Elm və Təhsil Nazirliyinin sifarişi ilə 2018-2024-cü illər ərzində ölkə üzrə 104 təhsil müəssisəsi tikilərək istifadəyə verilib.
Bu barədə TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 8-i Bakıda, 96-sı isə regionlardadır.
Eyni zamanda 6-sı Bakıda, 55-i regionlarda olmaqla 61 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb. 2018-2024-cü illər ərzində 4000-dən artıq təhsil müəssisəsində cari təmir işləri həyata keçirilib. Bundan başqa, 2017-2022-ci illər ərzində 414 modul tipli məktəb quraşdırılaraq təhvil verilib.
2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Elm və Təhsil Nazirliyinin sifarişi ilə 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb ki, həmin müəssisələrdən 46-sı yeni tikili, 11-i isə əsaslı təmirdir.
2024-cü ildə 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə bitirilməsi planlaşdırılır. Həmçinin vəsait ayrılacağı təqdirdə layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 12 ümumi və 7 məktəbəqədər təhsil müəssisəsinin təmir-tikinti işləri başa çatdırılıb. 4 ümumi təhsil, 1 peşə liseyi, 3 məktəbəqədər təhsil müəssisəsində tikinti işləri davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərdə 2000-nə yaxın şagird və 250-dən çox təhsilverən daxil olmaqla 11 ümumi təhsil müəssisəsi, 162 uşaq və 21 təhsilverən daxil olmaqla 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.