Logo

Azərbaycanla Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

30.01.2025 16:29 44 baxış
IMG

Azərbaycan ilə Qırğızıstan arasında təhsil və elm sahəsində əməkdaşlıq səviyyəsinin siyasi münasibətlər səviyyəsinə qaldırılması, imzalanmış sazişdən irəli gələn məsələlərin - ali təhsil və elm müəssisələri arasında əməkdaşlıq üçün sahə və istiqamətlərin müəyyənləşdirilməsi, tələbə mübadiləsinə dair konkret addımların atılması, elm sahəsində fəaliyyət göstərən araşdırma mərkəzlərinin birgə fəaliyyət sahələri və istiqamətlərinin müəyyən edilməsi, o cümlədən TDT çərçivəsində elm və təhsil sahəsində aparılan iş istiqamətlərinin düzgün təsbit edilməsinə dair fikir mübadiləsi aparılıb.

TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun Qırğız Milli Universitetinin rektoru Doqdurbek Çontoyev, Qırğız Respublikası Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının rektoru Akılbek Kılıçev, Qırğız Milli Aqrar Universitetinin rektoru Rısbek Nurqaziyev və Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan ilə görüşlərində ölkələrimiz arasında təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğu və bu sahədə müsbət addımların atıldığı bildirilib. Qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən Bişkek şəhərində iki məktəb tikilib istifadəyə verilib, Heydər Əliyev adına 20 saylı gimnaziyada STEAM mərkəzi yaradılıb, eyni zamanda, Prezident Sadır Japarovun Azərbaycana səfəri zamanı Qırğızıstan dövləti tərəfindən Ağdamda hazırda tikintisi başa çatmaqda olan məktəbin təməli qoyulub.

Diplomat ali təhsil və elm müəssisələri arasında elmi tədqiqat işləri üzrə birgə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl təcrübənin öynənilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsinin, mütəmadi görüşlərin və müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Qırğızıstanın ali tədris müəssisələrin rəhbərləri Azərbaycanın ali təhsil və elm müəssisələri ilə əməkdaşlıqdan yalnız məmnun olacaqlarını bildirib, bununla bağlı zəruri işlərin görülməsinə hazır olduqlarını vurğulayıblar.

Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında birgə şuranın yaradılmasını təklifi irəli sürülüb və bu, təklif Qırğız Milli Universitetinin rəhbərliyi tərəfindən bəyənilib.

Qeyd edək ki, Qırğız Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb, Azərbaycan Dövlət İqtisadi Universiteti ilə hazırda tərəfdaşlıq münasibətləri müzakirə olunur. Bu baxımdan qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi məqsədilə QMU nümayəndə heyətinin Bakıya səfəri nəzərdə tutulur.

Xatırladaq ki, ötən il Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Xəbər lenti