillərin təhsildə, tərbiyədə gender bərabərliyinə nail olunmasına mənfi təsiri gender tərbiyəsinin və təliminin ailədən, orta məktəbdən başlanmasını zərurət kimi qarşıya qoyur. Tərbiyə prosesində gender amilinə diqqət yetirilməsi indiki halda səmərəliliyi artırmaqla yanaşı, həm də şagirdlərin sosiallaşmalarına, cinslər arasında sosial münasibətlərin yaranmasına, növbəti yaş dövrlərində öz cinsi identikliyini daha düzgün anlamalarına kömək edəcək. Gender Yönümlü Həssas Yanaşma beynəlxalq səviyyədə qəbul olunan strategiyadır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Gender Yönümlü Həssas Yanaşmanın bütün sahələrə tətbiqini aşağıdakı təriflə əsaslandırır: “İstənilən fəaliyyət sahəsində qanunvericilik, siyasət və proqramlar da daxil olmaqla, planlaşdırılan hər bir addımın kişilərin və qadınların həyatına göstərə biləcək təsiri nöqteyi-nəzərindən təhlili”. Təlim zamanı gender yönümlü yanaşmanın məqsədi qız və oğlan şagirdlərin öyrənmə qabiliyyətini eyni dərəcədə qiymətləndirmək, potensiallarını maksimum inkişaf etdirməkdir. “Təhsil sahəsində gender bərabərliyinin aktuallığı qadınlar və kişilər üçün sosial ədalət və hüquqların bərabər səviyyədə təmin olunması ilə bağlıdır. Təhsil və tərbiyə sisteminə gender probleminin gətirilməsi cəmiyyətin vacib sosial-iqtisadi, siyasi, mədəni məqsədlərinə daha tez və uğurla nail olunmasına kömək edir.” [İsazadə, N., 2018].
Tədqiqat əsaslı öyrənmə şagirdləri yaradıcılığa istiqamətləndirir, istənilən fəaliyyətin, uğurun təməlində yaradıcı yanaşma dayanır. Tədqiqat işində tədqiqat əsaslı öyrənmənin tətbiqinin əhəmiyyətli tərəfləri barədə bəzi nümunələrə müraciət etmişik. Bunlar, əsasən, öz tədqiqatlarımızdan ibarətdir. Professor Suqata Mitranın “Özünütəşkiledən Təhsil Mühiti” konsepsiyası, Helen Parkherst tərəfindən əsası qoyulan “Dalton-Planı” texnologiyası, Almaniyanın Orenienburq şəhərindəki “Mozaika” məktəbinin, Ukraynada və dünyanın bir sıra ölkəsində tətbiq olunan “Universal-onlayn” sisteminin, eləcə də Rusiyada fəaliyyət göstərən Beynəlxalq Tədqiqatlar Məktəbinin təcrübəsi tədqiqat əsaslı öyrənmənin əhəmiyyətli tərəflərinin əsaslandırılması baxımından mühüm əhəmiyyət daşıdı.
Əsas hissə
“Tədqiqat əsaslı öyrənmə prosesi bir neçə mərhələyə bölünür və bu mərhələlər özlüyündə müəyyən funksiyaları ehtiva edir. Birinci mərhələ ən çətin mərhələ hesab olunur. Bu zaman intellektual inkişafın, bilik və bacarıqların, tədqiqat aparmaq səriştəsinin, ünsiyyət bacarıqlarının diaqnostikası aparılır, alınmış nəticələr təhlil olunur. 12 nəfərlik korreksiyaedici qrup formalaşdırılır. Qrupların tədqiqat işləri müəyyənləşdirilir. Dəyişikliklər təhlil olunur. Monitorinq aparılır. Ümumiyyətlə, birinci mərhələdə, aparılan bütün işlər uşaqları uğur əldə etməyə kökləmək baxımından diqqətdə saxlanılır. İkinci mərhələdə, problem müəyyənləşdirilir, tapşırıq qoyulur, elmi nəticələr müəyyən olunur. Üçüncü mərhələdə, müəllimlər tədqiqatçı şagirdlərlə fərdi qaydada işləyirlər (əməkdaşlıq səviyyəsində). Materiallar əldə olunur, arxivlərdə, muzeylərdə, kitabxanalarda, laboratoriyalarda araşdırmalar aparılır, elmi rəhbərlə məsləhətləşmələr keçirilir. Dördüncü mərhələdə, şagirdlər apardıqları tədqiqat işini standartlara uyğunlaşdırıb elmi rəhbərə təqdim edirlər. Beşinci mərhələ tədqiqatın son mərhələsidir. İlin sonunda tədqiqatların təqdim olunması məqsədilə alimlərin, məktəbin məzunları olan tələbələrin, valideynlərin iştirakı ilə elmi-praktik konfrans keçirilir. Ekspert şurası konfransın nəticələrini müəyyənləşdirir, qaliblər elan edilir, bütün iştirakçılar mükafatlandırılırlar” [Vasilyeva, T., 2012].
Tədqiqat əsaslı öyrənməyə dair dünya təcrübəsindən kifayət qədər nümunə göstərmək mümkündür və bu yanaşma orta məktəblərlə yanaşı, müəyyən mərkəzlər vasitəsilə də həyata keçirilir. Araşdırma apardığımız Almaniyanın Oranienburq şəhərində “Mozaika” gimnaziyası da tədqiqat əsaslı öyrənməyə üstünlük verən təhsil müəssisələrindəndir. “Mozaika” məktəbində belə bir ənənə mövcuddur: müəllimlər sinfə tapşırıq verirlər. Tapşırıq üzərində sinfin bütün şagirdləri birgə işləyirlər” [Mikayıllı, B., 2021]. Kollektivlə birgə tapşırıqlar üzərində işləmək şagirdləri, ümumiyyətlə, öyrənməyə, tədqiqat aparmağa, yeniliklər axtarışında olmağa həvəsləndirir. Şagird məktəbin standart cansıxıcı mühitindən uzaqlaşıb, sərbəst tədqiqatlar aparmaq imkanı qazanır. Müstəqillik hissi şagirdi daha yaradıcı və məsuliyyətli olmağa yönəldir. Professor Suqata Mitra, uşaqları öyrətməyin, imkan verin onlar özləri öyrənsinlər deyərkən, məhz şagirdlərdə tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini nəzərdə tuturdu.
“Rusiyada fəaliyyət göstərən Beynəlxalq Tədqiqatçılar Məktəbi elmi araşdırmalarla maraqlanan hər bir şagird üçün unikal beynəlxaq layihədir. Dünyanın bir çox ölkəsindən gələn orta məktəb şagirdləri Rusiyadan və digər ölklərdən olan gənc alimlərin elmi rəhbərliyi altında təbiət və humanitar elmlər sahəsində araşdırmalar aparmaq üçün bir neçə günlük bir yerə toplaşırlar. Bu müddət ərzində uşaqlar tədqiqat işlərinin aparılmasının bütün mərhələlərini keçirlər. Məktəbdə xüsusi olaraq təşkil olunan seminarda müxtəlif ölkələrdən olan nümayəndə heyətlərinin rəhbərləri (müəllimlər) uşaqlarla tədqiqat işi sahəsində təcrübə mübadiləsi aparırlar”. “Suqata Mitra hesab edir ki, uşaqlar məktəbdə tədqiqatçı ruhunda yetişməlidirlər. Onlar nəyisə axtarıb tapanda özlərini çox xoşbəxt hiss edirlər, buna şübhə yoxdur. Biz böyüklər, öz işimizdə uğur əldə edəndə nə qədər sevinirik. Təsəvvür edin ki, uşaqlar bu hissi bizdən dəfələrlə artıq yaşayırlar. Əgər biz uşağı məktəbdə bu ruhda hazırlaya bilməyəcəyiksə, o zaman narahat olmalıyıq və bundan çıxış yolları axtarıb tapmalıyıq. Uşaqların öz yanaşmaları olmalıdır, onlar özləri nəticə çıxarmalıdırlar. Bu, onlarda özünəinam hissi formalaşdıracaq. Uşaqlar həvəsli olurlar. Onlar suallar verməyi xoşlayırlar. Biz bunu mükafatlandırmalıyıq. Yeni suallarımızla onlarda daha böyük maraq oyatmalıyıq”.
Tədqiq etdiyimiz Dalton Planı texnologiyasının tətbiqi zamanı da şagird özü işləyir, mənbələrdən özü istifadə edir, təcrübələr qoyur, suallara cavab axtarır. Tədqiqat bacarıqları, təşəbbüskarlıq inkişaf edir. Şagird araşdırmağı, bilik əldə etməyi öyrənir. Bu, artıq uğurdur. Əgər sadalanan bacarıqlar inkişaf edibsə, deməli, hədəfə doğru düzgün yol seçilib [Mikayıllı, B., Mikayılova, Ü., 2024]. Ukraynada əsası qoyulmuş, 2017-ci ildən araşdırdığımız “Universal-onlayn” sistemi də şagirdləri yaradıcı-tədqiqatçı ruhda formalaşdırılması prinsipini qarşıya məqsəd kimi qoyur. Bu sistemdə hər bir şagirdin yaradıcılıq potensialı, intellektual səviyyəsi müəyyənləşdirilərək, müvafiq tədqiqat işinə istiqamətləndirilir [Mikayıllı, B., 2021]. Tədqiqat əsaslı yanaşmalara uyğun dərslər 5E modelinə (5E/ing: engage (maraqoyatma), explore (araşdırma), explain (izahetmə), elaborate (möhkəmləndirmə) və evaluate (qiymətləndirmə) sözlərinin baş hərflərinin sayını ifadə edir) görə planlaşdırılır. “5E modeli öyrənənlərin problem formalaşdırmaq, müşahidə və təhlil aparmaq, nəticə çıxararaq problemin həll yollarını müəyyənləşdirmək və nəticələri yoldaşları ilə kommunikasiya etmək kimi bacarıqlarını inkişaf etdirir” [Qablan, A və b., 2024].
İnteraktiv təlimin əsasını şagirdin tədqiqatçı mövqeyi və idrak fəallığı təşkil edir. Araşdırmalar göstərir ki, şagirdlərin müxtəlif sahələrdə akademik marağı və nailiyyətləri bəzən onların cinsindən asılı olaraq dəyişir. “Kollmayer və həmkarları, eləcə də Boniol və həmkarlarının tədqiqatlarına görə oğlanlar elm, texnologiya, mühəndislik və riyaziyyat kimi sahələrdə üstünlük təşkil etdiyi halda, qızlar səhiyyə, humanitar və digər sosial sahələrə daha çox maraq göstərirlər” [Babayeva, Ü., Tağıyeva, İ., 2023]. Tədqiqat bacarıqları mövzuları daha dərindən dərk etməyə kömək göstərir və öyrənənlərin gələcək karyerasında onlara faydalı olacaq bir ömürlük səriştə qazandırır. Analitik bacarıqlara müsbət təsir edir, eləcə də vaxtı effektiv idarə etməyə kömək edir. Sosial normalardan irəli gələn xüsusiyyətlər, davranışlar akademik öyrənməyə və performansa mane ola bilər (məsələn, utancaqlıq, təkəbbür, dominantlıq, inamsızlıq, danışmaq qorxusu və.s). Oğlanlarda tədqiqatçılıq məharəti daha çox olur, onlar yeni fikirlər irəli sürürlər. Amma ideyaların həyata keçirilməsində qızlar daha dəqiq və səliqəli işləyirlər. Təlim zamanı müəllimlər oğlan şagirdləri riyaziyyat və ya digər tətbiqi elm sahələrində, qızları isə humanitar elmlərdə və ya musiqidə daha çox dəstəkləyirlər. Belə ki, “dərs prosesində oğlanlar daha çox rəqabətə əsaslanan metodlara üstünlük verdikləri halda, qızlar özləri üçün “beyin həmləsi”ni məqbul sayırlar” [Rikov, S., 2001.].
Müəllimlərin şagirdlərdən gözləntiləri və davranış formaları da gender qəliblərinə əsasən formalaşıb. Qızlardan daha çox tərbiyəli, sakit, hörmətli, çalışqan, yardımsevən, itaətkar, qaydalara riayət edən və akademik cəhətdən bacarıqlı olmaları gözlənildiyi halda, müəllimlər oğlan şagirdlər üçün cəsur, diqqətsiz, davakar, hərəkətli və ağıllı; qızlar üçün nizamlı, sakit, sözəbaxan, emosional, güvənilən və s. kimi sifətlərdən istifadə edirlər. “Oğlan şagirdlərə “dərsin gedişinə müqavimət göstərən” və yaxud “dərsi qarışdırmağa çalışan şagird” kimi müraciət edirlər” [Şeydayeva, S., 2021]. Gender stereotipləri və qərəzləri şagirdlərin peşə seçiminə, tədqiqatçılıq fəallığına, özünüifadə imkanlarına təsir edir.
Elmi tədqiqatla məşğul olmaq şagirdlərdə müxtəlif bacarıqları formalaşdırır:
planlaşdırma; məlumatların təhlili; çevik qərar qəbul etmək; tənqidi təfəkkür;
məntiqi yanaşma; yaradıcı yanaşma; müstəqil düşüncə;
kollektivlə işləmək mədəniyyəti; fərdi iş bacarıqları; şəraitə uyğunlaşma bacarığı;
praktik fəaliyyət göstərmək bacarığı; laboratoriyalarda, muzeylərdə, arxivlərdə və digər resurslarda işləmək bacarığı.
Buna qədər müəllim seçilmiş tədqiqatçı qruplarda şagirdlərin aparacaqları tədqiqatların sərhədlərini, tədqiqatın hipotezini, tədqiqat metodlarını müəyyənləşdirmək, tədqiqata uyğun materiallar toplamaq, onlar üzərində işləmək, alınmış nəticələri təhlil etmək bacarığı formalaşdırmalıdır. Şagirdlər tədqiqatı müdafiə etməyə hazır olmalıdırlar [Znamenskaya, O., Visokos, K., 2020].
Müəllimlər tədqiqat əsaslı təlim mühiti yaradarkən, öyrənənlərin potensial imkanlarını nəzərə almalıdır. Gender əsaslı məktəb həm qızların, həm də oğlanların xüsusi ehtiyaclarının nəzərə alındığı məktəbdir. Müəllimlər layihələr üzərində işləmək üçün qarışıq gender qrupları yaratmalı, bir işdə hər kəsin rolu olmasını təmin etməyə çalışmalıdırlar. Təlim zamanı müəllimlər gender-neytral dildən istifadə etməklə şagirdləri bərabər iştiraka yönləndirə bilərlər. Həm qız, həm də oğlan şagirdlərə cavab vermək üçün bərabər imkanların verilməsi, hər iki cinsin fəal şəkildə təlimdə iştiraka cəlb olunması, təlim keyfiyyətini daha da artıracaq. Dərs zamanı öyrənənlərin hafizə, qavrama, riyazi və nitq qabiliyyətlərinə, maraqlarına diqqət yetirilməsi həm qız, həm də oğlan şagirdlərin öyrənmə, tədqiqat bacarıqlarının inkişafına kömək edəcək. Təlim prosesində oğlan şagirdlərdə yüksək tədqiqatçılıq fəallığı, riyazi düşüncə daha çox dominant olur. Qızların isə ətrafdakılar ilə ünsiyyət maraqları, nitq qabiliyyətləri nəzərə alınmaqla, onları daha müstəqil olmağa yönləndirmək lazımdır [Mollayeva, E., 2024].
Mövzuların şagirdləri axtarıcılığa, tədqiqata sövq etməsi məsələsinə daha çox diqqət yetirilməsi tapşırıqların təqdimat yönümlü hazırlanması, oğlan və qızların ahəngdar inkişafı və fəaliyyətləri üçün onların dərs materialını məntiqi, obrazlı, eyni zamanda, intuitiv qavramalarına şərait yaradacaq. Bu yanaşma şagirdlərin təfəkkürünü inkişaf etdirərək onları tədqiqatçı kimi yetişdirir. Təlimdə gender baxımından həssas yanaşma isə qız və oğlan şagirdlərin bərabər, gender stereotipi və ayrı-seçkilikdən uzaq mühitlə təmin olunmasıdır.
Nəticə
Məktəbdə tədqiqat əsaslı öyrənmə mühiti və gender yönümlü həssas yanaşma, təlim zamanı ədalət və bərabərliyi nəzərə alaraq şagirdlərin inkişafını dəstəkləyir. Genderə həssas olan öyrənmə mühitinin yaradılması öhdəlik, yaradıcılıq və əməkdaşlıq tələb edən prosesdir. Təhsildə gender probleminin aradan qaldırılmasının əsas yollarından biri də dərsliklərin gender ekspertizasından keçirilməsidir. Dərsliklərdə özünü göstərən gender disbalansı və qəlibləşmiş gender stereotipləri bəzən şagirdlərin maraq və özünü ifadə imkanlarına təsir edir [Mollayeva, E., 2013].
Tədqiqat əsaslı öyrənmə, şagirdlərin öz təcrübələri və tədqiqatlar yolu ilə öyrənmələrini təmin edən bir yanaşmadır. Bu yanaşma, şagirdlərin daha çox öz öyrənmələrini idarə etmələrinə və tədqiqat aparmalarına imkan yaradır. Bu cür mühitdə şagirdlər sual verir, problemləri təhlil edir və həlli yolları tapmağa çalışırlar. Şagirdlər yalnız dərs kitablarından oxumaqla deyil, həm də real həyatla əlaqəli tədqiqatlar aparmaqla məlumat əldə edirlər və onlarda təhlil, mühakimə, tənqidi düşünmə bacarıqları inkişaf edir. Gender yönümlü həssas yanaşma, məktəbdə həm oğlanların, həm də qızların eyni dərəcədə təhsil alması və inkişaf etməsi üçün bərabər imkanların yaradılmasını nəzərdə tutur. Müəllim və şagird münasibətlərinin keyfiyyəti akademik nailiyyətlərə və şagirdlərin davranışına təsir etdiyinə inanılır. Gender davranış modelinin formalaşması qanunauyğunluğu eqalitarizm prinsipindən irəli gəlir. Bu qanunauyğunluq tərbiyə olunanlarda qadın və kişi davranışında eqalitar mövqeyin nəzərə alınması ilə onların daha yaxşı adaptasiyasına və özünüreallaşdırmasına şərait yaradır. Demokratik və humanist dünyagörüşə malik olan müəllim təlim zamanı hər bir şagirdin fərdi gender xüsusiyyətlərini nəzərə almalıdır. Təlim zamanı gender yönümlü həssas yanaşma, gender bərabərliyini təmin etməyə, stereotipləri aradan qaldırmağa, fərqli cinslərə aid olan şagirdlərin ehtiyaclarını, maraqlarını düzgün şəkildə nəzərə almağa istiqamətlənir. Pedaqoji ünsiyyət müəllimlərlə şagirdlər arasında qarşılıqlı fəaliyyətin məqsəd və məzmunundan irəli gələn prosesdir. Pedaqoji fəaliyyətin müvəffəqiyyətlə həyata keçməsi pedaqoji ünsiyyətdən çox asılıdır [Qasımova, L., Mahmudova, R., 2021].
Müəllim ünsiyyətin yaradılması mexanizminə yaxşı yiyələndikdə təlim-tərbiyə prosesinin səmərəliliyinə nail ola bilir. Pedaqoji fəaliyyətin uğurlu olması üçün ünsiyyətdə gender yönümlü həssas yanaşmaya və tədqiqat əsaslı öyrənmə məsələlərinə də diqqət yetirmək lazımdır. Genderə həssas yanaşma təhsilalanların hərtərəfli inkişafına və formalaşmasına, onlar arasında sosial mühitin yaradılmasına və kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə imkan verir. Tədqiqat yolu ilə öyrəndikdə şagirdlər analitik təhlil bacarıqlarını inkişaf etdirə bilir. Tədqiqat əsaslı öyrənmə, şagirdlərə öz öyrənmə proseslərini yönləndirmə və idarə etmə imkanı verən bir yanaşmadır. Bu yanaşma, şagirdlərə praktiki problemləri həll etmək və məlumatları öz müstəqil tədqiqatları vasitəsilə əldə etmək bacarıqlarını inkişaf etdirmək üçün imkanlar yaradır. Araşdırmalarımıza əsasən, tədqiqat əsaslı öyrənmənin şagirdlərə aşağıda göstərdiyimiz təsir imkanlarını qeyd etmək olar:
Təhlil qabiliyyəti və tənqidi düşüncə bacarıqları: Şagirdlər, tədqiqat apararkən, verilən məlumatları təhlil edir, fərqli mənbələrdən məlumat toplayır və onu öz tədqiqatlarına uyğunluğu baxımından dəyərləndirirlər. Bu proses şagirdlərin tənqidi yanaşma, müqayisəli şəkildə təhlil etmə qabiliyyətini gücləndirir. Şagirdlər məlumatları düzgün şəkildə təsnif etməyi öyrənirlər. Anlayırlar ki, tədqiqat işinə yoxlanılmış, sınaqdan çıxmış, etibarlı mənbələr daxil edilməlidir.
Müstəqil öyrənmə və motivasiya: Tədqiqat əsaslı öyrənmə şagirdləri müstəqil fəaliyyətə istiqamətləndirir. Bu da onları daha çox məsuliyyətli olmağa sövq edir. Tədqiqat işi yaradıcı proses olduğu üçün şagirdlərin motivasiyasını artırır. Tədqiqat əsaslı öyrənmə şagirdlərin öz maraq dairələri çərçivəsində aparıldığı üçün şagirdlərin öyrənməyə olan maraqları yüksəlir.
Problem həll etmə bacarıqları: Tədqiqat işi problemləri həll etmə prosesidir. Ona görə də tədqiqat əsaslı öyrənmə şagirdlərin problem həll etmə qabiliyyətlərini inkişaf etdirir. Şagirdlər, tədqiqat işi apararkən, qarşıya qoyulmuş problemi həll etmək üçün müxtəlif yanaşmalar tətbiq edirlər. Bu isə, şübhəsiz ki, şagirdlərin bir problemin həllinə müxtəlif aspektlərdən yanaşma imkanlarını və bacarıqlarını inkişaf etdirir.
Əməkdaşlıq və komanda işləri: Tədqiqat əsaslı öyrənmə uşaqlarda komandada işləmək bacarıqları formalaşdırır. Onlar bir-birilərindən öyrənir, bir-birilərini öyrədir, fikir mübadiləsi aparır, obyektiv münasibət bildirməyi öyrənirlər. Tədqiqat işlərinin komanda halında aparılması uşaqların həm də ictimai mənafe düşüncələrini formalaşdırır, öyrədir ki, başqalarının fikirlərinə və mövqelərinə ehtiramla yanaşmaq, dözümlülük göstərmək vacibdir. Əməkdaşlıq şəraitində işləmək imkan verir ki, şagirdlərin sosial bacarıqları inkişaf etsin, ümumilikdə isə onlar komanda şəklində işləməyin daha səmərəli yol olduğunu dərk etsinlər.
Yaddaş və praktiki tətbiq bacarıqları: Tədqiqat əsaslı öyrənmə şagirdlərin yaddaşlarını daha mükəmməl şəkildə inkişaf etdirir. Onlar öz öyrəndikləri mövzuları daha dərin şəkildə mənimsəyir və bu məlumatları praktiki tətbiq etməyi öyrənirlər.
İnformasiya texnologiyalarından istifadə bacarıqları: Tədqiqat əsaslı öyrənmə, şagirdlərin müxtəlif rəqəmsal alətlərdən istifadə etmələrini tələb edir. Bu, onların informasiya texnologiyalarını və rəqəmsal bacarıqları effektiv şəkildə mənimsəmələrinə kömək edir. İnformasiya texnologiyalarından, müxtəlif resurslardan səmərəli istifadə tədqiqat əsaslı öyrənmə zamanı mühüm bacarıqdır. Məhz bu bacarıqlar vasitəsilə tədqiqat işini daha mükəmməl səviyyədə həyata keçirmək mümkündür. Ümumiyyətlə, tədqiqat əsaslı öyrənmə şagirdlərə yalnız biliklər vermir, eyni zamanda onları düşünmək, araşdırmaq, problem həll etmək və sosial bacarıqları inkişaf etdirmək istiqamətində hazırlayır. Bu yanaşma, şagirdlərə müstəqil və yaradıcı düşünmə bacarıqları qazandıraraq, onları gələcəkdə daha hazırlıqlı və çevik fərdlər olmağa yönləndirir. Təlim prosesi şagirdi tədqiqatçı ruhda formalaşdırmaqla öz məqsədinə daha optimal şəkildə nail ola bilər. Tədqiqata həvəsli şagird yeni bilikləri mənimsəməklə, onları tətbiq etmək bacarıqlarına da malik olacaq.
Mənbə: MƏKTƏBƏQƏDƏR VƏ İBTİDAİ TƏHSİL ELMİ-METODİK JURNAL 2024, №4/249 s.97-104