Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Coğrafiya İnstitutu tərəfindən ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarında elmi tədqiqatlar aparılıb. Əsas məqsəd işğal dövründə Qarabağ və Şərqi Zəngəzur regionlarında təbii və antropogen ekosistemlərdə baş verən dəyişiklikləri öyrənmək, həmçinin torpaq, süxur və bitki nümunələri əsasında ekogeokimyəvi şəraiti müəyyən etmək olub. Eyni zamanda, “Böyük Qayıdış” Proqramı çərçivəsində həyata keçirilən layihələrin mövcud ekosistemlərə və landşaft-ekoloji şəraitə uyğunluq dərəcəsi və onlarla qarşılıqlı əlaqəsinin tədqiqi öyrənilib və irimiqyaslı rəqəmsal xəritələr tərtib edilib.
Bu barədə Tehsil.biz-ə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov məlumat verib.
Coğrafiyaşünas alim “Qarabağ və Şərqi Zəngəzurun landşaft-ekoloji şəbəkə xəritəsi”nin tərtib olunduğunu diqqətə çatdırıb: “Hər hansı bir ərazidə planlaşdırma və layihələndirmə aparmamışdan əvvəl belə xəritələr tərtib olunmalıdır. Belə olmadıqda landşaftların texnogen yüklənməsi ekoloji normaları aşır, təbii və antropogen ekosistemlər arasında tarazlıq pozulur. Ekointeraktiv informasiya bazası olan bu tip xəritələrdən landşaft planlaşdırılması tədbirləri zamanı istifadə olunması vacibdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən iri infrastruktur, sosial-iqtisadi və ekoloji layihələrin dayanıqlığının təmin olunmasında, eləcə də təbii genofondun gələcək nəsillərə çatdırılmasında tərtib olunan xəritələrin rolu vardır. Bu tip xəritələr ekoloji ekspertizanın vacib elementi olmalıdır. Digər tərəfdən dəqiq məkan məlumatları zənginliyi ilə seçilir. Təqdim olunan xəritədə hazırda mühafizə olunan və yaradılması təklif olunan xüsusi mühafizə olunmalı ərazilər, təbii sistemin bütövlüyünü, tamlığın təmin edən ekoloji dəhlizlər, biomüxtəlifliyin mərkəzi olan ekosistemlər, zəif dayanıqlığa malik ekosistemlər, nadir və cəlbedici landşaftlar, təbiət abidələri və s. öz əksini tapmışdır”.
Aparılan çöl tədqiqatlarından danışan alim bildirib ki, ərazidə yol infrastruktur layihələrinin yerinə yetirilməsində yaşayış məntəqələrinin planlaşdırılmasında əhalinin məşğulluğunun təmin edilməsi prosesində ətraf landşaftla qarşılıqlı əlaqələrə kifayət qədər diqqət yetirilməyib: “Bu da gələcəkdə sürüşmə, uçqun, eroziya, sel, daşqın, səhralaşma və s. kimi landşaft-ekoloji risklərin aktivləşməsinə səbəb olacaq. Müxtəlif landşaft vahidlərindən götürülmüş torpaq, bitki süxur nümunələrinin analizi göstərir ki, bəzi landşaftlarda kimyəvi elementlərin paylanması orta klark göstəricisindən bir neçə dəfə çoxdur. Bu da həmin ərazilərdə geokimyəvi anomaliyaların olduğundan xəbər verir. İlkin olaraq belə geokimyəvi anomaliyaların səbəbi kimi hərbi-texnogen fəaliyyətin təsirinin olduğunu güman edirik. Bu il aparılacaq geokimyəvi tədqiqatları qeyd olunan istiqamətdə davam etdirmək nəzərdə tuturuq”.