Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elmin populyarlaşdırılması” mövzusunda elmi tədbir keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə elmin cəmiyyətdə daha geniş yayılmasının və elmi dünyagörüşünün formalaşdırılmasının əhəmiyyəti müzakirə edilib.
Tədbiri açan MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov çıxışında elmin populyarlaşdırılmasının cəmiyyətdə mühüm yer tutduğunu vurğulayıb. O, elmi mühitin inkişafı və elmin təbliği ilə bağlı Mingəçevir Dövlət Universitetində son illərdə həyata keçirilən işlərdən, nəşr olunan elmi jurnallardan və qarşıda duran məsələlərdən söz açıb.
UNEC-in Elm və İnnovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev də çıxış edərək, elmin populyarlaşdırılmasında və elmi biliklərin geniş yayılmasında ali təhsil ocağının qazandığı uğurları iştirakçılara təqdim edib.
Daha sonra “Elmin Populyarlaşdırılması Mərkəzi”nin rəhbəri Etibar Əliyev və Milli Elmlər Akademiyasının əməkdaşı akademik Adil Qəribov müvafiq mövzularda çıxışlar edərək, elmin cəmiyyətə inteqrasiyası və müasir dövrün elmi problemləri haqqında ətraflı məlumat veriblər.
Tədbirdə MDU ilə UNEC arasında birgə elmi əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətdə atılacaq addımlar müzakirə edilib.
Sonda iştirakçılar tərəfindən suallar cavablandırılıb və UNEC-li qonaqlar MDU kitabxanasına universitetin yeni nəşrlərini hədiyyə ediblər.