Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, Azərbaycanda magistratura pilləsinin tədris sistemi ciddi islahatlara ehtiyac duyur. “Hazırkı vəziyyətdə magistratura təhsilimiz nə tələbələrin tədqiqat qabiliyyətlərini inkişaf etdirməyə, nə də onların peşəkar biliklərini artırmağa tam uyğun gəlir. Magistr proqramlarının çoxu köhnədir, müəllim heyəti müasir tələblərə cavab vermir və ümumi yanaşma beynəlxalq standartlardan çox geridədir,” – deyə Kamran Əsədov bildirir.
Kamran Əsədov qeyd edir ki, magistratura pilləsində proqramların yenilənməsi sürəti çox zəifdir. “Statistikaya əsasən, ölkəmizdə magistratura ixtisaslarının təxminən 70%-i 15 il əvvəlki tədris materiallarına əsaslanır. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 10%-dən azdır. Məsələn, Finlandiya və Almaniyada magistr proqramları hər üç ildən bir əmək bazarının tələblərinə uyğun olaraq yenilənir,” – deyə ekspert qeyd edir.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, Azərbaycanda magistratura təhsilinin ən ciddi problemlərindən biri müəllim heyətinin səviyyəsidir. “Magistratura təhsilində dərs deyən müəllimlərin təxminən 40%-i beynəlxalq standartlarla işləmək üçün kifayət qədər təcrübəyə malik deyil. Müəllimlərdən bəziləri isə öz sahələrində müasir tədqiqatlar aparmır və tədris zamanı köhnə yanaşmalardan istifadə edir. Halbuki magistratura səviyyəsi tələbələrə daha çox tədqiqat qabiliyyəti və analitik düşüncə bacarığı aşılamağa yönəlməlidir,” – deyə Kamran Əsədov vurğulayır.
Kamran Əsədov sitat gətirir ki, beynəlxalq təcrübəyə əsasən, magistratura təhsili yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmamalıdır. “Məsələn, Böyük Britaniyada magistr tələbələrinin 80%-i təhsil müddətində real tədqiqat layihələrində iştirak edir. Bu, onların həm nəzəri, həm də praktiki biliklərini artırmağa imkan verir. Azərbaycanda isə bu rəqəm təəssüf ki, cəmi 10%-dir,” – deyə ekspert qeyd edir.
Magistratura proqramlarının müasir əmək bazarına uyğun olmadığını vurğulayan Kamran Əsədov bildirir ki, bu problem tələbələrin karyera inkişafına mənfi təsir göstərir. “Azərbaycanda magistratura məzunlarının yalnız 35%-i ixtisasına uyğun iş tapa bilir. Halbuki Skandinaviya ölkələrində bu göstərici 85%-dən çoxdur. Bu fərq proqramlarımızın keyfiyyətini bir daha göstərir,” – deyə ekspert əlavə edir.
Təhsil eksperti Kamran Əsədov magistratura təhsilində ciddi islahatların vacibliyini vurğulayır. “Biz dərhal magistr proqramlarının məzmununu yeniləməli, müəllimlərin peşəkarlığını artırmalı və beynəlxalq təcrübəni tətbiq etməliyik. Həmçinin, tələbələrin real tədqiqat layihələrinə cəlb olunması və praktiki biliklərin artırılması üçün universitetlərdə müasir laboratoriyalar və tədqiqat mərkəzləri yaradılmalıdır,” – deyə ekspert bildirir.
Kamran Əsədov qeyd edir ki, dövlətin bu sahəyə daha çox diqqət yetirməsi vacibdir. “Magistratura təhsilinin gücləndirilməsi üçün əlavə maliyyə resurslarının ayrılması, xarici mütəxəssislərin dəvət edilməsi və müasir tədris metodlarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Əks halda, magistratura təhsilimiz beynəlxalq rəqabətdə geri qalacaq və bu, həm tələbələrin, həm də ölkənin ümumi inkişafına mənfi təsir göstərəcək,” – deyə Kamran Əsədov fikirlərini yekunlaşdırır.
Bəhman Hüseynli