Logo

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın hərtərəfli inkişafında mühüm mərhələ olacaq

14.01.2025 11:41 53 baxış
IMG

Yenicə qədəm qoyduğumuz 2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu Sərəncam milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsidir. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiyasının 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın çoxsaylı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbənin 5 illiyidir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunub.

Bu fikirləri TƏHSİL.BİZ-ə AMEA-nın vitse-prezidenti, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib.

Akademik Gövhər Baxşəliyeva deyib: “Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Faciəvi olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğrayıb, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulub. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də ciddi təsiri olub. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası, xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açıb, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməyib. Bunu bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda (XVIII əsrdə) Azərbaycanın xanlıqlara parçalanması faktı da təsdiq edir, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da”.

Alim qeyd edib ki, XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan milli qüvvələrin daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaq qarşısında qoydu. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətinə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi Ümummilli Lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət - Heydər Əliyev var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin sədri, daha sonra ölkə prezidenti seçilən Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində Ulu Öndərimizin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər sonrakı illər öz bəhrəsini verdi. Məhz Heydər Əliyev güclü Azərbaycanın – ictimai-siyasi sabitlik şəraitində sürətli iqtisadi inkişaf yolu ilə inamla irəliləyən milli dövlətimizin əsasını qoydu.

Akademik qeyd edib ki, hələ 1993-cü ildə Ali Sovetin sədri seçilərkən Ulu Öndər böyük proqram səciyyəli nitqlə çıxış edərək yeni qəbul olunacaq Konstitusiyanın konturlarını uzaqgörənliklə müəyyənləşdirib.

“Bu böyük amal illər sonra onun siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, fövqəladə təşkilatçılıq bacarığı, mahir diplomatiyası sayəsində və qəhrəman ordumuzun şücaəti, şəhidlərimizin canı, qanı bahasına gerçəkləşdirildi. Təsadüfi deyil ki, 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının əsas müəllifi məhz Ulu Öndərimiz özüdür.

İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaq, qüdrətli Azərbaycanın dünya ölkələri birliyində özünə layiqli yer tutmasında, müstəqilliyimizin dönməz və əbədi olmasında əvəzsiz rol oynayacaq”, - deyə G.Baxşəliyeva fikrini yekunlaşdırıb.

Xəbər lenti