Logo

18 nömrəli məktəbdə yeni antibullinq layihəsi tətbiq ediləcək

30.01.2025 15:00 159 baxış
IMG

“18 nömrəli tam orta məktəbdə yeni antibullinq layihəsi həyata keçiriləcək”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu “Dərs Evi" Təhsil Mərkəzinin rəhbəri Nigar Baimova “Dəyişiklik səndən başlayır!" ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, məktəb ərazisində şagirdlərə və onların valideynlərinə mövcud resurslar və dəstək barədə məlumatlandırma tabloları yerləşdiriləcək.

“Bu yanaşma çox əhəmiyyətli və effektivdir. Bullinqin qarşısını almaq üçün çoxşaxəli və sistematik bir strategiya tələb olunur. Hər bir təhsil müəssisəsinin bu məsələyə ciddi yanaşması, qabaqlayıcı tədbirlərin davamlı olaraq həyata keçirilməsi, həmçinin şagirdlərin, müəllimlərin və valideynlərin aktiv iştirakını təmin etmək bu problemlə mübarizədə böyük bir addım olacaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, antibullinq kampaniyalarının ölkə miqyasında həyata keçirilməsi, təhsil siyasəti və qanunvericiliklə birləşdirilməsi çox vacibdir. Müəllimlərin və məktəb psixoloqlarının təlimlər alması, şagirdlərin davranış qaydalarının aydın şəkildə təqdim edilməsi və bu tədbirlərin məktəblərin gündəlik fəaliyyətlərinə daxil edilməsi bullinqin qarşısını almağa yönəlmiş uğurlu bir yanaşma olacaq:

“18 nömrəli məktəbdə tətbiqinə başlanılan bu dəstəkləyici layihə çərçivəsində valideynlər və uşaqlarla işləyərək onları antibullinq mübarizəsinə cəlb etmək mümkün olacaq. Bu cür tədbirlər sistematik və davamlı olarsa, bullinqin təsirlərini azaldacaq və təhsil mühitini daha sağlam və inklüziv edəcək”.

Qeyd edək ki, bu gün “Kapital Bank”, Təhsil İnstitutu, Bakı Şəhər Təhsil İdarəsi və “Dərs Evi" Təhsil Mərkəzi arasında “Dəyişiklik səndən başlayır!" ümumtəhsil məktəblərində bullinqlə mübarizə ilə bağlı xartiya imzalanıb. Xartiya əsasında layihə ilk olaraq 18 nömrəli tam orta məktəbdə tətbiq ediləcək.


 

Xəbər lenti